Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:58

Sanksiyalı Rusiya Türkiyə vasitəsilə Almaniyadan 300-dək dəzgah alıb


Vladimir Putin KamAZ zavodunda (Arxiv fotosu)
Vladimir Putin KamAZ zavodunda (Arxiv fotosu)

Moskvanın üzərinə qoyulmuş sanksiyalara baxmayaraq 2023-cü il ərzində Rusiyaya nəqliyyat vasitələri və hərbi sursatlar üçün hissələr hazırlayan Almaniya istehsalı 300-dək dəzgah gətirilib. Bu barədə Almaniyanın SWR teleradio şirkətinin apardığı təhqiqatın nəticələrində deyilir.

Jurnalistlərin əldə edə bildikləri gömrük sənədlərindən məlum olur ki, 2023-cü ilin dekabrınadək Rusiyaya Almaniya istehsalçılarının 300-dək dəzgahı gətirilib.

Bu dəzgahların əksəriyyəti iri sənaye maşınları və rəqəmsal proqramlı dəzgahlardır.

Kompüterlə idarə olunan bu dəzgahlar polad və metal lövhələri qatlaya, kəsə və qaynaq edə bilir.

Nəqliyyat vasitələri və ya təyyarələrin, habelə onlar üçün sursatın istehsalı bu dəzgahlar olmadan mümkün deyil.

Təyyarə və raketlər üçün mühərriklər

SWR Ukrayna İqtisadi Təhlükəsizlik Şurasının təhlilçisi Yelena Yurçenkoya istinadla bildirir ki, Rusiyada belə dəzgahların 80 faizindən təyyarə, hərbi texnika və sursatın hazırlanmasında istifadə olunur.

SWR-in fotoşəkil və videomaterialları əsasında müəyyən etmək mümkün olub ki, Almaniya dəzgahlarından Rusiyanın KamAZ, Parsek və “Sənaye həlləri” müəssisələrində istifadə edilir. Bu müəssisələr isə öz növbəsində Rusiya hərbçilərini təyyarə və raketlər üçün mühərrik və detallarla təchiz edirlər.

SWR məhsulları Rusiyaya ixrac edilən 30-dək Almaniya istehsalçısını müəyyən edə bilib.

Bunların böyük əksəriyyəti Baden-Vertemberq torpağında yerləşir. Bu şirkətlərin arasında Walter Maschinenbau, Vollmer, Fein GmbH, Heller və başqaları da var.

Cinayət olsa da, qarşısı alınmır

Bu da bildirilir ki, üç haldan ikisində dəzgahlar Rusiyaya Türkiyə vasitəsilə gətirilib.

Bu prosesdə iştirak edən Türkiyə vasitəçilərinin Rusiya ilə birbaşa əlaqəsi var. Bəzi şirkətlər isə Rusiya sahibkarları tərəfindən yaradılıb.

Almaniya maşınqayıranları jurnalistlərə onların istehsalı olan dəzgahların Rusiyaya necə gedib çıxdığını izah edə bilməyiblər.

Almaniya Maşınqayırma Şirkətləri Assosiasiyasından təhqiqatçı jurnalistlərə deyiblər:

"Biz ondan çıxış edirik ki, dəzgah və sənaye maşınları istehsalçıları ümumilikdə sanksiyalara və məhdudiyyətlərə riayət edirlər. Lakin mövcud qanunvericiliyə əməl etməyən vasitəçi təchizatçılar cinayətə əl atırlar. Buna baxmayaraq biz Türkiyəyə ixracı dayandırmaqdan imtina edirik”.

XS
SM
MD
LG