İki il qabaq Bakıda «Xaliq Faiqoğlu» şirkətinin rəhbəri Faiq Seyidovla şəriki Azadxan Xanməmmədov arasında böyük qalmaqal olmuşdu. «Xaliq Faiqoğlu» 65, 18, 61, 79, 18 və xeyli başqa marşrut xətlərinin sahibidir. O zaman Bakıda çoxmərtəbəli binaların tikintisi və başqa işlərlə məşğul olan işadamı A.Xanməmmədov «Riyad» mühafizə xidmətinin əməkdaşları ilə birlikdə F.Seyidovun obyektlərinə hücuma görə həbs olundu. Xuliqanlıqda suçlu bilinib 3 il həbs cəzası alan A.Xanməmmədov vaxtından əvvəl azadlığa buraxılsa da, indi adı başqa bir qalmaqalda hallanır. İddia olunur ki, onun azadlığa buraxılmasından ötrü oğlanları 107 min manat pul veriblər. Ancaq vəd verən adamlar nə A.Xanməmmədovu azadlığa buraxdırıblar, nə də pulu geri qaytarıblar.
107 min manatlıq dələduzluq işinə görə iki nəfər məhkəmə qarşısına çıxarılıb - İlqar Məmmədov və Fərid Məmmədli. Onlar ata-oğuldurlar. İ.Məmmədli bir neçə ildir ki, başqa bir əmələ görə həbsdədir. O, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığı vaxt A.Xanməmmədovla tanış olub.
Dələduzluqla bağlı cinayət işində zərərçəkən kimi Tural Xanməmmədov tanınıb. O, işadamının oğludur.
«Pul problemlərə görə verilib»
Atasının həbsdən buraxılması üçün 107 min manat verdiklərini deyən T.Xanməmmədov bu məbləğlə kifayətlənmir. O, 107 mindən əlavə, mənəvi ziyana görə 50 min, verdikləri pulun faizi olaraq 17 min 800, bir də əldən çıxmış fayda kimi 21 min manat pul tələb edir. Məhkəmədə də bununla bağlı mülki iddia qaldırıb.
Təqsirləndirilən şəxslərdən F.Məmmədli həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Ancaq Tural onun da həbs olunmasını istəyir, vəkili də məhkəmədə bu barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
«Fərid qardaşımın dostu olub, 3 il əvvəl çayxanada tanış olublar. Bu işi atası ilə birlikdə eləyiblər. Demişdilər ki, hörmətli akademikimiz Ramiz Mehdiyevlə qohumdurlar. Onun vasitəsilə atamın çıxmasına kömək eləyə bilərlər. Həm də atamın işində qarşı tərəflə barışıq lazım idi ki, şikayətçi olmasın. Bu işi də öz öhdələrinə götürmüşdülər. Lap birinci dəfə məktub üçün 3 min manat verdik. Həmin məktub Ramiz Mehdiyevə göndərilməliydi. Atamın işi haqqında idi», – T.Xanməmmədov ifadəsində belə deyib.
Ancaq İlqar və Fərid Məmmədlilər özlərini təqsirli bilmirlər. İ.Məmmədli təsdiqləyir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində A.Xanməmmədov və oğlanları dəfələrlə ona pul verib, evinə, özünə bazarlıq eləyib gətiriblər. Amma deyir ki, o pullar hansısa vədinə görə yox, xeyirxahlıq məqsədilə, yardım kimi verilib: «Azadxan tək mənə verməyib ki. Pulu var idi, verirdi, çox idi, mənə də kömək edirdi. Türmə şəraiti başqa olur. Azadxanın 50 cür problemi var idi. Problemlərə görə verilib».
3 aya 79 min manatlıq yardım
İ.Məmmədli etiraf edir ki, Xanməmmədovlar təxminən 3 ay ərzində ona 79 min manatlıq yardım ediblər. Amma aralarında narazılıq yaranandan sonra onun 23 mini qaytarılıb: «Mənə verilən puldan 20 mini Faiqlə barışıq üçün idi. Müalicə Müəssisəsində olanda bu məsələdən söz düşdü, bildi ki, tanışlığımız var, xahiş elədi ki, barışıq üçün kömək edim. Mən söz verməmişdim, demişdim ki, maraqlanaram. Mən də Təhməz vasitəsilə maraqlandım, məlum oldu ki, aralarında marşrut xətti ilə bağlı problem var. Faiq deyib ki, o xətti mənə verməsə, bağışlamayacağam. Oğlu Araz yanıma gələndə də ona dedim ki, Faiqgilin əlindən aldığınız marşrut xəttini qaytarmalısınız özünə. Azadxanın tutulmasının kökündəki səbəb də bu idi».
İ.Məmmədlinin sözlərinə görə, haqqında danışdığı Təhməz adlı şəxs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin köməkçisi, eyni zamanda, Mühafizə Xidmətinin rəhbəridir.
O, zərərçəkənin bəhs etdiyi məktubdan da danışıb: «Bunlar bir neçə adama məktub vermişdilər. Məktub Ramiz müəllimə ünvanlanmışdı. Məktubu açanda gördük ki, başdan ayağa Təhməz haqqındadır».
İ.Məmmədli deyir ki, oğlu Fəridin bu işlərdə heç bir günahı yoxdur. Sadəcə, qarşı tərəf qisas almaq üçün oğlunu da həbs etdirmək istəyir.
Bu işlə bağlı araşdırmalar davam edir.
İlqar və Fərid Məmmədlilər CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.