Rusiyada müharibə əleyhinə aksiyalarda 660-a yaxın adam saxlanılıb
Martın 13-də Peterburqda polis müharibə əleyhinə etiraz edən 140-dan çox aksiyaçını saxlayıb. Etirazlardan reportaj hazırlayan bir neçə jurnalistin də saxlandığı bildirilir. Saxlanan jurnalistlər Kronştadt rayonundakı polis idarəsinə aparılıb. Polisdə jurnalistlərin saxlanmasını onların sənədlərinin yoxlanması ilə izah ediblər.
Yerli KİV-lərin məlumatına görə, aksiya iştirakçıları ilə yanaşı polislər yoldan keçənləri də saxlayaraq bölmələrə aparıblar. Bildirlir ki, Rusiyanın 35 şəhərində ordunun Ukraynaya soxulmasına etiraz aksiyaların keçirilib.Yenilənmiş son məlumata görə, bu aksiyalarda 660 yaxın adam saxlanılıb.
Mariupolda həlak olanların sayının 2187 nəfərə çatdığı bildirilir
Rusiyanın Ukraynaya hücumundan bu günə qədər Mariupolda 2187 adam həlak olub. Bu barədə çəhər administrasiyasının məmuruna istinadla Reuters-in hərbi müxbiri Fil Stuart məlumat yayıb.
Mariupol bir neçə gündür Rusiya hərbçilərinin mühasirəsindədir. Şəhərin küçələrində aktiv döyüş əməliyyatları aparılır. Bu səbəbdən yerli mülki sakinlər şəhəri tərk edə bilmir, həm də şəhərə kənardan humanitar yardım gətirilməsi mümkünsüz olub.
Qroznı TV-nin telegram kanalı Kadırovun Ukraynada olduğu iddia edən video paylaşıb
Çeçenistan Respublikasının rəsmi telekanalı olan Qroznı-TV -nin Telegram kanalı “Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən döyüşçülərlə birlikdə” başlığı ilə qaranlıq görüntülər yayıb. İddia olunur ki, Ramzan Kadırov Ukrayna ərazisində.
Həmin videodakı hərbçilərdən biri Kadırova Kiyevdən 7 km aralıda uşaq evinin guya uğurlu “alınması” barədə məlumat verir. Videoda hərbçilərdən birinin dedikləri:
"Bizə təklif etdiyiniz strategiya 100% düzgün oldu. Biz kəndin "təmizliyinə” başlamadıq, sürətlə düz bu uşaq evinə gəldik, oranı əhatəyə aldıq. Amma orada uşaqlar yox idi: yalnız iki dayə ağlayırdı, Çarpayılar hələ də isti idi! Dünən SBU əməkdaşları bu uşaqları Qızıl Xaç adı altında Kiyevə apardılar!"
Amma kanal bu videonun dəqiq harada çəkildiyi və hansı uşaq evindən söhbət getdiyi barədə məlumat verməyib.
İrpendə bir ABŞ jurnalistinin həlak olduğu, digərinsə yaralandığı bildirlir
Kiyev vilayətinin polis rəisi Andrey Nebitov İrpendə ABŞ-dan olan jurnalist Brent Renaud-un həlak olduğunu açıqlayıb.
Nebitov “Facebook” səhifəsində həlak olduğu bildirilən jurnalistin mətbuat kartı və pasportunun fotosunu, eləcə də qan içində olan bir kişi meyitinin şəkillərini paylaşıb. O, həlak olan jurnalistin "The New York Times" qəzetinin müxbiri olduğunu yazıb.
"İşğalçılar hətta Ukraynada rus qoşunlarının vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də kinli şəkildə öldürürlər. Bu gün İrpində dünyaca məşhur medianın 51 yaşlı müxbiri güllələnib. Daha bir jurnalist yaralanıb. ”, - o, səhifəsində yazıb.
Kiyevdəki OXMADET Milli Uşaq Xəstəxanasının mətbuat katibi Anastasiya Magerramova Renaudla birlikdə atəşə məruz qalan Ueyn adlı amerikalı jurnalistin xəstəxanadakı videosunu yayımlayıb.
Jurnalist deyib ki,onlar İrpendə körpü yanındakı qaçqınları çəkiblər və daha sonra başqa bir körpüyə tərəf gediblər və bu zaman onlara atəş açılıb.
"The New York Times" Kiyev polisinin rəhbərinin mesajlarını hələ ki, şərh etməyib. Bildirilir ki, Brent Renaud qəzetin hərbi video müxbiri olub. O, sənədli film işinə görə bir neçə nüfuzlu mükafatlarının laureatıdır. Onun filmoqrafiyasında İraq, Əfqanıstan, Liviya və digər Afrika ölkələrindəki müharibələrin humanitar aspektlərinə həsr olunmuş şəkillər var. O, həmçinin Misir və Cənubi Amerikadakı çevrilişlərlə bağlı çoxlu məruzələrlə çıxış edib.