Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:30

Rusiyaya sanksiyalar Azərbaycanda yoxsullaşma təhlükəsi yaradır


Rusiya və Ukraynada işləyənlərin Azərbaycana göndərdikləri pullar kəsilir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Rusiya və Ukraynada işləyənlərin Azərbaycana göndərdikləri pullar kəsilir

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hər il Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin 55 faizi Rusiyanın payına düşür

Dünya Bankı bildirir ki, Rusiyadan post-sovet ölkələrinə, o cümlədən Azərbaycana pul köçürmələri 2022-ci il ərzində azalacaq, buna səbəb Qərbin Rusiyaya qoyduğu sanksiyalara görə Rusiya iqtisadiyyatının zəifləməsi olacaq, belə ki, rubl il boyu ucuzlaşmaqda davam edəcək.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hər il Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin 55 faizi Rusiyanın payına düşür - Keçən il bu rəqəm təqribən 620 milyon dollar və ya 1 milyard manat olub.

Bakıda yerləşən araşdırma mərkəzi Sosial və İqtisadi İnkişaf Mərkəzinin açıqlamasına görə, bu rəqəm yalnız bank köçürmələridir və qeyri-rəsmi - məsələn, qohum-tanışlar və ya digər mobil tətbiqlər vasitəsilə göndərilmələri əks etdirmir və reallıqda bu rəqəm beş dəfə çox - təxminən 5 milyard manata yaxındır.

Dövlət Statistika Komitəsinin məlumatına görə 2020-ci ildə əhalinin ümumi gəlirləri təqribən 50 milyard manat olub. Başqa sözlərlə, əgər Social və İqtisadi Araşdırmalar Mərkəzinin hesablamaları əsas götürülsə, Rusiyadan Azərbaycandakı ailələrə göndərilən pul əhalinin ümumi gəlirlərinin təqribən 10 faizi demək olur.

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

"Rublun düşməyi bizə çox zülm oldu”

Hazırda Rusiya - Azərbaycan sərhədində Azərbaycana keçmək üçün növbəsini gözləyən, adının çəkilməsini istəməyən miqrant deyir ki, sanksiyalardan sonra evə göndərdiyi pulun həcmi iki dəfəyə qədər azaldığı üçün ölkəsinə geri dönməyə məcbur oldu:

“Hər ay evə 30 min rubl pul göndərirdim. Bu da 680 manat pul edirdi. İndi hazırda mən 30 min rublu evə göndərsəm, 360 manat pul edəcək. Yoldaşım heç yerdə işləmir, evdar qadındır. Yəni, rublun düşməyi bizə çox zülm oldu”.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov hesab edir ki, Rusiyaya sanksiyalar Azərbaycanda yoxsulluğu azı 10 faiz artıracaq və 20 faizə çatdıracaq. Hazırda rəsmi rəqəmlərə görə yoxsulluq 5 faizdir.

Həyat yoldaşının Rusiyadan gələn pulun ümidinə qalanlardan biri də İmişlinin Xoşçobanlı kənd sakini Südabə Məmmədovadır. O, deyir ki, indi qızının cehizi üçün götürdüyü 1200 manatlıq krediti qaytara bilmir:

“Əvvəl pandemiya oldu, indi də müharibədir. Bir az kömək edirdi əvvəllər, indi heç nə göndərə bilmir”.

Südabə Məmmədova deyir ki, özü heç yerdə işləmir və Rusiyaya qarşı sanksiyalardan sonra dolanışıq üçün son ümid yeri də kəsilib.

Rusiyadan göndərilən pul kəsilir, kasıblıq arta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Dünya Bankı hökumətə tövsiyələr hazırlayır

Xaricdən gələn vəsaitlər Azərbaycanda bəzi bölgələrə başqalarından daha çox təsir edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Lənkəran iqtisadi rayonunda bütün gəlirlərin 15 faizi ölkə xaricindən daxil olur.

Komitə bu ölkənin hansı olduğunu yazmasa da, AzadlıqRadiosunun söhbət etdiyi ailələr əsas gəlir yerlərinin məhz Rusiya olduğunu deyirlər.

Gəncə-Qazax iqtisadi rayonu isə bu siyahıda ikinci yerdə gəlir - əhalinin gəlirlərinin təqribən 10 faizi xaricdən gələn vəsaitlərin payına düşür.

Dünya Bankının Bakı ofisindən AzadlıqRadiosuna bildiriblər ki, miqrantların pul köçürməsinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirini araşdırırlar və tezliklə hökumətə tövsiyələr açıqlayacaqlar.

Əhalinin dolanışığı hələ müharibəyə qədər, pandemiya səbəbindən də pisləşmişdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında istehlak qiymətləri azı 12 faiz bahalaşıb, amma müstəqil iqtisadçılar bahalaşmanın hətta 40 faizə qədər olduğunu deyirlər.

Bundan başqa bəzi sosial müavinətləri alanların sayı da azalıb.

Məsələn, 2014-cü ilin birinci yarısında 126 min ailə ünvanlı sosial yardım almışdısa, 2021-ci ildə bu rəqəm yarıdan da aşağı - 62 minə düşüb.

Hökumət prosesi nəzarətdə saxlayır

Novruz bayramına görə Azərbaycanda iş günü olmadığından AzadlıqRadiosu bu mövzu ilə bağlı hökumətlə əlaqə saxlayıb onun planlarını öyrənə bilməyib.

Milli Məclisin İqtisadi və Sosial Komitəsinin bitərəf üzvü Vahid Əhmədov AzadlıqRadiosuna deyib ki, hökumət bu prosesi nəzarətdə saxlayır, sanksiyalar uzanarsa və təsirlər hiss olunmağa başlayarsa, tədbirlər görüləcək:

“Ola bilər ki, bununla əlaqədar müəyyən tədbirlər görüləcək. Amma buna ehtiyac olmadığı üçün, müraciət olmadığı üçün hələ ki, hansısa qərar layihəsi yoxdur. Azərbaycanın kifayət qədər ehtiyatı var. Necə ki, pandemiya dövründə 4 milyard manata yaxın vəsait xərclədik… İndi pandemiya yox səviyyəsindədir, lazım olsa, vəsait ayrılacaq və insanlar müvəqqəti olaraq həmin vəsaitlə təmin olunacaqlar”.

Çıxış yolları var

İqtisadi təhlilçi Rəşad Həsənov deyir ki, son iki ildə baş verən pandemiya, Qarabağ müharibəsi, Rusiyadan miqrant axını və pul göndərişlərinin azalması səbəbindən Azərbaycan hökuməti ciddi çətinliklərlə üz-üzə qalıb.

Onun sözlərinə görə, bu durumdan çıxmağın yolu azad iqtisadiyyata keçidi təmin eləmək, liberal bazar yaratmaqdır.

Qısamüddətli tədbirlər kimi Rəşad Həsənov sosial dəstək proqramlarına ayrılan vəsaiti, o cümlədən ünvanlı sosial yardıma ayrılan vəsaiti artırmağı təklif edir.

"Bu problemlər bir neçə ayda həll edilə bilməyəcək. Amma qısamüddətli alətlər də var. Özünüməşğulluq proqramları üçün ayrılan vəsait genişləndirilə bilər, ailə təsərrüfatlarının inkişafı üçün bazanı artıra bilər, aztəminatlıları qısa müddət üçün sosial işlərə cəlb edə bilər".

Azərbaycan Diaspora Komitəsinin saytında bildirilir ki, qeyri-rəsmi məlumata görə Rusiyada 2.5 milyona qədər azərbaycanlı miqrant çalışır.

Bu miqrantlar 90-cı illərin əvvəlində, SSRİ dağılandan sonra iş dalınca Rusiyaya üz tutublar.

XS
SM
MD
LG