Ermənistan baş naziri Nikol Paşinyan martın 26-da parlamentdə çıxışında üç keçmiş prezidenti sərt tənqid edib. Paşinyan Qarabağın itirilməsinə görə onu günahlandırmaqdan əl çəkməsələr, sabiq prezidentləri "divara çırpmaq" və "ayaq altında tapdalamaq" ilə hədələyib.
Qəzəbli çıxışında Paşinyan xatırladıb ki, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan bu məsələ ilə bağlı televiziya debatından imtina ediblər.
"Əgər müzakirə ediləcək bir şey yoxdursa, onda susun, oturun", - Paşinyan parlamentin iclasında bildirib. "Əgər debat etməyə hazırsınızsa, gəlin danışaq. Mən sizlə debat etməyəcəyəm, sizi divara çırpacağam və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq. Bu, hər üçünüzə aiddir. Əsəblərimlə oynamağı dayandırın".
"Ya susub bu mövzu barədə danışmırsınız, ya da canlı debat edirik," - Paşinyan xəbərdarlıq edib. "Başqa seçim yoxdur."
Paşinyan ötən ilin dekabrında keçmiş prezidentləri debata çağırmışdı. Buna səbəb onların yekdilliklə Paşinyanın iddialarını rədd etməsi idi. Paşinyan iddia edirdi ki, Minsk qrupu çərçivəsində ABŞ, Rusiya və Fransanın birgə hazırladığı və Ermənistanın keçmiş hökumətləri tərəfindən nəzərdən keçirilən bütün sülh planları Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.
Keçmiş prezidentlər bu iddianı rədd edərək bildiriblər ki, Paşinyan məsuliyyətdən yayınmaq üçün açıq-aşkar yalan danışır.
Ter-Petrosyanın sözçüsü Arman Musinyan "Facebook" hesabında baş nazir Paşinyana sərt cavab verib: "O, dişləyəcək, ağlayacaq, təpik atacaq, qışqıracaq və yuxarı instansiyalara şikayət etməklə hədələyəcək, ağla gələn və gəlməyən hər şeyi edəcək. Amma o, heç vaxt Minsk qrupunun Qarabağ nizamlanmasına dair rəsmi planlarını və Ermənistanın rəsmi cavablarını, o cümlədən 2019-cu ildə özü tərəfindən rədd edilmiş planı açıqlamayacaq".
14 fevral
Paşinyan 2019-cu ildə Qarabağ sülh planı aldığını təsdiqlədi
Ermənistan baş naziri Nikol Paşinyan əvvəlki iddialarına zidd olaraq etiraf edib ki, 2019-cu ildə beynəlxalq vasitəçilər Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yenilənmiş plan təqdim ediblər. Bu, Paşinyan hakimiyyətə gəldikdən bir il sonra baş verib.
Təklif edilən plan ilk dəfə 2007-ci ildə ABŞ, Rusiya və Fransa vasitəçiləri tərəfindən hazırlanmış "Madrid prinsipləri"nə əsaslanıb. "Madrid prinsipləri" Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanımaqla yanaşı, 1990-cı illərin əvvəllərində işğal edilmiş Qarabağ ətrafındakı Azərbaycan rayonlarından erməni qüvvələrinin çıxarılmasını nəzərdə tuturdu. Qarabağın beynəlxalq səviyyədə tanınan statusu isə gələcək referendum vasitəsilə müəyyənləşdirilməli idi.
Baş nazir Paşinyan fevralın 12-də parlamentdə sual-cavab sessiyasında etiraf edib ki, o, 2019-cu ilin iyununda sülh planını alıb. Lakin o, bu faktı kiçiltməyə çalışıb. "O zaman masaya qoyulan təklif məndən əvvəl aparılan danışıqların nəticəsi idi", –Paşinyan müxalif "Hayastan" fraksiyasının üzvü deputat Aqnesa Xamoyanın sualına cavab verərkən bildirib.
Erməni deputat Paşinyanı danışıqlar masasında heç bir sənədin olmadığını deyərək Ermənistan vətəndaşlarını aldatmaqda ittiham edib. Paşinyan isə ermənilərə yalan söylədiyini inkar edərək "danışıqlar masasında həmişə bir sənəd olub" deyə cavab verib.
O, 2019-cu il planını rədd edib-etmədiyini və əgər rədd edibsə, bunun səbəbini açıqlamayıb.
Ermənistanın baş naziri 2020-ci il müharibəsindən sonra dəfələrlə "Madrid prinsipləri"ni tənqid edib. O, 2021-ci ildə iddia edib ki, ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri torpaqların Azərbaycana təslim edilməsini Yerevana qəbul etdirməyə çalışıb və bunun qarşılığında Ermənistan tərəfinə heç nə təklif etməyiblər. O zaman Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu iddianı qəti şəkildə təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan yazılı açıqlamasında o bildirib ki, Yerevan və Bakı təklif olunan sülh formulunu Paşinyan hökumətinin 2018-ci ildə "yeni yanaşmalar" irəli sürməsinə qədər intensiv şəkildə müzakirə edirdi. Popovun sözlərinə görə, 2019-cu il sülh planına əsasən, Qarabağ beynəlxalq səviyyədə tanınan müvəqqəti statusa malik olmalı və gələcək referendum keçirilənədək ətrafdakı yeddi rayondan ikisini nəzarətdə saxlamalı idi.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.