Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Rusiya Suriyadakı qoşunlarını Afrikaya daşıyır


Dekabrın 13-də Latakiyadakı Hmeymim hava bazasında ağır nəqliyyat təyyarəsi yüklənməyə hazırlaşır.
Dekabrın 13-də Latakiyadakı Hmeymim hava bazasında ağır nəqliyyat təyyarəsi yüklənməyə hazırlaşır.

Rusiya Suriyadakı hərbçilərinin sayını azaldır və qoşunların bir bölümünü Afrikaya yönləndirir. AzadlıqRadiosu peyk görüntülərini təhlil edərək bu nəticəyə gəlib.

Dekabrın 8-də müttəfiqi Bəşər Əsədin çöküşündən sonra rəsmi Moskva Suriyadakı hərbi texnikasının önəmli bir hissəsini çıxarıb.

İddia edilir ki, Hmeymim hava bazası və Tartusdakı hərbi-dəniz bazasındakı itkilərini kompensasiya etmək üçün Kreml Liviya, Mali və Sudanda öz hərbi varlığını gücləndirir. Ancaq ekspertlərin düşüncəsinə görə, bu ölkələr, çətin ki, Suriyanın gerçək alternativinə çevrilə bilsin.

Rusiyadan ötrü Suriyadakı bazaları itirmək strateji zərbə olacaq. Moskva bu bazalardan Yaxın Şərqdə və Afrikada güc nümayişi üçün yararlanırdı.

Bildirildiyinə görə, Rusiya Suriyanın yeni hökümətiylə hərbi bazaların gələcəyinə dair danışıqlar aparır. Ekspertlərin fikrincə, hərbi texnikanın yerdəyişməsi Suriyadakı qoşunların tam və ya bir bölümünün çıxarılmasına işarədir.

Rusiyanın son illər hərbi baxımdan möhkəmləndiyi Liviya, Mərkəzi Afrika Respublikası və Sudanda bir neçə hərbi bazası var.

Peykdən çəkilmiş fotoda Rusiya hərbi gəmilərinin dekabrın 5-də Tartus bazasındakı mövqelərini tərk etdiyi görünür.
Peykdən çəkilmiş fotoda Rusiya hərbi gəmilərinin dekabrın 5-də Tartus bazasındakı mövqelərini tərk etdiyi görünür.

Moskvanın xərcləri artacaq

Ekspertlər deyirlər ki, hərbi texnikanın önəmli bir bölümünün çıxarılması Moskvaya baha başa gələcək.

"Hərbi hava və dəniz donanmasının önəmli hərbi əməliyyatlarını gerçəkləşdirmək üçün Rusiya çoxlu pul xərcləməli olacaq", - Parisdəki Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Rolan Marşal belə deyir.

Ağır yük təyyarələrini Rusiyadan Afrikaya yönəltmək də çətinləşəcək, yanacaq doldurmaqsa ciddi problemə çevriləcək. Moskva uçuşlara icazəni də bölgədəki rəqibi Türkiyədən almalı olacaq.

Görünən odur ki, baha başa gəlsə də, Rusiya Suriyadakı hərbi aktivlərini Mali və Liviyaya daşıyır. İddialara görə, orada 1200-dək rusiyalı muzdlu var.

Peyk görüntülərində Rusiyanın Sudandakı hərbi-dəniz bazasında yüksək fəallıq gözə çarpır. Qırmızı dəniz sahilindəki bu ölkədə hərbi bazası açmaq üçün Rusiya 2019-cu ildə saziş imzalayıb. Hərbi obyektin tam həcmdə fəaliyyət göstərib-göstərməyəcəyi aydın deyil.

Təhlillər göstərir ki, Suriya və Rusiyadan Liviyaya yük təyyarələri aramsız uçuşlar edir. Düzdür, təyyarələrin nə daşıdığına dair bilgi yoxdur.

İl-76 yük təyyarəsi Rusiyadan Liviyaya uçub, bir gün sonra da Rusiyaya qayıdıb və dərhal yenidən Liviyaya istiqamət alıb.

Peyk çəkilişləri noyabrın 16-dan dekabrın 10-dək Rusiyanın Sudandakı hərbi-dəniz bazasında aktivliyi göstərir.
Peyk çəkilişləri noyabrın 16-dan dekabrın 10-dək Rusiyanın Sudandakı hərbi-dəniz bazasında aktivliyi göstərir.

Yük təyyarələri NATO üzvünün hava məkanından keçir

Dekabrın 16-na aid uçuşların qeydiyyatına görə, digər bir İl-76 Rusiyadan Malinin paytaxtı Bamakodakı hərbi bazaya uçub. Ertəsi gün təyyarə Rusiyaya qayıdıb.

Rusiyadan Liviyaya uçan yük təyyarələrinin NATO üzvü Türkiyənin hava məkanından keçdiyi bildirilir.

Vaşınqtondakı Savaş Araşdırmaları İnstitutu dekabrın 12-də bildirib ki, Rusiyanın Afrikadakı logistik problemləri Türkiyənin Moskva üzərində siyasi rıçaqlarını artıracaq.

Bu da deyilir ki, Rusiya yük təyyarələrinin yanacaq doldurmaq üçün başqa aerodromlardan daha çox istifadə etməsi Kremlin Afrikadakı əməliyyatlarının gerçək xərclərini çoxaldacaq.

XS
SM
MD
LG