Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

Rusiya öz vətəndaşlarına ‘xarici agent’ damğası vuran qanunu qəbul etdi


Federasiya Şurası
Federasiya Şurası

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası hakimiyyət orqanlarına xarici agent kimi qeydiyyatdan keçmiş xarici təşkilatlar üçün işləyən jurnalistləri rəsmən xarici agent kimi qeydiyyata almaq imkanı verən qanunu qəbul edib.

Noyabrın 25-də qəbul edilmiş qanun layihəsində deyilir ki, xarici media ilə işləyən və xaricdən maliyyə dəstəyi alan şəxslər xarici agent kimi qeydə alınmalıdırlar.

Qanun layihəsinin qanun kimi qüvvəyə minməsi üçün onu prezident Vladimir Putin imzalamalıdır.

Rusiya xaricdən maliyyə alan QHT-ləri xarici agent edən qanunu əslində 2012-ci ildə qəbul edib.

O vaxt Vladimir Putinin prezidentliyə qayıtmasına qarşı böyük bir etiraz dalğası vardı.

Putin buna görə Qərbin təsirini ittiham edirdi.

Qanunun tənqidçiləri deyirlər ki, yeni layihə artıq konkret olaraq jurnalistlərin xarici agent kimi qeydiyyatdan keçməsini tələb edəcək.

AzadlıqRadiosunun prezidenti Jamie Fly noyabrın 24-də deyib ki, bu qanun jurnalistlərin şəxsi həyatına və təhlükəsizliyinə “müdaxilə” edəcək və “Rusiya tarixinin ən qaranlıq dövrlərini yada salır”.

AzadlıqRadiosu artıq bu qanunun hədəfinə çevrilib.

Noyabrın 15-də Rusiya Ədliyyə Nazirliyi AzadlıqRadiosunun Sever.Realii internet saytını xarici agent elan edib. Nazirlik bildirir ki, bu qərarı Rusiya parlamentinin ölkənin daxili işlərinə müdaxiləni araşdıran komissiyasının gəldiyi nəticələrin əsasında qəbul edib.

Cənab Fly 21 noyabr tarixli bəyanatında bildirir ki, bu qərar AzadlıqRadiosu və başqa xarici media jurnalistlərinin hədəflənməsi cəhdlərinin qorxulu eskalasiyasının təzahürüdür.

Onun fikrincə, hökumət rus xalqının yalnız Kremlin istədiyi informasiyanı almasına çalışır.

2017-ci ilin dekabrında Ədliyyə Nazirliyi Current Time TV və AzadlıqRadiosunun bir çox başqa layihə və xidmətlərini, habelə Amerikanın səsi radiosunu xarici agent elan etmişdi. Bunların arasında AzadlıqRadiosunun Tatar-Başqırd Xidməti, Sibir.Realii, Idel.Realii, Factograph, Kavkaz Realii və Krym.Realii saytları var idi.

Rusiya rəsmiləri deyirdilər ki, bu, ABŞ-da Rusiyanın təbliğatı ilə məşğul olan RT kanalının xarici agent elan edilməsinə “simmetrik cavabdır”.

ABŞ rəsmiləri isə bildirirlər ki, bu addımlar “simmetrik” sayıla bilməz, çünki Amerika və Rusiya qanunları mahiyyət etibarilə fərqlidir. Bundan başqa RT ABŞ-da kabel televiziyası ilə yayınlandığı halda, AzadlıqRadiosu üçün Rusiyada belə bir imkan tanınmayıb.

XS
SM
MD
LG