Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:10

Rusiyanı Qərbdə tanıdanlar


Kantemir Balaqov
Kantemir Balaqov

Sankt-Peterburqda yerləşən Avropa Universitetinin siyasi elmlər professoru Oleq Xarxordin «Forbes Life» jurnalına müasir Rusiya mədəniyyətinin ölkəni Qərbdə necə təmsil etməsi haqda məqalə yazıb.

Məqalədə kino klassiki Andrey Konçalovski ilə gənc nəslin nümayəndəsi Kantemir Balaqov müqayisə edilir: əgər Konçalovski Qərb həyatının dramını rusiyalılara yaxın və anlaşılan edirsə, Balaqov əksinə, rus həyatını Qərbi Avropaya anlaşıqlı dildə çatdırır. Biri isti mövsümdə Moskvada böyük auditoriya cəlb edə bilirsə, digəri, xüsusilə də Kanndakı uğurlarını nəzərə alsaq, Rusiya mədəniyyətinin Fransaya ixracının lideri sayılır.

Stalinqrad simvolu

«Marksistlər haqlı idilər: 1950-80-ci illərdə Qərb kinosunun meynstrimi, adətən, kapitalist cəmiyyətində yaşayan insanın problemlərini sovet adamlarına ümumbəşəri problemlər kimi sırıyırdı. Məhz buna görə də bu filmlər sovet publikasına maraqlı,.. ya da əksinə, darıxdırıcı... idi».

«...Stalinqrad İkinci Dünya müharibəsinin Avropada başa düşülən simvoludur. Parisdə bu adda metro stansiyası da var. Ancaq 1946-cı ilin müharibə sonrası qarmaqarışıqlığını - demək olar, hər kəsin həyatının sındırılmış olmasını Fransada anlamaq çətindir. Bu o Fransadır ki, Sartr faşist işğalı altında Sen-Jermen bulvarındakı kafedə ekzistensializm şedevri sayılan «Varlıq və heçlik» kitabını yaza, həmkarı, filosof Merlo-Ponti isə universitetdə yəhudi və kommunistlərə qarşı repressiyalardan sonra boşalmış professor yerini tuta bilirdi. Bu qarışıqlıq Fransada anlaşılan deyil. O bir çox Avropa xalqlarının mədəni yaddaşından silinib (ola bilsin ki, almanlar, polyaklar və böyük hərbi itkilər vermiş digər millətlər istisnadır). Bu qarışıqlığa diqqət cəlb etmək cəhdləri hətta bəzi avropalıları qıcıqlandıra bilər. Xüsusən də Rusiyada 1945-ci il qələbəsinin ailə səcdəgahı və döyüş yoldaşlarının birlikdə yad etdiyi dayaqdan hökumətin dəstəklədiyi rəsmi kulta çevrilməsi fonunda».

Əbədi strategiya

«...Prinsipcə, Avropaya Rusiya adlı güzgüyə baxaraq özünü dərk etmək imkanı vermək, yaxud da Rusiyaya Avropa adlı güzgüyə baxaraq özünü dərk etmək imkanı vermək – bunlar rus rəssamları və alimləri üçün iki əbədi, bir-birini tamamlayan strategiyadır.

Son illərin elmində bu iki strategiya Yuri Lotman və Mixail Baxtinin adları ilə bağlıdır. Lotman strukturalist analizin köməyi ilə bir çox mədəniyyətlərə xas dünya inkişaf tendensiyalarının özünü Rusiya müstəvisində necə göstərməsini üzə çıxarırdı. Baxtin isə, əksinə, ...Rable haqqında kitabında Rusiya həyatında bizim əks halda görməyəcəyimiz şeyi detallı görməyə və təhlil etməyə imkan verib....».

«Avropaya özünü Rusiya vasitəsilə anlamaq imkanı vermək Lotman və Balaqovun strategiyasıdır. Rusiyaya özünü Avropa vasitəsilə anlamaq imkanı vermək Baxtin və Konçalovskinin strategiyasıdır. Deyəcəklər ki, Baxtini həm də ixrac məhsulu kimi nəzərdən keçirmək olar. Əlbəttə, bu, şişirdilib. O, Rable haqda yazanda yəqin ki, onu ...Fransanın kitabında nə görəcəyi yox, ətrafdakı sovet gerçəkliyi maraqlandırırdı. Cəmiyyətin bu transformasiyası SSRİ-də «sənayeləşmə» adlandırılırdı, əslində isə «kəndləşmə» idi. Kənd təsərrüfatı tarixçisi Moşe Levinin qeyd etdiyi kimi, 1920-ci illərin sonları – 30-cu illərin əvvəllərində Moskvaya 2 milyon kəndli köçmüş, kənd məişətinin bir çox cəhətlərini şəhərin hərəsində 200 ailə yaşayan barak və yataqxanalarına daşımışdı. Ancaq zaman keçdikcə, Amerika, daha sonra həm də Fransa özünü Rablenin Baxtin tərəfindən təfsiri vasitəsilə anladı: məsələn, solçular karnaval mədəniyyətini kapitalist iyerarxiyasının sındırılması vasitəsi kimi tərənnüm etməyə başladılar».

XS
SM
MD
LG