Sibirin qərbində yerləşən Tomsk şəhərindən olan fəal Leonid Rıbakova ekstremizm maddəsi ilə açılan iş bir ildən çoxdur davam edir.
Rıbakov AzadlıqRadiosunun Sibir.Realii xidmətinə deyib ki, bu işin tamamlanması bir-iki günə bitər: "Biz qətl, yaxud hətta qarətdən danışmırıq. Bu, [sadəcə] internet paylaşımı ilə bağlıdır. Ancaq hakim Mariya Tınyanaya işi bir ildir uzadır və indi də onu daha bir ay - fevralın 26-dək ertələyib".
Təhqiqat Komitəsinin sədri Aleksandr Bastrıkin yanvarda verdiyi müsahibədə terror və ekstremizmlə mübarizəni "agentliyimizin əsas işlərindən biri" adlandırıb: "Ekstremizmə gəlincə, biz məhkəməyə 430 iş göndərmişik. Bu, ötən ildəkindən 62 faiz çoxdur".
Sibir.Realii xidmətinin hazırladığı məqalədə deyilir ki, bu artım 2022-ci ildən bəri davam edir. Kremlin Ukraynaya hücumunun ilk ili ərzində Rusiyada ekstremizm və terrorizm qanunları ilə məhkum olunanların sayı sürətlə artır. Bundan başqa, 1100-dək şəxs və təşkilatın adı hökumətin "terrorçu" siyahısına salınıb. Siyahıya ən son salınanlar arasında Boris Akunin kimi tanınan 67 yaşlı yazıçı Qriqori Çxartişvili də var. Onun adı dekabrın ortalarından siyahıdadır.
"Ekstremistlər"in sayındakı qəfil artımla birbaşa əlaqəsi olmasa da, hökumətin "xarici agentlər" siyahısına salınanların sayı ötən il 13 min 700 nəfərə çatıb.
"Beynəlxalq konvensiyaların Rusiya qanunvericiliyi ilə ortaq özəlliyi yoxdur"
"Pervıy otdel" (Birinci şöbə) hüquqi yardım təşkilatından vəkil Yevgeni Smirnov deyir ki, bu "ekstremistlər"in çox az hissəsi əməllərinə görə təqib edilir. Onun sözlərinə görə, bunun əvəzinə statistika insanların sözə görə kütləvi təqib edilməsi tendensiyasını göstərir.
"Bu işlərin əksəriyyəti sosial mediadakı fəaliyyət, ya da adətən siyasi məsələlərlə bağlı ictimai bəyanatlara görədir. Ekstremizmə qarşı qanunlar bütün gəlişmiş ölkələrdə var və onlar müxtəlif beynəlxalq konvensiyalar altında qəbul edilir. Ancaq onların Rusiya qanunvericiliyi ilə heç bir ortaq özəlliyi yoxdur", - Smirnovun sözləridir.
"Qərb ölkələrində belə qanunlara dayanan təqib hallarının sayı hər il çox az olur və, əsasən, irqi, dini, yaxud cinsi oriyentasiya zəminində zorakı nifrət cinayətləri törədənləri əhatə edir. …Rusiyada isə ekstremizmə qarşı qanunlar hökumətlə razılaşmayanlara qarşı istifadə edilir", - yenə Smirnovun söylədikləridir.
Tomsklu fəal Rıbakovun işi də bu qəlibə uyğun gəlir.
İki il öncə, iyunun 15-də səhər saat 6-da onun qapısı döyülüb və bəziləri uniformada, bəziləri də mülki geyimdə olan polis əməkdaşları onun evində axtarışa başlayıblar. Rıbakov axtarışın səbəbini soruşanda ona martın 13-də paylaşdığı sosial media postunu göstəriblər.
Bu postunda Rıbakov Xarkov şəhərinin ukraynalı müdafiəçilərinə dəstək ifadə edib. Rıbakovun özü yeniyetmə yaşlarında beş il Xarkovda hərbi akademiyada oxuyub.
"Bacarsanız, onları əsir götürün", - Rıbakov həmin postunda yazıbmış. O bu postunda ukraynalı hərbçiləri Rusiya əsgərlərini əsir götürməyə çağırdığını deyir: "Bu, tam pasifist paylaşım idi. Mən onları əsir götürmək haqda danışırdım".
"Bu, FSB-nin… intiqamıdır"
Polisin bu ziyarətindən sonra Rıbakov bir neçə dəfə sorğu-sual edilmək üçün prokurorluğa çağırılıb. O, silahlı qüvvələrin gözdən salınması ittihamı ilə 10 min rubl (110 dollar) cərimə edilənədək FSB artıq eyni sosial media postuna görə ona qarşı daha ağır – "ekstremizm" maddəsi ilə iş açmışdı.
"Mən FSB prokurorundan xahiş etdim ki, işi bağlasın, axı konstitusiyaya görə, eyni hərəkətə görə iki dəfə cəzalandırıla bilməzsən; mən artıq cərimələnmişdim, axı. O, harasa getdi, bir xeyli məsləhətləşdi və geri qayıdıb dedi ki, işi bağlaya bilməzlər. Eyni zamanda da mənə qarşı "gözdənsalma"ya görə daha iki cinayət işi açdılar", - Rıbakovun sözləridir.
Ekstremizm işi üzrə ilk dinləmə ötən ilin fevralında keçirilib. Rıbakova beş il həbs cəzası verilə bilər.
"Bu, FSB-nin mənim keçmişimə, fəallığıma, [əməllərimi] ifşalara görə intiqamıdır. Bunun hüquqla heç bir əlaqəsi yoxdur. Bu iş tam qondarmadır", - Rıbakovun sözləridir.
Rusiyada qanunlardan fərqli siyasi düşüncəni boğmaq üçün yararlandıqları və belələrinin tətbiq edilməsi fikri ilə vəkil Smirnov da razıdır: "Dostlar hər şey edə bilər. Düşmənlərsə qanunla üzləşəcək".
Ötən ilin oktyabrında RT-nin (xarici auditoriyaya yayımlanan Rusiya telekanalının – red.) direktoru Marqarita Simonyan Sibir səmasında nüvə silahının partladılmasına açıq çağırış etmişdi. Hökumət rəsmiləri onun bu hərəkəti ilə bağlı şikayətlərə cavab olaraq ekspert təhlili aparıldığını və bu hərəkətdə ekstremizm qanununun hər hansı pozuntusunun olmadığını bildirmişdilər.
"Hökumət Rusiyada qorxu rejimi yaratmaq istəyir ki…"
Eyni ayda açıq şəkildə Stalin repressiyalarına qayıtmağa çağıran rusiyalı deputat və general Andrey Qurulyov "Birinci Kanal"ın efirinə çıxıb Rusiya əhalisinin prezident Vladimir Putini dəstəkləməyən 20 faizini (bu onun dəyərləndirməsidir) məhv etməyə çağırdı. Bu çıxışda da hüquq-mühafizə orqanları heç bir cinayət izi tapmadılar.
"Bəzi insanlar sosial mediada şəkil paylaşdıqları üçün uzunmüddətli həbs cəzaları ilə üzləşirlər. Digərləri isə kütləvi qırğın, hətta soyqırımı təbliğ etdikləri halda cəzasız qalırlar. Bunun hüquqla heç bir əlaqəsi yoxdur. Bu onların dövlət siyasətinə yanaşması ilə bağlı bir şeydir", - Smirnov belə deyir.
"Ekstremizm qanununun tətbiqi ilə bağlı ümumi siyasət Moskvadan idarə edilsə də, yerli məmurlar bu direktivlərin siyasi hesabları çürütmək üçün yerlərdəki icrasına təsir edə bilirlər. Onların hüquq-mühafizə orqanlarını öz regionlarındakı siyasi opponentlərə qarşı cinayət işləri açmağa məcbur etmək imkanı var", - yenə həmin vəkilin dedikləridir.
Smirnov deyir ki, Ukraynaya hücumun üçüncü ilinə qədəm basması, Putinin də martda keçiriləcək rəqabətsiz və nəticəsi əvvəldən məlum olan seçkilərdə beşinci müddətə seçilməsi ərəfəsində siyasi təqiblərdə ekstremizm qanunlarından istifadə davam edəcək: "Bu qanunlara dayanıb, qurama ittihamlarla təqib edilə bilərsən. Yuxarıdan əmr verilsə, bu halların sayı, indi artdığı kimi, artacaq. …Hökumət Rusiyada qorxu rejimi yaratmaq istəyir ki, insanlar hökumətin hərəkətlərini internetdə, yaxud başqa yerdə müzakirə etməkdən qorxsunlar".