Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 09:39

Qazaxıstanda rus separatçılığına görə yenə məhkum edilənlər var


Ust-Kamenoqorsk şəhərində Qazaxıstanın müstəqilliyi abidəsi
Ust-Kamenoqorsk şəhərində Qazaxıstanın müstəqilliyi abidəsi

Qazaxıstanda 2-ci Ust-Kamenoqorsk məhkəməsi şəhərin iki sakinini Şərqi Qazaxıstan vilayətinin müstəqilliyinə çağırışlar etdiklərinə görə 5 il azadlıqdan məhrum edib.

Bu barədə məlumatı regional prokurorluğun mətbuat xidməti yayıb.

Hər iki müttəhim milli və sosial ixtilafı qızışdırmaqda təqsirli bilinib.

İstintaqın versiyasına görə onlar 2024-cü ilin fevralında Chatroulette sosial media platformasında Şərqi Qazaxıstan vilayətinin Qazaxıstan Respublikasından ayrılması məqsədilə referendumun keçirilməsinə dair fikir və ideyalar irəli sürüblər.

Prokurorluq bildirir ki, onlar referendumun keçirilməsi istiqamətində uğur əldə edə bilməyəcəkləri halda ərazinin zorla qəsb olunmasını təbliğ edirdilər.

Məhkəmədə kişi cinsindən olan hər iki müttəhim təqsirlərini tamamilə etiraf ediblər və peşman olduqlarını bildiriblər.

Rusiya rəsmilərin təhlükəli bəyanatları

Son zamanlar Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində separatçılıq ittihamı ilə məhkum edilənlərin sayı artır.

Ukraynada müharibə başlanandan bəri Qazaxıstanın hakimiyyət orqanları regiondakı separatçı əhval-ruhiyyələrə nəzarəti gücləndiriblər.

Bunun səbəblərindən biri də Rusiya məmur və rəsmilərinin Qazaxıstan ərazilərinin “qaytarılması” zərurətinə dair edilən bəyanatlarıdır.

2023-cü ilin iyununda Petropavlovsk məhkəməsi yerli sakin qadını üç il azadlıqdan məhrum etmişdi.

Qadın Rusiyadan olan həmsöhbətinə eyni sosial media platformasında Şimali Qazaxıstan vilayətini “Krım kimi” Rusiyaya birləşdirməyi xahiş etmişdi.

Həmin qadın da separatçılıq maddəsi ilə mühakimə olunmuşdu.

Elə həmin il Uralsk vilayətinin iki sakini – Denis RudnıxKristina Kolçenko separatçılığa görə həbsxana cəzalarına məhkum edilmişdilər.

Buna səbəb onların 2023-cü ilin fevralında Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsi idi.

Şərqi Qazaxıstan vilayəti
Şərqi Qazaxıstan vilayəti

Tarixi məlumat: Rusiya və sovet imperiyalarının tərkibində

XIX əsrdə Rusiya imperiyası Mərkəzi Asiya ərazisinin içərilərinə doğru genişlənməkdə davam edirdi.

Peterburq 1822-ci ildə buradakı xan hakimiyyətini ləğv etmişdi.

1837-1847-ci illərdə Kenesarı Kasımovun başçılığı altında xanlığın bərpa edilməsi üçün üsyan olub.

1890-cı illərdən başlayaraq Rusiya imperiyasından müasir Qazaxıstanın ərazisinə rus əhalisinin miqrasiya axınları güclənib.

Həmin vaxta qədər bu ərazidə çoxluq etnik qazaxlara məxsus idi.

1906-cı ildən Orenburqdan Daşkəndə dəmir yolunun çəkilməsi ilə bu əraziyə Rusiyadan miqrasiya daha da artıb.

Bütün 19-cu əsr ərzində Qazaxıstana 400 min etnik rus miqrasiya edib. 20-ci əsrin ilk 30 ilində bura 1 milyonadək slavyan, alman, yəhudi və başqa millətlərin nümayəndələri köçüb.

İstər Rusiya, istərsə də sovet imperiyası bu miqrasiya axınlarını dəstəkləyir və həvəsləndirirdi.

Ruslar qazaxları qırğız adlandırırdılar

1917-ci il fevral inqilabından sonra qazaxlar qısa müddət ərzində muxtariyyət dövrü yaşayıblar. O vaxtlar ruslar qazaxları qırğız adlandırırdılar.

1919-cu ildə Rusiya Sovet Sosialist Federativ Respublikası (RSSFR) tərkibində qırğız diyarı yaradılıb. 1920-ci ildə bu ərazi RSSFR tərkibində Qırğız Muxtar Sovet Sosialist Respublikasına çevrilib.

Müasir Qazaxıstanın bütün ərazisi Qırğız MSSR-in tərkibinə daxil idi, amma onun paytaxtı əksərən rusların yaşadığı Orenburq şəhəri sayılırdı. 1925-ci ildə Qırğız MSSR-in paytaxtı Ax Meşit (Ağ Məscid) şəhərinə keçirilib, Orenburq vilayəti isə muxtar respublikanın tərkibindən çıxarılıb.

1925-ci ildə Qırğız MSSR-n adı dəyişdirilərək Qazax MSSR edilib, Ax Meşit şəhəri isə Qızılorda adlandırılıb. 1927-ci ildən Qırğız MSSR-in paytaxtı Almatı şəhəri idi.

5 dekabr 1936-cı ildə Qazax MSSR RSSFR-in tərkibindən çıxarılaraq tamhüquqlu sovet respublikasına – Qazaxıstan SSR-ə çevrilib. Həmin vaxt Qırğızıstan da sovet sosialist respublikası elan edilib.

XS
SM
MD
LG