Rusiya bildirir ki, onun qərbi Suriyadakı hərbi və dəniz bazalarına bu yaxınlarda edilmiş hücum zamanı 13 döyüş dronundan istifadə olunub.
Rusiyanın Müdafiə Nazirliyinin yanvarın 8-də açıqlanmış bəyanatında deyilir ki, Hmeymim hava bazasına və Tartusdakı dəniz bazasına hücum nəticəsində itki və dağıntı olmayıb.
Bəyanatda deyilir ki, Rusiya qüvvələri dronlardan bəzilərinin radio dalğalarını kəsə bilmiş və yanvarın 5-6-da baş vermişhücum zamanı dronların idarə olunmasını ələ keçirmişlər.
Bu da qeyd olunur ki, bəzi dronlar yaxınmənzilli Pantsir-S1 antitəyyarə raketləri ilə vurulub. Rusiya tərəfinin məlumatına görə pilotsuz idarə olunan dronlarda xarici istehsallı təkmil partladıcılar yerləşdirilmişdi.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “terrorçuların istifadə etdikləri dronlar onlara yalnız peyk naviqasiyası və uzaqdan idarə də daxil yüksək texniki imkanları olan dövlət tərəfindən verilə bilərdi”.
Rusiya Suriya prezidenti Bashar al-Assad-ın qiyamçılara qarşı müharibəsində ona həlledici dəstək verib və eyni zamanda vətəndaş münaqişəsində ABŞ-dan dəstək alan müəyyən qruplaşmalarla qarşıdurmadadır.
Moskva 2015-ci ildə Suriya münaqişəsinə qoşulandan bəri bu ölkədə 40-dək hərbçisini itirib.
Rusiyanın Müdafiə Nazirliyi ötən həftə bildirmişdi ki, daha iki əsgər Yeni il gecəsində Hmeymim bazasına artilleriya hücumu zamanı həlak olub.
Nazirlik Kommersant qəzetinin hücum zamanı 7 hərbi təyyarənin məhv edildiyinə dair xəbərini təkzib edib.
Moskva habelə dekabrın 31-də “texniki nasazlıq” üzündən bir helikopterinin qəzaya uiğradığını və iki pilotun həlak olduğunu təsdiq edib.
Dekabrın 11-də Hmeymim hərbi hava bazasına baş çəkərkən Rusiya prezidenti Vladimir Putin özünü İslam Dövləti adlandıran ekstremist təşkilatı nəzərdə tutaraq demişdi ki, “ən döyüş qabiliyyətli beynəlxalq terrorçu qrup” üzərində “tam qələbə” qazanılıb.
Putin dekabrın 28-də bəyan etmişdi ki, indiyədək Suriya münaqişəsində 48 min Rusiya hərbçisi iştirak edib və Hmeymim və Tartus “daimi” əsasda Rusiyanın hərbi bazaları olaraq qalacaq.