Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 09:35

Özbəkistan Qaraqalpaqıstan milli hərəkatını 'gizli' məhkəmə qərarı ilə qadağan edibmiş


Özbəkistan və Qaraqalpaqıstan bayraqları
Özbəkistan və Qaraqalpaqıstan bayraqları

Özbəkistanın Ali Məhkəməsi “Alqa, Qaraqalpaqıstan” müxalifət hərəkatını “ekstremist” təşkilat kimi tanıyaraq onun ölkə ərazisindəki fəaliyyətini qadağan edib.

Bu barədə xəbəri AzadlıqRadiosunun Özbək xidməti Memorial insan haqları mərkəzinin Mərkəzi Asiya üzrə direktoru Vitali Ponomaryova istinadla verib.

Hərəkatın X platformasında verilmiş məlumatda deyilir ki, Özbəkistanda “gizli məhkəmə” “Qaraqalpaqıstan demokratik partiyasını” ekstremist təşkilat kimi qadağan edib.

Ponomaryovun sözlərinə görə məhkəmə bu barədə qərarı hələ fevralın 22-də veribmiş, amma bu haqda yalnız mayın sonunda fəal Paraxat Musapbarov barəsində hökm elan edilərkən məlum olub.

Məhkəmənin qərarında deyilir ki, fəal guya “ekstremist təşkilatda” iştirak edib.

Hökmü verən hakim Ali Məhkəmənin “Alqa, Qaraqalpaqıstan” təşkilatını qadağan edən qərarına istinad edib.

Ponomaryov deyib ki, beləliklə Musapbarov ehtimalən “Alqa, Qaraqalpaqıstan” təşkilatının barəsində belə bir ittiham verilən ilk fəalı sayıla bilər.

İnsan haqları müdafiəçisinin sözlərinə görə prokurorluq sübut kimi müttəhimin öz etirafını təqdim edib. Lakin fəal məhkəmə iclasında özünə qarşı ittihamı rədd edib.

Cinayət təqibi

Ponomaryov ehtiyat etdiyni bildirir ki, gələcəkdə “Alqa, Qaraqalpaqıstan” təşkilatı ilə əlaqəsi olan sosial media və pabliklərdə iştirak Özbəkistan hakimiyyəti tərəfindən “qadağan olunmuş təşkilatda iştirak” kimi qiymətləndirilə bilər. Belə şəxslərin cinayət təqibi mümkündür.

Özbəkistan insan haqları müdafiəçiləri narahatdırlar ki, məhkəmənin “gizli” qərarı Qaraqalpaqıstan fəalları barəsində açılan cinayət işlərinin artmasına səbəb olacaq.

2023-cü ilin mayında Qaraqalpaqıstan Respublikasının məhkəməsi “Alqa, Qaraqalpaqıstan” təşkilatının başçısı Aman Sagidullayevi Nukus şəhərindəki etirazlara görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edib.

Sagidullayevdən başqa Qazaxıstandakı qaraqalpaq diasporasının nümayəndəsi Niyetbay Urazbayev də qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət lideri Aman Sagidullayev Qaraqalpaqıstanın Özbəkistandan ayrılması üçün çıxış edir.

O Özbəkistan xüsusi xidmətlərinin təqibinə görə Qırğızıstana köçməyə məcbur olub.

Sagidullayev oğurlanaraq Özbəkistana ekstradisiya ediləcəyindən çəkinərək 2016-cı ildə Norveçdən sığınacaq alıb və indiyədək orada yaşayır.

Nukus etirazları

Qaraqalpaqıstanın paytaxtı Nukusda etirazlar 2023-cü il, iyulun 1-də Konstitusiyaya edilən dəyişiklik təklifinə görə başlanmışdı.

Belə ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevə aid təklif Qaraqalpaqıstanın suverenliyinə dair maddənin Əsas Qanundan çıxarılmasını nəzərdə tuturdu.

Lakin elə ertəsi gün, iyulun 2-də Mirziyoyev Nukusa gələrək Konstitusiya maddəsinin dəyişdirilməyəcəyini vəd etdi.

Bir neçə gündən sonra Özbəkistan parlamenti yeni Kontitusiyada Qaraqalpaqıstanın suverenliyinə dair maddənin saxlanması barədə qərar qəbul edib.

Özbəkistan Baş Prokurorluğunun məlumatına görə Qaraqalpaqıstan iğtişaşlarında azı 18 nəfər həlak olub.

Bundan başqa toqquşmalarda 243 nəfər xəsarət alıb. Onlardan 38-nin hüquq-mühafizə orqanlarının əməkdaşı olduğu bildirilir.

Hadisələr zamanı 516 etirazçı saxlanmışdı.

Qaraqalpaqıstan Muxtar Respublikası

Qaraqalpaqlar Mərkəzi Asiyanın türkdilli xalqlarından biridir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra ordan çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir.

Daşkənd məhz bu hüququn ləğv edilməsinə çalışırdı.

Qaraqalpaqıstanda Özbəkistanın 35 milyonluq əhalisinin 2 milyonu yaşasa da, o ərazisinə görə ölkənin üçdə birini təşkil edir.

XS
SM
MD
LG