Keçid linkləri

2025, 10 Yanvar, Cümə, Bakı vaxtı 08:29

İctimai fəala 6 il 6 ay həbs kəsildi: 'Beləcə, növbəti insan taleyi məhv edilir'


Rail Abbasov
Rail Abbasov

İctimai fəal Rail Abbasova 6 il 6 ay həbs cəzası kəsilib. Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Daşınmaz əmlak alqı-satqısıyla məşğul olan R.Abbasov Əsgər Həziyev adlı şəxsə mənzil satmaq adıyla 217 min manat almaqda suçlanır.

R.Abbasov özünü təqsirli bilmir və həbsdə olan dostu, başqa bir ictimai fəal "Bəxtiyar Hacıyevin girovu" sayır. O, yanvarın 9-da hökmöncəsi son sözündə də vurğulayıb ki, nə Ə.Həziyev zərərçəkmişdir, nə də ondan pul alıb. R.Abbasovun sözlərinə görə, bu cinayət işi həbs olunması üçün quraşdırılıb, Ə.Həziyev də üzərinə düşən rolu yerinə yetirib.

R.Abbasov son sözündə vurğulayıb ki, Ə.Həziyev ona müraciət edərək mənzil almaq istədiyini bildirib. Onunla görüş zamanı sellofan torbada, şirinlik olaraq, şokolad gətirdiyini deyib: "Məhkəməyə təqdim etdiyimiz videodan da görünür ki, o sellofanın içindəki şokolad qutularıdır. Onun dediyi dörd paçka pul o boyda ola bilməzdi...".

"Əfsuslar ki, bu hal mənim ölkəmdə acı gerçəkdir"

İctimai fəal zərərçəkmiş qismində tanınan Ə.Həziyevin çoxsaylı yalanlarının məhkəmə prosesi boyunca üzə çıxdığını söyləyib. Onun sözlərinə görə, normal məhkəmə sistemi olan dövlətlərdə belə yalan ifadələrə görə cəza verilsə də, öz məhkəməsində həmin şəxsin cəzalandırılacağını gözləmir: "Belələrindən günahsız adamları şərləmək üçün istifadə olunur. Əfsuslar ki, bu hal mənim ölkəmdə acı gerçəkdir. Etmədiyim bir cinayətə görə rahatlıqla şərlənib uzunmüddətli həbsə göndərildiyim halda, yalançı saxtakara yaşıl işıq yandırılır. Beləcə, növbəti insan taleyi məhv edilir".

Hökmdən sonra R.Abbasovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna müvəkkili haqqında çıxarılmış hökmün əsassız olduğunu bildirib. Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini vurğulayıb.

Xatırlatma

R.Abbasov 2023-cü il sentyabrın 19-da Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanaraq həbs edilib. Cinayət işinin materiallarında iddia edilir ki, daşınmaz əmlak alqı-satqısıyla məşğul olan R.Abbasov ev almaq istəyən Ə.Həziyevi aldadıb. İttihama görə, Ə.Həziyev R.Abbasova 217 min manat versə də, nə ev ala bilib, nə də pulu geri qaytarılıb.

R.Abbasov bunu yalan sayıb, ona pul verilmədiyini söyləyib: "Notarial qaydada alqı-satqı prosesi oldu, evin pulu da bank vasitəsilə satıcıya köçürüldü. Bundan sonra məni restorana dəvət etdi ki, "gəl bir çörək kəsək". Restoranda mənə klyok verdi, dedi ki, "evə görə şirinlikdir, şokolad gətirmişəm". Mən də açıb içinə baxdım, gördüm ki, həqiqətən şokoladlardır. Amma polisə şikayət edib ki, guya mənə verdiyi klyokda 217 min pul olub. Niyə birinci dəfə bankla köçürdü, ikinci dəfə mülk sahibini, bankı qoyub maklerə verirdi o pulu?".

Bəxtiyar Hacıyevsə 2022-ci il dekabrın 9-dan həbsdədir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun da mühakiməsi davam edir. Prokuror onun 11 il azadlıqdan məhrum edilməsini istəyib.

XS
SM
MD
LG