Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 21:14

Rəsul Cəfərov: «Bu, mənə qarşı qərəzdən irəli gəlir»


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

«Rəsul Cəfərovun əməlində cinayət tərkibi yoxdur. Apellyasiya baxışı ərəfəsində onun üzərinə qoyulmuş vergi borcunu ödəməsi də o anlama gəlməməlidir ki, ittihamı qəbul edir. Rəsul Cəfərovun bu addımı, sadəcə, barışıq əlini uzatmaq idi».

Bunu fevralın 16-da Ali Məhkəmədə hüquq müdafiəçisi Rəsul Cəfərovun kassasiya şikayətinə baxılarkən vəkili Fariz Namazlı dedi.

«BİLET PULLARI DA QRANT VƏSAİTİ KİMİ HESABLANIB»

Vəkil bildirdi ki, Rəsul Cəfərova qarşı ittihamların qanunsuz və saxta olması iş materialları ilə də sübut olunur. Rəsul Cəfərova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu deyən vəkil müdafiə tərəfinin iş üçün əhəmiyyətli olan vəsatətlərinin hamısının müxtəlif bəhanələrlə rədd edildiyini bildirdi:

«Bəzi ölkələrə gediş-gəliş üçün köçürülmüş bilet pulları, başqa adama göndərilmiş ianələr, mükafatlar da qrant vəsaiti kimi qiymətləndirilib, vergi hesablanıb. Bunun əksini sübut edən sənədləri məhkəməyə təqdim etmişik, amma nəzərə alınmayıb. Və yaxud qeydiyyatdan keçməyən QHT-nin fəaliyyəti qanunsuz hesab olunub. Halbuki, Azərbaycan hökuməti «İsmayılova Azərbaycana qarşı» işində yazır ki, Azərbaycanda qeydiyyatdan keçməmiş QHT-lər də fəaliyyət göstərə bilər. Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də bildirmişdi. Azərbaycanda alternativ ekspertiza keçirmək imkanımız olmadığından Polşada imzaları ekspertizadan keçirtdik. Məhkəmə bu nəticəni də qəbul eləmədi. İş üzrə zərərçəkmişlər də bildirir ki, onlara veriləsi pulu özləri alıblar, imzalar da onlara məxsusdur. Amma təəssüf ki, məhkəmə bütün bunları nəzərə almadı».

Vəkil çıxışının sonunda Rəsul Cəfərovun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istədi.

«MƏNİMSƏMƏ OLMAYIB»

Məhkəmədə Rəsul Cəfərov özü də çıxış etdi:

«Mən donor təşkilatların pulunu mənimsəməkdə ittiham olunuram. O təşkilatların da işin içində məktubları var ki, mənimsəmə olmayıb, bizim narazılığımız yoxdur. Bu, mənə qarşı qərəzli münasibətdən irəli gəlir. Mən özüm hüquqşünasam, həmişə də qanunun aliliyinin bərqərar olmasına çalışmışam. Heç bir qanunu da pozmamışam. Mən bu işə də hüquqi prizmadan yanaşmağa çalışdım. Təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsi, Apellyasiya Məhkəməsi bu işə məndən daha çox siyasi yanaşdı. O məhkəmələrin qərarları ləğv olunmalı və mənə münasibətdə ədalətli qərar çıxarılmalıdır».

Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan etdi.

Rəsul Cəfərov 2014-cu il avqustun 2-də həbs olunub. Hüquq müdafiəçisi mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və s. ittihamlarla 6 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan apellyasiya instansiyasında verginin ödənildiyi əsasıyla cəza 3 ay azaldılıb. Rəsul Cəfərov ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduğunu bildirir. «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı onu «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG