Martın 25-də Yerevanda səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistan və Azərbaycanı uzun illər davam edən danışıqlardan sonra sülh sazişini "mümkün qədər tez" imzalamağa çağırıb. Tərəflər martın 13-də sazişin mətnini yekunlaşdırdıqlarını açıqlayıblar.
"Biz Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayırıq və hər iki ölkəni bu sənədi mümkün qədər tez imzalamağa çağırırıq", - Əraqçi ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib.
"Bu sazişin Qafqazda sülh və sabitlik, eləcə də iqtisadi münasibətlərin inkişafı üçün çox vacib olduğuna inanırıq", –o, birgə mətbuat konfransında söyləyib.
İranlı nazirin fikrincə, Ermənistan-Azərbaycan sülh sazişi Cənubi Qafqazda iki dövlət arasında gərginliyin ciddi eskalasiyası riskini minimuma endirəcək.
Yerevan saziş layihəsi üzrə son fikir ayrılıqları ilə bağlı Azərbaycanın təkliflərini qəbul edəndən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi Bakını müqavilənin imzalanma tarixi və yeri barədə məsləhətləşmələrə başlamağa çağırıb. Baş nazir Nikol Paşinyan bu çağırışı ötən həftə sosial şəbəkələrdə dəfələrlə təkrarlayıb.
Mirzoyan bu gün deyib ki, Bakı hələ də müsbət cavab verməyib: "Hələlik, bu müqavilənin harada və nə vaxt imzalanacağı ilə bağlı [qarşılıqlı] anlaşma yoxdur".
Martın 13-dən bəri Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun ləğvindən asılıdır. Bakının digər tələbi Ermənistanın İranla həmsərhəd yeganə bölgəsi Sünikdən Azərbaycanın Naxçıvan eksklavına quru dəhlizinin açılmasıdır.
Əraqçi qeyd edib ki, İran onu Ermənistanla ümumi sərhəddən və ya birbaşa nəqliyyat əlaqəsindən məhrum edə biləcək dəhlizə qarşıdır. O, Tehranın Yerevanın "Sülh qovşağı" layihəsinə dəstəyini təsdiqləyib.
"Biz region ölkələrinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin istənilən dəyişməsinə və ya hər hansı digər geosiyasi dəyişikliklərə qarşı çıxırıq. Bu, İranın qəti mövqeyidir", – Əraqçi vurğulayıb.
Azərbaycan XİN Mirzoyana cavab verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri A.Mirzoyanın iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
XİN vurğulayıb ki, Mirzoyanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır.
"...Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub", – XİN əlavə edir.
Nazirlik qeyd edir ki, Ermənistanın Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.
Xatırlatma
1990-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilib.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.