Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Rusiya Qazaxıstan, yoxsa Azərbaycan yolunu seçir?


Vladimir Putin (solda) və keçmiş baş nazir Dmitry Medvedev
Vladimir Putin (solda) və keçmiş baş nazir Dmitry Medvedev

“Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti eyni beyin mərkəzindən qidalanır”

“Məndə belə təəssürat yaranır ki, Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyəti eyni beyin mərkəzindən qidalanır, eyni PR şirkəti ilə işləyirlər. Son zamanlar onların atdığı addımlar, ictimaiyyətə açıqlamaları çox oxşardır”, - Avropada mühacirətdə yaşayan siyasi təhlilçi Rauf Mirqədirov yanvarın 15-də Rusiya prezidentinin açıqlamalarını və hökumətin istefaya getməsini şərh edərkən AzadlıqRadiosu-na belə deyib.

O, həmin mərkəzin postsovet məkanı üçün konkret şablonlar hazırladığını və bunun əsasında dəyişikliklər aparıldığını düşünür.

Bir gün öncə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində ölkə konstitusiyasına bir sıra düzəlişlər təklif edib.

Bu təkliflərdə özəlliklə hakimiyyət səlahiyyətlərinin prezidentlə parlament arasında bölüşdürülməsi nəzərdə tutulur. Putinin bu təkliflərindən dərhal sonra Dmitry Medvedevin başçılıq etdiyi hökumət istefa verib.

Rauf Mirqədirov fikrini bu şəkildə davam etdirir:

“Rusiyada da Azərbaycandakı kimi uzun müddətdir eyni şəxslər hakimiyyətdədir və bu da siyasi hakimiyyətin nüfuzuna xələl gətirir. Bu baxımdan da hökumət istefaya göndərilir, hakim elita, cəmiyyətin cana gəldiyi komandanın siması yenilənir, dəyişikliklərə ümid yaradılır, rəğbət qazandıracaq, social yönümlü addımlar atılır və ya atılacağı vəd olunur. Eləcə də Putin dövlət idaretməsində köklü dəyişikliklərdən söz açır. Azərbaycanda da oxşar addımlar atıldı. Hökumət başçısı – baş nazir istefa verdi, bəzi nazirlər dəyişdirildi, parlament buraxıldı və növbədənkənar seçkilər təyin edildi”.

“Yeni gələnlər bürokratlar olacaq”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Rusiyada yeni gətiriləcək kadrlar, sadəcə, “texniki funksiya” daşıyacaq, siyasi sima kimi populyar şəxslər olmayacaqlar:

“Məsələn, qabaqlar baş nazirin siyasi imici vardısa, indi gələnlər peşəkar və bürokrat olacaqlar. Putindən başqa bütün siyasi elita təzələnir. Məndə yaranan təəssürat belədir. Bu da ondan xəbər verir ki, hələlik, hakimiyyətin ötürülməsindən söhbət getmir”.

Keşmiş nazir baş verənlərin daha geniş şərhi üçün prosesləri daha çox və yaxından izləmək gərək olduğunu düşünür.

“Bu, Qazaxıstan modelinə bənzəyir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyada baş verənlərin gözlənilən olduğunu deyir.

Onun fikrincə, Putin hakimiyyətdə olduğu dövrdə bəzi uğurlar qazanıb, Rusiyanın ərazi bütövlüyünü qoruyub, “Çeçenistanı ram edib, pis-yaxşı siyasi sabitlik yaradıb, təhlükəsizlik sahəsində işlər görüb, ölkənin hərbi qüdrətini artırsa da, iqtisadiyyat sahəsində buna nail ola bilməyib”.

Elxan Şahinoğlu Rusiya prezidentinin indi də ölkə iqtisadiyyatını dirçəltmək istədiyini düşünür, ancaq burda başqa məqamlar olduğunu da ehtimal edir:

“Dörd ildən sonra onun prezidentlik dövrü bitir. Konstitusiya dəyişikliklərinə gedərək paralamentin səlahiyyətini artırır. Özünə gələcək hava limanı yaratmaq istədiyi hiss olunur. Bu, Qazaxıstan modelinə bənzəyir. Yəni prezidentlikdən getsə belə, özünün səlahiyyətlərini artırmaqla ölkənin idarə olunmasında yenə birinci yerdə qalmaq istəyir”.

Rauf Mirqədirov baş verənlərlə bağlı belə bir qənaətə gəlib:

“Putin İlham Əliyevcəsinə özünü ömürlük prezident kimi sırımaq istəmir, buna görə də Konstitusiyada dəyişikliyə gedərək prezident seçkiləri ilə bağlı “dalbadal” sözünü çıxarılmasını təklif edir. Bundan başqa, o, hakimiyyət bölgüsündə balanslaşdırma aparmağa çalışır. Yəni prezident səlahiyyətləri məhdudlaşdırılır, Rusiya parlament respublikasına çevrilir, hökumət prezident nəzarətindən çıxarılır. Bütün bunlardan sonra düşünmək olar ki, növbəti parlament seçkilərində o, Vahid Rusiya Partiyasının namizədlər siyahısına başçılıq edə bilər. İkincisi, Dövlət Şurasının səlahiyyətləri genişləndirilir. Onun ən sadiq adamlarına belə etibar etmədiyini və özünü sığortalamağa çalışdığını düşünmək olar”.

Siyasi təhlilçinin fikrincə, bununla Rusiya prezidenti “həm liberal dəyişikliklərə gedir, həm də müxalifətin tənqid və təzyiq imkanlarını məhdudlaşdırır”, üstəlik, onun hakimiyyətdə qalması təmin edilir.

Təhlilçilər Putinin gələcəkdə səlahiyyətlərinin genişləndirilməsi haqqında danışdığı parlamentin sədri və ya Dövlət Şurasının başçısı olmağa hazırlaşdığını qəti söyləməkdən çəkinirlər.

Onların qənaətincə, prezident bu planını, hələlik, açıqlamaq niyyətində deyil və hakimiyyətdaxili qruplar arasında mübarizə başlamasın deyə varisin kimliyini də gizlədir.

Şahinoğlu hakimiyyətdən gedənlərin müqavimət göstərəcəyinə inanmır, məsələn, Vladimir Putinin istefaya getmiş keçmiş baş nazir Dmitri Medvedevi yanında saxladığını, mövcud olmayan vəzifəyə - Təhlkəsizlik Şurası sədrinin müavini təyin etməsinə diqqət çəkir. O, bəzi nazirlərinsə gələcək kabinetdə təmsil olunacağını istisna etmir.

XS
SM
MD
LG