Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:49

'Deməli, Hacıbala Abutalıbov düz işləməyib...'


Hacıbala Abutalıbov: "Gəlin sürüşən binanın üstündə oturaq"
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Hacıbala Abutalıbov: "Gəlin sürüşən binanın üstündə oturaq" (Video arxiv. 2013)

"FF-2011" tikinti şirkətinin rəhbəri Tamilla İbrahimova deyir ki, paytaxtın mərkəzində təxminən 10 il öncə milyonlarla pul xərcləyib, aldığı torpaq sahəsini indi onun özünün əlindən almaq istəyirlər. Ona görə də illərdir həmin ərazidə tikinti işini saxlatdırıb davam etməyə imkan vermirlər.

"Adam hər şeyi burada deyə bilmir"

"Adam hər şeyi burada deyə bilmir. Söhbət budur ki, torpağı qoyub getməlisən...", – İbrahimova oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib.

O, həmin ərazidə - Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi-141 ünvanındakı binanın tarixi-memarlıq abidəsi olmasına baxmayaraq, sökülməsi və yerində çoxmərtəbəli bina tikintisi üçün "FF-2011" şirkətinə icazə verməkdə suçlanan Rasim Quliyevin məhkəməsində dindirilib.

Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb, son 8 ildə bu qurumun Aparat rəhbəri olub. 2018-ci ilin mayında – Hacıbala Abutalıbov baş nazirin müavini təyin ediləndən bir ay sonra sözügedən sərəncamı müavin vəzifəsini müvəqqəti icra edən şəxs qismində imzalayıb.

İllərdir kirayə pulu ödəyir...

Şirkətin rəhbəri isə deyir ki, onun heç həmin sərəncama ehtiyacı yox idi, çünki Dilarə Əliyeva, Mirzağa Əliyev, Topçubaşov və Mirzə İbrahimov küçələrinin arasında yerləşən kvartaldakı köhnə evlərin sökülməsi, yerində 4-bloklu yeni binanın tikilməsi üçün hələ 2013-cü ildə ona sərəncam verilmişdi. Həmin sərəncamı alandan sonra ərazidəki sakinləri köçürməyə başlayıb. Yeni tikiləcək binadan mənzil almaq istəyənlərə isə illərdir kirayə pulu ödəyir: "Mən tikinti işlərinə başlamışdım, bir müddət sonra gəldilər ki, hələlik saxla. Heç özüm də bilmirdim ki, nə məsələdir, niyə saxlatdırırlar. Əlimdə bütün sənədlər vardı. Amma zənglər gəlirdi ki, "o ərazini bizə təklif ediblər", soruşurdular ki, "ora satılır". Özüm də təəccüblənirdim ki, bu necə ola bilər? 300 min dollarlıq armaturumuzu apardılar. İllərdir bu problemlə əlləşirəm. Bir müddət əvvəl dövlət məmurlarından biri mənə dedi ki, sənədlərində səhv yoxdur, sadəcə, günahın odur ki, gedib o yerə girmisən...".

İşlər yarımçıq dayandırılıb

Sahibkarın sözlərinə görə, sakinlərin köçürülməsi, söküntü işləri və s. üçün banklardan milyonlarla kredit götürüb. Düşünüb ki, binanı tikib, mənzilləri satıb qaytaracaq. Amma işlər yarımçıq dayandırıldığına görə kreditləri ödəyə bilməyib. Nəticədə girov qoyduğu mənzillər və başqa əmlaklar bankın mülkiyyətinə keçib.

İbrahimova deyir ki, Dilarə Əliyeva-145 ünvanında yaşayan iki ailədən biri Qaradağ rayon Məhkəməsinin hakiminin atası idi. Binanın tarixi-mədəniyyət abidəsi olduğunu eşidəndə hakimlə danışıb, irad tutub ki, bilirdisə, niyə bunu vaxtında ona deməyib: "Cavab verdi ki, mən niyə deməliydim? Bakı şəhər İcra Hakimiyyəti deməliydi. İndi fəxrlə deyirlər ki, 126 tikinti şirkətinin işini Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə vermişik. Tikinti şirkətlərinin hamısı korrupsioner deyil ki. Deməli, Hacıbala Abutalıbov düz işləməyib...".

Eldar Əzizovu məhkəməyə verib

Sahibkar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu məhkəməyə verib. İbrahimova bunu tikinti şirkətlərinə çox ciddi problemlərin yaradılması ilə izah edib. Onun sözlərinə görə, bu səbəbdən son dövrlərdə şirkətlər yeni binaların inşasından çəkinirlər.

İbrahimova əlavə edib ki, Nəsimi rayonu ərazisində evlərin bir hissəsi söküldüyünə görə qalan sakinlərin də vəziyyəti pisləşib. Soyuq havalarda, xüsusən yağış yağanda onlar kəskin problemlərlə qarşılaşırlar. İşadamı deyir ki, özünün çəkdiyi xərclərlə yanaşı, sakinlərin də durumunu nəzərə alaraq layihəni dəyişməyə, mərtəbələrin sayını azaltmağa da razılaşıb, amma xeyri olmayıb: "İstəyir, Hacıbala Abutalıbov qol çəksin, istəyir, Eldar Əzizov, mənim nə günahım var? Bir qələt eləyib, orada tikmək istədim. Ya deyərdilər ki, "tik", ya da deyərdilər ki, "öl". Eldar Əzizova deyirəm ki, yağış yağanda adamların başına damır, suyun içində qalırlar. Deyir ki, mənim səlahiyyətim yoxdur, Şəhərsalma və Arxitektura Komitəsi nə deyir, onu eləyirəm".

Xatırlatma

2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olan Rasim Quliyev Eldar Əzizovun başçı təyin edilməsindən az sonra oradan uzaqlaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Quliyev özünü təqsirli bilmir. O deyir ki, Hacıbala Abutalıbov baş nazirin müavini təyin ediləndə Prezident Administrasiyasının razılığı olmadan ona icra başçısının müavini səlahiyyətlərini həvalə edib. O isə razılıq olmadığını sonradan bilib. Ona görə də həmin statusda imzaladığı sərəncamın hüquqi qüvvəsi yoxdur. Dilarə Əliyeva-141 ünvanı ilə bağlı məsələyə gəlincə, Rasim Quliyev qeyd edib ki, bu məsələ ilə bağlı bütün qurumların razılığı vardı, o, sənədi formal imzalayıb.

XS
SM
MD
LG