Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:18

Qazaxıstan öz rəsmisinin Rusiyaya ixracın qadağanına dair dediklərini niyə təkzib edir?


Kayrat Torebayev
Kayrat Torebayev

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin oktyabrın 19-da yaydığı şərhdə deyilir ki, Astana Rusiyaya ixracata heç bir əlavə qadağan qoymayıb.

Nazirliyin məlumatında deyilir:

“Qazaxıstan və Rusiya arasında ticarət münasibətləri Avrasiya İqtisadi İttifaqı Müqaviləsinin müddəalarına uyğun şəkildə həyata keçirilir. Anti-Rusiya sanksiyaları ilə bağlı Rusiya Federasiyasına hər hansı malların ixracı qadağan olunmayıb”.

Nazirlik vurğulayır ki, nazir müavini Kayrat Torebayev ikili təyinatlı kateqoriyasına düşən mallardan danışıb və bu mallar üzərində 20 ildən artıq müddətdə mövcud olan ixrac nəzarəti ölkənin öz səlahiyyətlərinə daxildir.

Qazaxıstan mediası yazır ki, Rusiyaya Qazaxıstan və Türkiyə də daxil ona qonşu ölkələrdən müxtəlif malların ixracatı mövzusu Moskvaya qarşı sanksiyalar qoyulandan bəri dəfələrlə müzakirə olunub.

Qazaxıstanın ikibaşlı və ziddiyyətli mövqeyi

Aprel ayında Qazaxıstanda ölkəyə təkrar ixrac üçün idxal olunan malların onlayn izlənməsi sisteminin yaradılması barədə xəbərlər yayılmışdı. Amma bu barədə heç bir rəsmi açıqlama yox idi, xəbərləri isə adları çəkilməyən “yüksək vəzifəli məmurlara” istinadla yayırdılar.

Qazaxıstanın Kursiv saytı yazır ki, bu sistem işə salınandan sonra Rusiyaya qarşı sanksiyaların icrasına nəzarət edən Qərb məmurları Astanaya bir neçə səfər ediblər.

Aprel ayında ABŞ maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq, ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod və Britaniyanın sanksiyalar üzrə idarəsinin direktoru Deyvid Rid Qazaxıstana ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyinə dair xəbərdarlıq etmişdilər. Onlar vurğulamışdılar ki, söhbət iPhone və ya paltaryuyan maşınlardan yox, ikili təyinatlı mallardan – elektron sistemlərə daxil kompüter çiplərindən və elementlərindən gedir.

Bunun ardınca prezident Kasım-Jomart Tokayev də daxil Qazaxıstan rəsmiləri Astananın Moskva ilə ticarətinə heç bir məhdudiyyət qoyulmayacağını, amma ölkədən sanksiyalardan yan keçilməsi üçün istifadə imkanı verilməyəcəyini bəyan etmişdiər.

Nazir müavini nə demişdi

Qazaxıstan ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Moskvaya Ukraynaya qarşı təcavüzünə görə Qərb tərəfindən qoyulmuş sanksiyalara uyğun olaraq 106 adda məhsulun Rusiyaya ixrac edilməsinə qadağan qoyulduğunu deyib.

Nazir müavini bildirib ki, söhbət dronlar, xüsusi elektronika və çiplər də daxil hərbi təyinatlı mallardan gedir və onların Rusiyaya ixrac edilməsi tamamilə qadağan olunub.

Torebayev bildirib:

"Bu 106 adda mallar Qazaxıstanda istehsal olunmur və bundan əvvəl Qazaxıstandan Rusiyaya təkrar ixrac edilib. Qazaxıstana idxal davam edir, Qazaxıstandan ixrac isə yox. Bu mallar təkcə Qərbdə deyil, başqa ölkələrdə də istehsal olunur”.

Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin bundan əvvəl etiraf etmişdi ki, Qazaxıstandan Rusiyaya ikili təyinatlı mallar ixrac olunur.

Ukraynada vurulmuş texnikadan tapılanlar

O habelə qeyd etmişdi ki, ABŞ və Avropa İttifaqında sanksiyaların icrasına cavabdeh olan rəsmilər Qazaxıstan hökumətinə sanksiyalara daxil olan 7 min adda məhsulun siyahısını təqdim ediblər.

Nazirin sözlərinə görə bu, Rusiya və Qazaxıstan arasında bütün mal dövriyyəsini əhatə edir.

Məhz bu səbəbdən Qazaxıstan sanksiya siyahısına düşən, amma Qazaxıstandan Rusiyaya ixrac edilən malların siyahısının ixtisarını xahiş etmişdi.

Nəticədə təzələnmiş reyestrə Ukraynada vurulmuş Rusiya hərbi texnikasından tapılmış ikili təyinatlı mallar daxil edilib.

Jumanqarin bildirib ki, hazırda siyahıda 106 adda mal qalır və Qazaxıstan bu siyahı üzərində işləyir.

Nazir qeyd edib ki, belə malları Rusiyaya ixrac edən şirkətlər üzərində nəzarət gücləndirilib.

Tokayev əmin etmişdi ki...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sentyabr ayında Almaniyaya səfəri zamanı bəyan etmişdi ki, onun ölkəsi Rusiyaya qoyulmuş sanksiyalara tam əməl edəcək.

O Almaniya hökumətini əmin etmişdi ki, sanksiya rejiminin pozulmasına yönəlmiş addımların qarşısı qətiyyətlə alınacaq.

Ötən may ayında “Vajnıye istorii” saytı, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Təşkilatı (OCCRP) və Almaniyanın Der Spiegel jurnalının birgə təhqiqatının hesabatında deyilirdi ki, Rusiya sanksiyalardan yan keçməklə Ukrayna müharibəsi üçün çip və dronları Qazaxıstan vasitəsilə alır.

Qazaxıstan hökuməti bildirib ki, Rusiyaya hərbi təyinatlı malların ixracı 2022-ci ilin mayından dayandırılıb.

Bununla yanaşı Qazaxıstan XİN etiraf etmişdi ki, Rusiyaya təkrar ixracla özəl şirkətlər məşğul olur, amma hakimiyyət mümkün olduğu qədər bunun qarşısını almağa çalışır.

XS
SM
MD
LG