Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:51

Miqrantlara iş təklifi: cəbhədə cəsəd yığmaq, səngər qazmaq...


Rusiyalı könüllü döyüşçülər Ukraynada cəbhə xəttində
Rusiyalı könüllü döyüşçülər Ukraynada cəbhə xəttində

Urmat bir Rusiya şirkəti ilə müqavilə bağlayıb. O günə 120 dollar qarşılığında Ukraynada cəbhə xəttində ölən Rusiya əsgərlərinin cəsədlərini toplamalıdır.

Soyadının çəkilməsini istəməyən qırğızıstanlı mühacir bu işlə bağlı üzləşəcəyi risklərdən xəbərdar olduğunu deyir. O bu mövzunu Ukraynada müharibə zonasında işləyən qırğız miqrantlarla da müzakirə edib.

"Mənə dedilər ki, bəzən onlar atışmaya düşüb ölürlər. İnsanlar bu cür işə çarəsiz durumda olduqları, bəziləri borcları üzündən razılıq verir”, – Urmat AzadlıqRadiosunun qırğız xidmətinə müsahibəsində bildirir.

Hökumətlər öz vətəndaşlarına Ukraynaya getməmək xəbərdarlığı etsə də, yüzlərlə ortaasiyalı miqrant Moskvanın işğal etdiyi Ukrayna ərazilərində çalışmaq üçün Rusiya şirkətləri tərəfindən işə götürülüb. Kiyev də bu cür işçilərin Rusiya işğalçılarının havadarları kimi görüləcəyini bəyan edib.

Tikinti işləri, səngər qazmaq, cəsəd toplamaq

Miqrantların əksəriyyəti Mariupol kimi dağıdılmış şəhərlərdə tikinti işlərində çalışır. Səngər qazmaq və cəsədləri toplamaq işlərini görənlər də var.

Orta Asiyadan olan bir neçə miqrant qadın deyir ki, onlara Rusiyanın işğal etdiyi şərqi Ukraynada hərbi hospital, bufet və zavod kimi yerlərdə işlər təklif edilib.

Pul miqrantların əsas motivasiya mənbəyidir.

Məsələn, Ukraynanın Rusiyanın işğalı altında olan ərazilərində tikinti işləri üçün ayda 2 min – 3 min dollar maaş təklif olunur. Bu, işçilərin Rusiyada qazana biləcəyindən xeyli çoxdur.

Miqrant işçilərin maaşları Rusiyanın regionlarına görə dəyişsə də, martın 7-də bir neçə miqrant aylıq məvaciblərinin 600-1200 dollar arasında olduğunu deyib.

Aya 1200 dollar

Ukraynadakı işlərin elanları saytlar, “Telegram” qrupları və digər sosial media platformalarında dərc edilir. Sorbon K. adlı tacikistanlı işçinin sözlərinə görə, miqrantlar bu işlər haqda öz iş yerlərindən, ya da tanıdıqları digər ortaasiyalı işçilərdən də eşidirlər.

Sorbon yol tikintisi işində ayda 1200 dollar qazandığını deyir. Bu, Qərbi Sibirdə yerləşən Surqut bölgəsində aşağı ixtisaslı mövsümi işçilərə verilən “ən yaxşı maaşlardan biri” sayılır.

"Burada [Orta Asiyadan] olan tanıdığım miqrantların əksəriyyəti işləmək üçün Ukraynaya getməkdə qətiyyən maraqlı deyillər. Ancaq vaxtaşırı kiminsə ora getdiyini eşidirəm. Mariupola işləməyə gedən, sonra da qohumlarını ona qoşulmağa həvəsləndirən bir tacik kişini tanıyıram”, – o söyləyir.

Ukraynadakı işlər təhlükəsiz və yaxşı maaşlı kimi təqdim edilir. Ancaq Ukraynada işləyən onlarla miqrant onlara söz verilən məvacibi ala bilmədiyindən şikayətlənir.

Gözləntiləri doğrulmadığı üçün narazı qalan işçilərin bəziləri Ukraynanı tərk etməyə çalışsa da, sərhədçilər onları yenidən Rusiyaya buraxmır.

“Dedilər ki, adım ‘qara siyahıdadır’”

Fevralın 25-də Ukraynada bir Rusiya şirkətində çalışan bir Qırğızıstan vətəndaşı AzadlıqRadiosuna sərhədçilərin onu yenidən Rusiyaya buraxmadığını deyib.

Təhlükəsizlik səbəbindən adının dərc olunmasını istəməyən həmin şəxs 2022-ci ilin mayında, şəhərin işğalından az sonra, 400 işçi ilə birlikdə Mariupola gəldiyini deyir. Onun sözlərinə görə, həmin işçilər arasında 20 nəfər Qırğızıstan vətəndaşı da olub.

"Bir Rusiya tikinti şirkəti ilə müqavilə imzaladıqdan sonra Mariupola gəldim və burada səkkiz aydan çox işlədim. Fevralın 24-də Ukraynanı tərk etmək qərarına gəldim. Ancaq sərhəddə keşikçilər məni yenidən Rusiyaya girməyə qoymadılar. Dedilər ki, adım “qara siyahıdadır”. Özüm də bilmirəm niyə”, – hazırda Ukraynanın şərqində olan həmin şəxs AzadlıqRadiosunun qırğız xidmətinə telefon müsahibəsində deyib.

AzadlıqRadiosu bu işçinin iddialarının həqiqiliyini yoxlaya bilməyib. Moskvadakı Qırğızıstan diplomatları məsələni araşdırmağa çalışdıqlarını deyirlər.

Artıq on illərdir ki, işsizliyin xroniki hal aldığı Qırğızıstan, Tacikistan və Özbəkistandan milyonlarla insan iş tapmaq üçün Rusiyaya üz tutur.

“Ruslar həbsxanalardan tibb işçilərini toplayırlar”

Rusiya şirkətlərinin hətta ölkə həbsxanalarında yatan ortaasiyalı qadın məhbusları da hədəfə aldığı haqda xəbərlər var. Onlara pul və cinayət keçmişlərinin silinməsi qarşılığında Ukraynada işləmək təklif olunur.

Qırğızıstanın cənubunda yerləşən Oş şəhərinin sakini Tilekmat-ata 31 yaşlı qızının Rusiyada narkotik qaçaqmalçılığı maddəsi ilə altı illik həbs cəzası çəkdiyini deyir.

Tilekmat-ata ixtisasca tibb bacısı olan qızının şirnikləndirilərək Ukraynada işə cəlb ediləcəyindən qorxur. O bu yaxınlarda atasından tibb məktəbindən aldığı diplomunu göndərməsini xahiş edib.

"Ona sənəd-filan göndərən deyiləm. Ona ayda 1200 dollar maaş söz veriblər. Deyilənə görə, ruslar həbsxanalardan tibb işçilərini toplayırlar", – Tilekmat ata AzadlıqRadiosuna deyib.

Tilekmat-ata qızının Ukraynaya getməkdənsə, “olduğu yerdə qalıb” həbs müddətini bitirməsi fikrində qətidir.

“Onlar üçün o da bir işdir”

Tacikistanın şimalındakı Suğd əyalətindən olan keçmiş riyaziyyat müəlliməsi Xosiyat Safarmatova son on ilin çox hissəsini Rusiyanın Tümen vilayətində keçirib. Tümen onminlərlə ortaasiyalı miqrant işçinin üz tutduğu populyar məkandır.

Safarmatova qonşuluğunda bir neçə tacik və özbəyin Rusiya işğalı altında olan Ukrayna şəhərlərində işlədiyini, yaxud “ora getmək haqda düşündüyünü” deyir.

"Məni şoka salan odur ki, onların çoxu Ukraynaya işləməyə getməyin düzgün və ya yanlış olduğu haqda düşünmür. Onlar üçün o da bir işdir”, – o bildirir.

Rusiyalılar kimi burada yaşayan miqrantların da çoxu Moskvanın müharibə ilə bağlı təbliğatına inanır, müharibənin başlanmasına görə Ukrayna və Qərbi günahlandırır.

"Bəzi adamlar Ukraynaya getmək haqda düşünür, ancaq son nəticədə müxtəlif risklərə görə getməməyi seçir. Bunun əxlaqsız, yaxud yanlış hərəkət olduğunu düşündükləri üçün yox, risklərə görə”, – o deyir.

XS
SM
MD
LG