Rusiyanın “Vyorstka” saytı prezident administrasiyasına və Müdafiə Nazirliyinə yaxın dörd mənbəyə istinadla bildirir ki, Rusiya hakimiyyəti Ukraynada döyüşən ordu birləşməsini gücləndirmək və ola bilsin, Xarkov şəhərini mühasirəyə almaq məqsədilə xidmətə kütləvi çağırış etməyi planlaşdırır.
Mənbələrin verdiyi məlumata görə mümkün səfərbərlik çərçivəsində orduya 300 min nəfər cəlb oluna bilər.
Saytın müsahibləri bildiriblər ki, orduya məcburi qaydada ehtiyatda olanlar çağırıla bilər.
Onların sözlərinə görə habelə müddətli xidmətdə olanları Müdafiə Nazirliyi ilə müqavilələr bağlamağa məcbur edə bilərlər.
Moskvanın bir neçə hərbi komissarlığında “Vyorstka” saytına deyiblər ki, səfərbərliklə əlaqədar sənədlərin hazırlanmasına başlanıb.
Bu dəfə səfərbərlik daha məcburi olacaq
Müdafiə Nazirliyindən bildiriblər ki, indi hərbi toplanışlara çağırış hazırlanır və toplanışdakıların ən azı bir hissəsi müqavilə imzalamğa və Ukrayna cəbhəsinə yollanmağa məcbur edilə bilər.
Saytın mənbələri bildiriblər ki, adamların müqavilə imzalamağa məcbur edilməsi Ukraynada döyüşmək istəyənlərin azalması ilə bağlıdır.
2023-cü ilin əvvəli ilə müqayisədə hərbi xidmətə cəlbetmənin templəri bir xeyli azalıb.
O vaxt müdafiə naziri Sergey Şoyqu demişdi ki, orduya 400 minə yaxın əsgər cəlb olunub.
Həmin vaxtlar hərbi komissarlıqlara gündə 500-600 nəfər gəlirdisə, indi onların sayı 20-30 nəfərə düşüb.
Xarkovu Mariupolun “gününə salmaq” planı yoxdur
Saytın mənbələri orduya səfərbərlikdən danışarkən tez-tez “səfərbərlik 2.0” terminini işlədiblər.
Rusiya prezidentinin administrasiyasındakı mənbə Xarkovun mümküm mühasirəsi barədə suala cavab verərkən deyib ki, Xarkovu Mariupolun “gününə salmaq” planı yoxdur.
“Vyorstka” yazır ki, bu məlumatların heç birinin rəsmi təsdiqi yoxdur.
Ukrayna tərəfinin məlumatına görə Rusiya 100 min hərbçidən ibarət yeni qoşun birləşməsi yaradır.
Ukrayna quru qoşunlarının komandanı Aleksandr Pavlyukun sözlərinə görə Rusiya ordusu ola bilsin istiqamətlərdən birində hücuma cəhd göstərəcək.
Heç vaxt bitməyən səfərbərlik
Rusiyada ilk dəfə səfərbərlik 2022-ci ilin sentyabrında Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarının ardınca elan edilib.
Rəsmi məlumata görə Rusiya ümumilikdə cəbhəyə 300 min hərbçi göndərib.
Bu hərbçilər səfərbərlik rejimi başa çatmadan xidmətdən tərxis oluna bilməzlər. Bu rejimin isə Ukrayna müharibəsi bitəndə sona çatacağı deyilir.
Hazırda səfərbərlik keçirilmir, amma o istənilən vaxt bərpa oluna bilər. Putin sentyabrdakı səfərbərliyin başa çatması haqqında fərman verməyib.