Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 22:01

Qeyri-neft-qaz ixracının azalma səbəbi: 'Elektrik enerjisi, qızıl...'


Azərbaycanın elektrik enerjisi ixracı altı dəfədən çox azalıb
Azərbaycanın elektrik enerjisi ixracı altı dəfədən çox azalıb

Son illər Azərbaycan hökumətinin rəsmiləri dəfələrlə bəyan edib ki, əsas məqsədlərdən biri ixrac məhsullarında qeyri-neft-qaz sektorunun həcmini artırmaqdır. İllərdir ixracın təqribən 90 faizi neftin, qazın payına düşür. Amma rəsmi statistikaya görə, bu vəziyyət pisləşməyə doğru davam etməkdədir.

Dövlət Statistik Komitəsinin məlumatına görə, ötən ilin ilk üç ayında Azərbaycan neftdənkənar sektordan 912 milyon dollar qazandığı halda, bu il həmin rəqəm 674 milyon dollara enib. Başqa sözlə, ölkənin qeyri-neft ixracı 26 faiz azalıb.

Məsələyə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb. Amma deputat Vüqar Bayramov da AzadlıqRadiosuna deyib ki, Azərbaycan üçün ümumi ixracatın strukturunun şaxələndirilməsi prioritet məsələlərdəndir: "Üç makroiqtisadi göstəricidə - Ümumi Daxili Məhsulda (ÜDM), ümumi ixracatda və büdcə gəlirlərində qeyri-neft sektorunun payının artırılması əsas hədəflər siyahısındadır. Təbii ki, ÜDM-də qeyri-neft sektorunun payının artmasını müşahidə edirik, eləcə də büdcə gəlirlərində - daxilolmaların təxminən yarısı qeyri-neft sektorunun payına düşür. Amma, təbii ki, ixracda qeyri-neft sektorunun payının artırılması vacib məqamlardandır".

Vüqar Bayramov
Vüqar Bayramov

Deputatın sadaladığı səbəblər...

Deputat 2024-cü ilin ilk aylarında qeyri-neft-qaz ixracatının azalmasını bir neçə səbəblə izah edir. Onun fikrincə, əvvəla, buna elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının azalması təsir göstərib: "Bu iki istiqamətdə azalma ümumi qeyri-neft ixracatının azalmasına gətirib çıxardır. Xüsusən də daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti, həmin ölkələrin milli valyutalarının məzənnələrindəki dəyişikliklər ixrac dövriyyəsinə təsir göstərir. Qlobal olaraq bütövlükdə regionda inflyasiya meyllərinin səngiməsini görürük ki, bu da dəyər ifadəsində qeyri-neft-qaz məhsullarına təsir edir".

V.Bayramov vurğulayıb ki, Azərbaycanın qeyri-neft ixracatının 55 faizi Rusiya və Türkiyənin payına düşür: "Ona görə qeyri-neft ixracatının həcminin artırılması prioritet olmaqla yanaşı, həm də ixrac bazarlarının şaxələndirilməsi çox vacibdir. Nəticə etibarı ilə ixrac bazarlarının şaxələndirilməsi yeni bazarlara, Avropa İttifaqı, Körfəz bazarlarına daha çox qeyri-neft məhsullarının ixrac edilməsidir".

Rəşad Həsənov
Rəşad Həsənov

Elektrik enerjisi ixracı altı dəfədən çox azalıb

İqtisadçı Rəşad Həsənov isə səbəblərə keçməzdən öncə bu məsələdə hesablama metodologiyasına toxunur. Onun fikrincə, bir sıra məhsullar neft və qazdan istehsal olunur, amma qeyri-neft statistikasına daxil edilir: "Məsələn, ötən ilin ilk iki ayında 225 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunmuşdu, bu da təxminən həmin dövrdə ixracın üçdə biri idi. Bu il isə müvafiq göstərici 6.5 dəfə azalıb, 225 milyondan 35 milyona düşüb, bu, kəskin azalma deməkdir. Yaxud xammalı neft olan polietilen - ixracda qeyri-neft məhsullarının statistikasına daxil edilib. 2024-cü ilin yanvar-fevral aylarında polietilen ixracı 42 faiz azalıb".

İqtisadçı deyir ki, azalmaya təsir göstərən amillərdən biri də mədən sənayesi ilə bağlıdır: "Qızıl ixracında da ötən ilin eyni dövrü ilə müqayisədə 55 faizdən artıq azalma qeydə alınıb".

Onun vurğulamasına görə, xarici investorların xüsusilə indiki şərtlər daxilində qeyri-resurs sahələrinə cəlb edilməsi olduqca vacibdir: "Qeyri-neft iqtisadiyyatının inkişafı, resurs asılılığının azaldılması, iqtisadiyyatın şəxaləndirilməsi və başqa istiqamətlərdə ciddi nəticələr mümkün olmur. Bunun da əsas səbəbi aydın mesajların verilməməsi, xarici investorlara münasibətdə konservativ yanaşmanın qorunması, köhnə oyun qaydaları ilə yeni iqtisadi platformalarda öz mövqeyini saxlama cəhdləri və fundamental islahatlara gedilməməsidir".

XS
SM
MD
LG