Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:12

Rusiya satdığı neftin pulunu almaqda çətinlik çəkir


Rusiya Hindistana ixrac etdiyi neft üçün ödənişləri qəbul etməkdə problemlər yaşayır.

Bu barədə məlumatı Rusiyanın neft və bank strukturlarındakı mənbələrə istinadla Reuters agentliyi verib.

Xəbərdə deyilir ki, çətinliklər Hindistan alıcıları ilə Rusiya neft ixracatçıları arasında hesablaşmalar zamanı dolların başqa valyuta ilə əvəz olunması cəhdinə görə baş verir.

Rusiyanın dənizlə ixrac olunan neftinin 60 faizinə müştəri olan Hindistan iyul ayında bəyan etmişdi ki, Rusiya nefti üçün ödənişləri özünün milli valyutası – rupi ilə həyata keçirəcək.

Lakin Rusiya təchizatçıları buna etiraz etmiş və Hindistan üçün nəzərdə tutulan neftin başqa alıcılara göndəriləcəyi ilə hədələmişdilər.

Başqa valyutaların da məzənnəsi dollara bağlıdır

Reuters agentliyi bildirir ki, Rusiyanın Mərkəzi Bankı ödənişlərin rupi ilə qəbul edilməməsinə dair qeyri-rəsmi göstəriş verib.

Rupidən praktik olaraq yalnız iki ölkə arasındakı ödənişlərdə istifadə oluna bilər, amma bu valyuta konvertasiya olunan valyuta deyil.

Rusiyanın Hindistanla ticarətdən yüksək gəlirləri var, amma bu öklədən Rusiyaya idxal cüzidir.

Danışıqlar nəticəsində Hindistanın neft idxalçıları Rusiya nefti üçün ödənişləri Çin yuanı, Honkonq dolları və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmi ilə ediblər. Bu valyutaların da məzənnəsi dollara bağlıdır.

Müvəqqəti çıxış yolu

Reuters yazır ki, Hindistanın Rusiya nefti üçün başqa valyutalarla ödəniş etməsi müvəqqəti tədbirdir, çünki Hindistan neft üçün ödənişləri yuanla etmək istəmir.

Xəbərdə deyilir ki, Moskva Rusiya nefti üçün ödənişlərdə belə problemləri Türkiyə, Çin və Afrika alıcıları ilə ticarətdə də yaşaya bilər.

Bu da qeyd olunur ki, dolların əvəzlənməsi yollarının axtarışı davam edir, amma problemin həlli hələ ki görünmür.

Reuters mənbələrinin məlumatına görə bu ilin ilk aylarında Hindistanın Rusiya neftinə görə borcları 40 milyard dollara çatmışdı, amma hazırda borcun məbləği bir qədər azalıb.

Burası da var ki, Vaşinqtonun təzyiqi altında BƏƏ bankları Rusiya müştəriləri ilə əməliyyatlarda Rusiya neftinin G7 tərəfindən qoyulmuş qiymət tavanından yüksək qiymətə satılmamasına nəzarət etməyə məcburdurlar.

XS
SM
MD
LG