Rusiya hökuməti hakimiyyətə, vətəndaşların şübhə doğuran əmanətlərini pensiya fonduna köçürmək səlahiyyəti verən qanunvericilik aktının hazırlanmasına başlayıb.
Bu barədə Rusiyanın İzvestiya qəzeti və RBK agentliyi xəbər veriblər.
Sənəd Rusiya Ədliyyə Nazirliyində hazırlanıb və buna müvafiq olaraq büdcə məcəlləsinə düzəlişlər Maliyyəı Nazirliyində işlənir.
Yeni qaydalar artıq bu dekabrdan qüvvəyə minə bilər.
Lakin hələlik vəsaitlərin qanuniliyinin kim tərəfindən yoxlanacağı və şübhəli sayılacaq əmanətin minimum məbləği bilinmir.
Hazırda Rusiya qanunları qanunsuz əldə edilmiş mülkiyyətin dövlətin nəfinə müsadirə edilməsinə icazə verir.
2019-cu ilin sonunda Rusiya Konstitusiya Məhkəməsi izah etmişdi ki, bu qayda dövlət qulluqçularının gəlirlərinə nəzarət haqqında qanunun şamil edildiyi bütün şəxslərə tətbiq oluna bilər.
Bu da var ki, bu qanunun təsir dairəsinə özləri dövlət qulluqçusu və ya onun yaxınları olmayanlar da düşə bilərlər.
Korrupsiyaçıdan pensiyaçıya?
Rusiya Federasiya Şurasının iyun ayında keçirilən iclasında baş prokuror Igor Krasnov dermişdi ki, ötən il Pensiya Fonduna 21 milyard rubldan (290 milyon dollar) çox müsadirə olunmuş vəsait köçürülüb.
Xəbər verilir ki, 2020-ci ilin büdcəsində fondun rəsmi kəsiri 118, 4 milyard rubldur (1.6 milyard dollar).
İzvestiya qəzetinin məlumatına görə Dövlət Dumasındakı bütün fraksiyalar bu qanun layihəsinə səs vermək niyyətindədir.
Rusiya ekspertləri xatırladırlar ki, BMT-nin qanunsuz varlanmaya qarşı Konvensiyası mövcuddur. Rusiya hələki bu sənədi imzalamayıb.
Buna baxmayaraq Rusiyada təklif olunan qanun layihəsi prinsipcə BMT Konvensiyasının eynidir. Yeganə fərq müsadirə olunan qanunsuz vəsaitlərin ümumi büdcəyə deyil, pensiya fonduna köçürülməsi barədə müddəadır.
Ekspertlər deyirlər ki, Rusiya hökuməti bununla iki problemi həll etməyə çalışır. Bu həm korrupsiya ilə mübarizəyə töhfə verməli, həm də pensiya fondundakı kəsiri azaltmalıdır.