Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:32

'Dedi ki, cinlər xarici pulları, dolları yaxşı tanıyır...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

«Məni elə ələ almışdılar ki, özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərfləri ilə nələrsə yazırdılar. Tamamilə bu adamlara tabe olmuşdum. Nə istəyirdilər, onu da eləyirdim. Evdə nəyim var, hamısını yığıb verirdim onlara. Bir ilə yaxın müddətdə məni soyub soğana döndərdilər», – bunları deyən Bakı sakini Rübabə Ağayevadır. Haqqında danışdığı adamlar isə falçılıqla məşğul olan ana bala - Lalə İbrahimova və oğlu, «cindar Hüseyn» kimi tanınan 25-yaşlı Hüseyn Əlizadədir.

Hüseyn və anası fala baxmaq, cadu çıxarmaq adıyla qızıl alıb pulunu ödəməməklə adamları aldatmaqda suçlanaraq həbs olunublar. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. R.Ağayeva da zərərçəkənlərdən biridir.

«Deyirdi ki, göbək, başqa şeylər almaq üçün lazımdır»

Bu işdəki 13 zərərçəkənə ümumilikdə təxminən 600 min manat ziyan dəydiyi iddia olunur. İttihamda yazılıb ki, təkcə R.Ağayeva cadu çıxarmaq, mal-mülkü təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar, 15 min funt-sterlinq. Qızılların çəkisi isə təxminən 600 qram olub.

«Məni inandırmışdı ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Guya ağırlıq vardı. Hissə-hissə verirdim, manat qurtaranda dedim ki, başqa pul olar? Dedi ki, xarici pul lap yaxşıdır, cinlər bizim puldansa, xarici pulları, dolları yaxşı tanıyır, daha rahat təmizləyir. Pulların bir hissəsini təmizləmək üçün vermişəm, bir hissəsini isə caduları çıxarmaq üçün alıb. Deyirdi ki, göbək, başqa şeylər almaq üçün lazımdır. Axırda da dedi ki, guya həyətimdə küp var, onu tapandan sonra məndən aldıqlarını qaytaracaq», – R.Ağayeva mayın 20-də məhkəmədə zərərçəkən kimi ifadə verərkən danışıb.

Yetkinlik yaşına çatmış övladlarının, nəvəsinin olduğunu deyən zərərçəkən bildirir ki, bütün bunları həyat yoldaşından gizli edib. Günlərin birində həyat yoldaşı ev almaq üçün pulları götürmək istəyəndə bilib ki, yoxdur. Ondan sonra olanları ona danışıb: «Günahkaram, bu adamlara inanmışam. Məni qorxudurdular ki, filan şeyi eləməsən, nəvən, oğlun ölə bilər. Elə vəziyyətdə idim ki, canımı istəsəydilər, canımı da verərdim».

«Gəldilər ki, guya həyətdən qalan caduları çıxarsınlar»

R.Ağayeva «cindar Hüseyn» və anası ilə necə tanış olmalarından da danışıb. Deyir ki, evlərini təmir edən ustalar həyətdən bir bükülüdə nələrsə tapıb. Bundan sonra xalası qızı ilə birlikdə fala baxdırmaq, tapılan bükülünün nədən ibarət olduğunu anlamaq üçün Hüseyn Əlizadənin yanına gedib: «Anasını sonradan tanıdım. Lap birinci dəfə məndən 1500 manat, sonra da 2000 aldılar. Gəldilər ki, guya həyətdən qalan caduları çıxarsınlar. Sonra məni bir yerə aparıb oranı qazdırdılar, mən qazdığım yerdən heç nə çıxmadı. Qazıyıb kənara atdığım torpaqdan nələrsə tapdılar. İnanırdım da...».

R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı bir şirkətin audit departamentinin rəhbəridir.

Təqsirləndirilən ana və oğlu ifadə verməsələr də, vəkilləri və özlərinin zərərçəkənlə sual-cavabında onun dediklərinin yalan olduğunu bildiriblər. Onların sözlərinə görə, əksinə, R.Ağayeva qızıl aldığına görə onlara borclu olub, hətta dəfələrlə L.İbrahimova ona zəng edib, pulunu istəyib.

R.Ağayeva isə deyir ki, yalandır, onlardan 1 qram da qızıl almayıb: «Mənə demişdilər ki, telefonda cadu, fal söhbətləri eləməyim. Bir də deyirdilər ki, onlara heç kim bata bilməz, arxalarında «brilyant Cəfər» dayanır».

Təqsirləndirilən şəxslər Mərkəzi Univermaqda həm də qızıl satışıyla məşğul olublar.

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

L.İbrahimovaH.Əlizadə CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG