Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:38

Nə idi bu filmin tamaşaçılarını şoka salan?


Andrei Konchalovsky
Andrei Konchalovsky

-

Bu film ruslar əleyhinə də deyildi.

Əksinə imperiya qura bilənlərə bir himndi. Qozbel, topal, qultək dözümlü xalqın, sadə kəndlinin imperiyanı necə qurmağının sirrini açır bu film...

Baxılmalı filmlər

Əli İsa Cabbarov

20 İL QADAĞAN EDİLMİŞ SOVET FİLMİ

Andrei Konchalovsky dünyanın altıda birinə nəzarət edən dövlətin himnini yazan şairin oğlu olmağın nə demək olduğunu yaxşı bilirdi.

O, gözəl qadınların ram edilməsininin şirinliyini də adi bir hala çevirmişdi.

Və Kann Festivalının əsas mükafatlarından birini alandan sonra Amerikaya mühacirət edib 8 ilə yaxın faktiki işsiz qalmağın, Rusiyadan göndərilən kilolarla kürünün hesabına lazımi peşəkar tanışlıqlar qurmağın, üzünə gülən insanların səndən “KGB” agenti kimi şübhələnmələrinin də nə olduğunu bilirdi.

Halbuki 1966-cı ilin Konçalovskisi Aytmatovun əsəri əsasında çəkdiyi ilk qısametrajlı filminə görə Venesiya Film Festivalının mükafatını almışdı. Tarkovskinin ilk iki filminin həmmüəllifi idi. Amma eyni zamanda dövlət tərəfindən yetərincə sığallanan əsl sovet pleyboyu idi.

İntellektual, istedadlı, peşəkar, şanslı.

Dramaturq Yuri Klepikovun “Sevən, amma ərə getməyən Asya Klyaçinanın hekayəsi” filminin ssenarisini məhz Konçalovskiyə təklif etməsinə və istehsalata başlamaq üçün 3 il gözləməsinə təəccüblənməyə dəyməz.

Konçalovski ilk baxışdan kənddə baş verən sevgi əhvalatını ənənəvi kənd həyatını nəql edən sovet filmləri stilində çəkməkdən imtina edir. Real kəndi və real kəndliləri seçir.

Sovet kinosunda kənd mövzusunun öz spesifikasi vardı. Kənd mövzusunda sovet filmlərinin tonallığını İvan Pıryevin “ Kuban kazakları” filmi diqtə edib.

Bu film haqda qısa belə demək olar: Həqiqətdən başqa hər şey. Yaxşı ilə lap yaxşının konflikti. Sovet kinosu kəndli həyatı haqda hansı həqiqəti danışa bilərdi axı?

20-ci əsrin 20-ci illərində Volqa çayı sahili kəndlərini hannibalizmə gətirən aclıqdan? Yoxsa qolçomaqlıqla mübarizə adı ilə kəndliləri sinif olaraq terror etməklərindən.

Bəlkə kəndlilərin hüququnu təhkimli səviyyəsinə salmaqlarından?

Belə bir tarixi fonda Konçalovskinin 60-cı illərın ortasında kamerasını real kənd və real kəndliyə tuşlamasında inqilabi bir jest vardı.

Filmin qapalı nümayişindən sonra DTK sədri Semiçastnının “bu filmi ancaq MKİ agenti çəkə bilərdi” replikası anlaşılandı. (Ardı aşağıda)

Bu sözlər kəndlini qultək istismar edən dövlətin generalının dilindən çox adekvat səslənirdi.

Filmin geniş tamaşaçı kütlələri qarşısına 20 illik qadağadan sonra çıxması da təsadüfi deyildi. “Sevən, amma ərə getməyən Asya Klyaçinanın hekayəsi” sovetin bolşevik qlamuruna qarşı üsyan idi.

Məşhur sovet nəzəriyyəçisi V. Şklovskinin filmin qapalı baxışı zamanı estetik şokdan ürəyi getmişdi. İ. Smoktunovski isə Leninqradda ilk baxışdan sonra hisslərini ifadə etmək üçün səhnəyə çıxıb rejissorun qarşısında diz çökməkdən başqa bir forma tapmamışdı.

Nə idi filmin tamaşaçılarını şoka salan? Sadəcə həqiqət. Hər gün Moskvadan 100 km. aralananda gördükləri, bildikləri, amma heç vaxt kinoda, TV-də, həqiqət yayımını monopoliyaya almış Mərkəzi Televiziyanın “Zaman” proqramında göstərilməyən həqiqət.

Bəzək-düzəksiz.

Ancaq əlahəzrət fakt.

Kəndlilər baraklarda yaşayır, yağışda, gündə dincəlmədən işləyir, Tanrıya inanır, ona and içir, evlərindən ikonalar əskik olmur, sevir, sevilir, qısqanır ,uşaq doğur, sonra yenə işləyirlər, özü də gecələr, yatmadan işləyirlər.

Konçalovskinin əks etdirdiyi sovet kəndində dövlətin rəsmi ideologiyası olan leninizm ancaq filminqəhrəmanının sinəsinə vurulmuş döymədədi. Topal Asyanı sevən, şəhərdən məhz onu özünə arvad eləmək üçün gələn Çirkunovun sinəsinə Lenin və Stalinin profilləri döyülüb. Çirkunov Asyanı sevir, onun sürücü Stepandan hamilə olması da Çirkunov üçün maneə deyil. Belə də deyir: “Topal olanda nə olar, mən səni necə varsansa, elə sevirəm” .

Sovet təbliğat maşını imkanlı kəndlilərə mülkədar deyib onlara qarşı mübarizəyə çağırırdı.
Sovet təbliğat maşını imkanlı kəndlilərə mülkədar deyib onlara qarşı mübarizəyə çağırırdı.

Sevir, vəssalam. Asya isə Stepanı sevir. Stepanın əhlikefliyini, hərdəmxəyallığını bilir, amma sevir.

Ruslar belədir: sevirsə deməli, sevir. Onlar belə sevir - dəli kimi. Qul kimi işləyir, qul kimi istismar olunur, amma yenə sevir. Hardasa uzaqlarda oturan rəhbərlər müharibəyə başlayır, onlar əllərindəki beli, orağı, yabanı tüfəngə, Kalaşnikov avtomatına dəyişib vuruşur, qalib olur, kəndləri, şəhərləri fəth edib öz kəndinə qayıdır. Və sonra yenə də sevir, uşağı olur, əlinə beli, baltanı, yabanı alıb işləyir.

Film sovet kəndlilərinin biçin prosesini xronikal tərzdə,bütün xırda detalları ilə, realist, əksər rolların kəndlilərin özünün ifası ilə, ağ-qara təsvirdə əks etdirir.

İşdə yaranan fasilələrdə isə onlar sevirlər. Ya da sevgilərindən danışırlar. Filmdə üç belə monoloq var. İkisində sevgi hekayəti müharibə ilə başlayır. Müharibə və sevgidən başqa rusların dünyaya təqdim edə biləcək nəsnələri yox sanki.

Traktorçu öz sevgilisi haqda danışanda “müharibədən gətirdim onu” deyir.

İkinci əhvalatı danışan Fyodor baba da, müharibə ilə başlayır: Müharibədən gələn kimi məni tutdular.- Niyə tutdular?- Heç nədən”. Sonra türmədən gələndən sonra yarı ilə görüşünü danışır: “qabaq-qabağa oturub qurumuşduq. Heç qucaqlaşmadıq da. Dedim Nyura, evdə işlər necədi? Dedi “yaxşı deyil”, elə bil oraqnan ürəyimi paraladı. Dedim çörək yoxdu? Dedi “çörək var, amma sən gəlmisən əyninə geyinməyə heç nə yoxdu. Uşaqlar bütün paltarlarını geyinib köhnəldiblər. “Nə olsun, əynimdəki gödəkçə, bir də əllərim bəs edər...”

Gözlərindən gildir- gildir yaş axa- axa danışır bu əhvalatı Fyodorbaba, sonda dedikləri isə filmin manifestidi, Konçalovskinin əsas mesajıdı: Xalq çətinliklərə sinə gərdi, yenə də özünü torpağın sahibi hiss etdi. İnam, Ümid və Sevgi isə xalqda həmişə olub.İnam: yəni xalq inanır ki, həyat daha da yaxşı olacaq. Ümid: biz öz gücümüzə ümid edirik. Əgər öz gücümüz çatmasa, gənclər, övladlarımız, nəvələrimiz qurub yaradacaq. Sevgi isə... Sevgi isə, vətənə, torpağa, rus torpağına sevgidir. Tək kəndimizə yox, bütün Rusiyaya. Budur sevgi. Bax belə mənim balam...”

Fyodorunmonoloqu qırmızı terrora, kəndli genosidinə, 37-nin repressiyalarına, 4 il ərzində dəhşətli dünya müharibəsində bütün zülmlərə baxmayaraq duruş gətirmiş sadə rus kəndlisinin həyat devizidir, onu sınmağa qoymayan konseptidir. Rusun qələbə ideologiyasıdır. Kəndin sovxozunun aşpazı topal Asya isə abstarkt qələbələr hayında deyil. Ona səadət lazımdır, adidən də adi qadın səadəti. Sevdiyi yanında olsun, vursun, döysün, amma yanında olsun, bir az da sevsin, çox yox, bir az sevsin. Asya hər şeyə dözər.

Uşağın atasınıın “xala xətrin qalmasın” evlənmək söhbətini də rədd edir: “Uşaq təzə doğulub burdasan, ayaq açacaq təzədən soyuyacaqsan.”

Şəhərdə evi olan Çirkunova da getmir. “Tək qalmaram, briqadirimiz kömək edər, Proxor dayı kömək edər” deyir.

Filmin adının uzun versiyası da var: “Qürurlu olduğuna görə sevib evlənməyən Asya Klyaçinanın hekayəsi”. Asya sadəcə sevir...

Axırıncı dəfə baxanda bu filmdəki kəndliləri dəfələrlə ezamiyyətlərdə və hərbi xidmətdə olarkən yaxından izləmək imkanım olan Azərbaycan kəndi və Azərbaycan kəndlisi ilə müqayisə etdim.

Rus kəndlisindən fərqli olaraq bizim kəndli öz kəndliliyindən utanır, şəhərli qarşısında özünü ikinci dərəcəli hiss edir. Gələcəyini özünün kənd dünyasının inkişafında yox, imkan tapan kimi şəhərə köçdə görür.

Rus kəndlisindən fərqli olaraq Vətən çağıranda vuruşmağı içində əsgər missiyasını hiss etməsi ilə bağlı deyil.

Azərbaycan kəndlisi üçün vətən gəlirli və təhlükəsiz yerdir. Ona görə təhlükə olan kimi köç edir. Necə deyərlər: Qalxdı, köç eylədi Əfşar elləri. Bəlkə buna görə ölkəmizə yox, yalnız qarnımıza və evimizə nəzarət edə bilirik. Son vaxtlar evimizi də qoruya bilmirik.

Konçalovskinin filmi sovet qlamuruna qarşı üsyan idi, amma anti-sovet deyildi. Onun filmində rus kəndlisi topal, qozbel, çirkli baraklarda yaşayırdı, amma bu film ruslar əleyhinə də deyildi. Əksinə imperiya qura bilənlərə bir himndi. Qozbel, topal, qultək dözümlü xalqın, sadə kəndlinin imperiyanı necə qurmağının sirrini açır bu film.

Fyodr babanın monoloqundakı “İnam, Ümid, Sevgi” triadasındadır bu sirr.

Bəlkə mən səhv edirəm?Bəlkə mən A. Konçalovskinin usta rejissurasının tilsiminə qapalıb sərsəm-sərsəm danışıram...

Bəlkə də...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG