AzadlıqRadiosunun müxbiri Charles Recknagel yazır ki, Qırğızıstanda keçirilmiş parlament seçkisinin nəticələri bu ölkənin Moskvanın orbitinə nə dərəcə yaxın düşdüyünü nümayiş etdirib.
Oktyabrın 4-də parlamentə yenidən seçilmiş bütün siyasi patiyalar rusiyayönlüdür. Onlar hesab edirlər ki, Qırğızıstan iqtisadiyyatının ən yaxşı imkanları Moskva ilə yaxın bağlardan asılıdır. Belə görünür ki, seçicilər də bu fikirlə razılaşıblar.
Müxbir yazır ki, bu, Qırğızıstanı paradoksa çevirir: keçmiş Sovet İttifaqı məkanındakı yeganə demokratiya Rusiyanın ağuşuna qayıtmaq istəyir. Lakin Rusiyanın kölgəsində hər hansı demokratiya çiçəklənə bilərmi?
Qırğızıstan Rusiya cığırında
Artıq indinin özündə Qırğızıstan parlamenti Rusiyanın bəzi məhdudiyyətlərini tətbiq etməyə meylli görünür. Burada söhbət ilk növbədə xaricdən maliyyələşən QHT-lərə bir növ “xaricin casusları” kimi baxılmasından gedir. Eyni sözləri gey hüquqları kampaniyaçılarına qeyri-ənənəvi həyat tərzinin təbilağatının qadağanı barədə də söyləmək olar.
Əslində bu qanun layihələri ötən parlamentdən qalıb, lakin onların təzə parlamentdən keçəcəyi heç kimdə şübhə doğurmur.
Bişkekdəki Polis Asia analitik mərkəzinin direktoru Elmira Nogoibaeva AzadlıqRadiosunun Qırğız xidmətinə bildirib ki, “repressiv qanunlar yaradıcılığının davam edəcəyi gözlənilir”.
Təhlilçi deyib ki, məsələ bununla bitməyəcək, yeni repressiv siyasətlər ümumi qanunvericiliyə, media qanunlarına şamil olunacaq.
O xatırladır ki, belə siyasət keçmişlərdə Qırğıstanda xoşagəlməz nəticələrə səbəb olub.
Manas ağasını dəyişir
Rusiyanın Qırğızıstandakı nüfuzu prezident Almazbek Atambayev ötən il Manasdakı ABŞ bazasını ləğv etmək barədə hələ 2011-ci ildə Vladimir Putinə verdiyi vədi yerinə yetirəndən bəri güclənməyə başlayıb.
2017-ci ildən növbəti 15 il üçün Manas bazasının yeni sakini ruslar olacaqlar
Bu bazanın lisenziya müddəti 2014-cü ildə bitirdi. 2017-ci ildən növbəti 15 il üçün bazanın yeni sakini ruslar olacaqlar. Bunun müqabilində Moskva Qırğızıstanın 500 milyon dollarlıq borcunu siləcək.
Manasdakı ABŞ bazasının ləğvi Qırğızıstanla Rusiya arasında istiləşən münasibətlərin yeganə göstəricisi deyil.
İyun ayında ABŞ nüfuzlu insan haqları mükafatını məhbus qırğız fəalına verəndən az sonra, Bişkek ABŞ-la 1993-cü ildən qüvvədə olan əməkdaşlıq müqaviləsini də dayandırıb.
Avqust ayında isə Bişkek Rusiyanın Avrasiya İttifaqına daxil olmaqla özünü tamamilə Moskvaya bağlayıb.
Rusiya – seçimsizlikdə seçim
Lakin bir çox analitiklərin fikrincə, Bişkekin Rusiya ilə getdikcə artan yaxınlaşması coğrafi mənada təəccüblü deyildir.
5,5 milyon əhalisi olan yoxsul ölkə Mərkəzi Asiyanın şərq bucağında yerləşir və onun bazarları tamamilə Rusiyaya bağldır.
Yüz minlərlə qırğız iqtisadi miqrant kimi Rusiyada çalışıb qazandığını evə göndərir.
Moskvanın demokratiyalarla iş təcrübəsi yoxdur. Onunku daha çox avtoritarlarla tutur
Budapeştdəki Mərkəzi Avropa Universitetinin professoru Matteo Fumagalli deyir ki, hətta başqa bir böyük qonşusu olan Çin də Qırğızıstana elə bir maraq göstərmir. Belə olan şəraitdə Rusiya seçimlər qıtlığında ən yaxşı seçimə çevrilir.
Qırğızıstanın kənd təsərrüfatı məhsulları üçün də yeganə bazar elə Rusiyadır. Bəzi məlumatlara görə Moskva Qırğızıstana Avrasiya İttifaqına giriş paketi kimi 1, 2 milyard dollar vəd edib.
Professor Fumagalli bu qənaətdədir ki, bütün bunların müqabilində Qərb Qırğızıstana elə də çox təkliflər verməyib.
Digər tərəfdən, Rusiya ilə ittifaqda Qırğızıstan üçün böyük təhlükə var. Moskvanın demokratiyalarla iş təcrübəsi yoxdur. Onunku daha çox avtoritarlarla tutur. Bu mənada gözləmək olar ki, bir müddətdən sonra Rusiya Qırğızıstanın onun öz siyasi dəyərlərini qəbul etməsi üçün Bişkek üzərində təzyiqlərini artıracaq.