Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 03:36

ABŞ Ukraynada müharibə cinayətlərini araşdıran qurumu bağlayır


Rusiyanın işğalı altında olan Kupyansk şəhərindən uşaqların təxliyəsi. (Foto arxiv. 2022)
Rusiyanın işğalı altında olan Kupyansk şəhərindən uşaqların təxliyəsi. (Foto arxiv. 2022)

Rusiya tərəfindən Ukraynada törədilmiş müharibə cinayətlərinə dair sübutların toplanmasında mühüm rol oynamış Yel Universiteti nəzdindəki qurum martın 28-də fəaliyyətinə son verəcək. Bunun səbəbi isə ABŞ Dövlət Departamentinin maliyyə dəstəyini dayandırmasıdır.

Yel Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Nataniel Reymond martın 18-də AzadlıqRadiosuna özəl müsahibəsində bildirib ki, bu addım müharibə cinayətlərinin sənədləşdirilməsi və günahkarların ədalət qarşısına çıxarılması səylərinə "katastrofik" zərbə vuracaq.

Reymondun sözlərinə görə, qurum hazırda Rusiya tərəfindən Ukraynadan qaçırılmış 35 min uşağın yerini izləyir. Uşaqların qaçırılması müharibə cinayətidir və buna görə Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunub.

"İşimizin itirilməsi həqiqəti gizlətmək və məsuliyyətdən yayınmaq istəyənlər üçün növbəti qələbədir", - Reymond bildirib.

Kütləvi maliyyə ixtisarları

AzadlıqRadiosunun sorğusuna cavab olaraq Dövlət Departamenti maliyyənin dayandırıldığını təsdiqləyib. Digər detallar üçün dövlət müqavilələri ilə işləyən qeyri-kommersiya təşkilatı MITRE ilə əlaqə saxlamaq tövsiyə olunub, lakin təşkilat sorğuya dərhal cavab verməyib.

Maliyyələşdirmənin niyə dayandırıldığı barədə suala cavab olaraq N.Reymond bildirib: "Kaş ki, bunun cavabını bilərdim. Bunu şəxsən qəbul etməmək çətindir. Lakin bu, humanitar və insan haqları sahəsində baş verən genişmiqyaslı ixtisarların bir hissəsidir".

Vəzifəyə başladığından bəri ABŞ hökuməti USAID, Təhsil Departamenti və AzadlıqRadiosu kimi təşkilatlara böyük maliyyə ixtisarları tətbiq edib.

Bu addım həm də Tramp administrasiyasının Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri sənədləşdirmək üçün beynəlxalq əməkdaşlıqdan geri çəkilməsinin növbəti nümunəsidir.

Vaşinqton həmçinin Ukraynada törədilmiş hərbi cinayətlərin araşdırılması üzrə "Eurojust"ın ixtisaslaşmış bölməsi ilə əməkdaşlığını dayandırır. Bu barədə AzadlıqRadiosuna Avropa İttifaqının cinayət ədliyyəsi üzrə əməkdaşlıq agentliyi olan "Eurojust"ın rəsmiləri məlumat verib.

Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəz (ICPA) təxminən 153 min işi araşdıran Ukrayna prokurorlarına maddi-texniki, təlim və digər yardımlar göstərir.

Exclusive: US Closes Unit Investigating War Crimes In Ukraine
Gözlə
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 1:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Rusiya Ukraynadan uşaqları aparır

Yel Universitetindəki qurumun işi açıq mənbə araşdırmasına əsaslanır və Ukraynadan uşaqları götürmək üçün Rusiyanın sistemli bir proqram yürütdüyünə dair ətraflı sübutlar təqdim edir.

Yel araşdırmaçıları dekabrda yayımladığı son hesabatda rusiyalı fərdi şəxslər və ailələr tərəfindən "zorla övladlığa götürülmə və saxlanılma" proqramına məruz qalan 314 uşağın taleyini sənədləşdirib.

N.Reymond nəticələri BMT Təhlükəsizlik Şurasına təqdim edərkən bildirib ki, "ən azı bir nümunədə Rusiya bir ukraynalı uşağı Rusiya vətəndaşlarına vermək üçün öz qardaş-bacılarından ayırıb".

Yel Universitetinin əməkdaşı AzadlıqRadiosuna müsahibəsində deyib ki, onun komandası üç il ərzində müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin sənədləşdirilməsində "həqiqətən qəhrəmanlıq" göstərib.

O əlavə edib ki, qurum son günlərində də işini davam etdirməyə çalışsa da, peyk görüntülərinə çıxışın dayandırılması səbəbindən araşdırma çətinləşib: "Biz Rusiya daxilində və işğal olunmuş ərazilərdə potensial olaraq 35 min uşağı Qara dənizdən Maqadandakı Sakit okean sahillərinə qədər 100-dən çox yerdə, təhsil düşərgələri, himayədarlıq və övladlığa götürmə yerlərində izləyirik".

N.Reymond əlavə edib ki, onun komandasının üç il ərzində toplanmış geniş məlumat arxivinə girişi də məhdudlaşdırılıb. Onlar əvvəllər Dövlət Departamentinin proqramı vasitəsilə bu məlumatları əldə edirdilər.

Bir qrup ABŞ qanunvericisi dövlət katibi Marko Rubioya məktub yazaraq arxivlərin silinmiş ola biləcəyini düşündüklərini bildiriblər.

Əvvəlki işə "enerji istehsalı infrastrukturuna hücumların sənədləşdirilməsi daxildir. Bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən dörd ittiham aktı qəbul edilib və onlardan ikisində Rusiya generalı Valeri Qerasimov və keçmiş müdafiə naziri Sergey Şoyqu insanlığa qarşı cinayətlərdə ittiham olunub".

Buraya həmçinin əkinçilik infrastrukturuna dəyən zərər və yetkin məhbusların və hərbi əsirlərin izlənilməsi üzrə iş də daxildir. Reymond bildirib ki, bu işlər də bitib.

Bu məlumatların bəziləri əvvəlki işlərə görə təhvil verildiyi üçün hələ də Beynəlxalq Cinayət Məhkəməsi, "Europol" və Ukrayna prokurorları üçün əlçatandır. Ümumilikdə, Yel Universitetinin sübutları Beynəlxalq Cinayət Məhkəməsinin altı ittiham aktına kömək edib.

"Biz əlimizdə qalanlarla əlimizdən gələni edirik, lakin təəssüf ki, bu, çox azdır", - N.Reymond vurğulayıb.

Oğurlanmış uşaqların geri qaytarılması məsələsi Ukrayna və Rusiya arasında gələcək sülh sazişinin də mərkəzi nöqtəsinə çevrilib.

ABŞ dövlət katibi M.Rubio da martın 11-də jurnalistlərə açıqlamasında Rusiya və Ukrayna arasında həll olunmalı humanitar məsələlər arasında uşaqların da olduğunu deyib.

Martın 20-21 tarixində keçiriləcək Avropa İttifaqı sammitinin layihə nəticələrində də bu məsələyə diqqət çəkilir. AzadlıqRadiosu bu sənədi əldə edib: "Etibarlı sülhə gedən yolun humanitar yardım səylərini, xüsusən müharibə əsirlərinin mübadiləsini, mülki şəxslərin azad edilməsini və qanunsuz şəkildə Rusiyaya və Belarusa deportasiya edilən və ya aparılan bütün ukraynalı uşaqların və digər mülki şəxslərin geri qaytarılmasını ehtiva etməsi vacibdir".

Reymond vurğulayıb ki, onun komandasının işi təkcə hesabatlılıq üçün deyil, həm də diplomatik səylərin, o cümlədən uşaqların geri qaytarılması ilə bağlı danışıqların sürətləndirilməsi üçün vacibdir.

Yazı AzadlıqRadiosunun beynəlxalq aparıcı müxbiri Rey Förlonq tərəfindən hazırlanıb.

XS
SM
MD
LG