Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:29

Daha bir prezident ‘şəfalı bitkilərdən’ danışıb


Prezident Emomali Rahmon və oğlu qoruyucu maskada
Prezident Emomali Rahmon və oğlu qoruyucu maskada

Tacikistan prezidenti Emomali Rahmon tibb işçiləri ilə görüş keçirib. O bu tədbirdə ilk dəfə olaraq maskada görünüb və koronavirusla bağlı görüləcək tədbirlərdən danışıb.

Lakin bu görüş barədə yazan Xovar agentliyi onun harada keçirildiyi barədə məlumat vermir.

Rahmon həkimlərə “əhali arasında maarifləndirici söhbətlər” aparmağı, koronavirus, ondan necə qorunmaq barədə məlumat verməyi tapşırıb.

Tacikistan prezidenti görüş zamanı deyib ki, dünya təcrübəsinə görə indiyədək koronavirus epidemiyasının qarşısını alacaq effektiv yol tapılmayıb.

Onin sözlərinə görə yeganə yol ictimaiyyətin fərdi gigiyena qaydalarına əməl etməsidir:

"Bir də vurğulayıram, hər bir kəs, qoca və ya cavan, işdə və ictimai yerlərdə, evdə və küçədə fərdi gigiyena qaydalarına əməl etməlidir. İnanıram ki, ölkə vətəndaşları öz sağlamlıqlarını, ailə üzvlərinin, həmvətənlərinin sağlamlığını qorumaq üçün səy göstərəcəklər. Belə olarsa, biz koronavirusdan mümkün qədər tez xilas ola bilərik”.

Tacikistan üç həftədə lider olub

Tacikistan hakimiyyəti az qala ayyarım müddətində ölkədə koronavirus yoluxmaları və ondan ölənlərin olmasını israrla inkar edirdi.

Bütün mart-aprel ayları ərzində ölkə məktəbləri bağlanmamışdı, hətta milli futbol çempionatının oyunları keçirilirdi.

Taciksitan ölkədə koronavirusa 15 yoluxmanın olmasını yalnız aprelin 30-da, ölkəyə Dünya Səhiyyə Təşklilatı (DST) nümayəndə heyətinin gəlişinə bir gün qalmış etiraf etmişdi.

Amma indi hakimiyyət belə görünür ki, COVID-19 epidemiyası ilə bağlı belə vəziyyətin yaranmasına görə həkimləri günahlandırmaq fikrindədir.

Tacikistanda koronavirus epidemiyasının olması üç həftə bundan əvvəl etiraf edilib, amma ölkə artıq yoluxanların sayına görə Mərkəzi Asiya qonşularını geridə buraxıb.

Mayın 20-ə olan məlumata görə indiyədək bu ölkədə koronavirusa 2140 yoluxma, 41 ölüm qeydə alınıb.

Daha 3500-dək tacikistanlı koronavirus şübhəlisi kimi karantindədir.

“Vətənpərvər və səxavətli biznesmenlər”

Eyni zamanda Tacikistan xəstəxanalarının pnevmoniya xəstələri ilə dolu olduğu xəbər verilir.

Bir çoxlarına diaqnoz olaraq koronavirus yox, pnevmoniya yazılır. Halbuki pnevmoniyanı törədən səbəblərin hazırda ən əsası elə koronavirusdur.

Rahmon həkimlərlə görüşdə, xəstəxanaların, poliklinikaların, sağlamlıq mərkəzlərinin dərman preparatları, müasir avadanlıq və ərzaqla fasiləsiz təmin olunacağlını deyib.

O bildirib ki, bu məqsədlə Səhiyyə Nazirliyinə 29 milyon somoni (2.8 milyon dollar) ayrılıb.

Prezident ümid etdiyini bildirib ki, “vətənpərvər və səxavətli sahibkarlar” yeni xəstəxanaların tikintisində dəstək olacaqlar.

Rahmon bunu da deyib ki, ölkədə maskaların, qoruyucu geyimlərin və tibb avadanlığının istehsalı təşkil olunacaq.

Prezidentin sözlərinə görə ölkədə habelə şəfalı bitkilərdən dərman hazırlanmasına başlanacaq.

O hansı bitkiləri nəzərdə tutduğunu açıqlamayıb.

Qonşu Türkmənistanda koronavirusun mövcudluğunu inkar edən prezident Berdymukhammedov da evlərin, məktəb və müəssislələrin üzərlik tüstüsünə verilməsini əmr etmişdi.

XS
SM
MD
LG