Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:19

'Səid Dadaşbəylinin dəstəsi' generalın işində zərərçəkmiş olmaq istəyir


Səid Dadaşbəyli
Səid Dadaşbəyli

Dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla 13 ildən artıq həbsdə saxlanmış Səid Dadaşbəyli və onunla birlikdə mühakimə olunmuş daha dörd nəfər generalın işində zərərçəkmiş kimi tanınmaq istəyir. Söhbət Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2015-ci ildə ləğv olunana qədər bu qurumun İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin işindən gedir. Onlar Baş prokuror Kamran Əliyevə müraciət edərək həbsdə olan MTN generalının işi üzrə zərərçəkmiş qismində tanınmalarını istəyiblər:

"Bizə işgəncə veriblər"

"Biz istintaq dövründə ağır işgəncələrə məruz qalmışıq. Həmin işgəncələr 2007-ci ildə - Mövlam Şıxəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi olduğu dövrdə baş verib. Məhz bu şəxsin rəhbərliyi altında haqqımızdakı cinayət işi saxtalaşdırılıb, müəyyən sənədlərə imza atılıb. Bütün bunlara görə Mövlam Şıxəliyev şəxsən məsuliyyət daşıyır".

Ərizəçilərdən Rasim Kərimov iddia edir ki, onlara verilən işgəncələrə ya Şıxəliyev özü birbaşa rəhbərlik edib, ya da baş verənlərdən xəbərdar olub. Onlardan biri – Emin Məmmədov işgəncələrə dözməyərək vəfat edib.

Ərizəçilər AzadlıqRadiosuna bildirib ki, apreldə baş prokurora ünvanladıqları müraciətə hələ də cavab almayıblar.

Şıxəliyevin işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Bu qurumdan AzadlıqRadiosuna bildirilib ki, istintaq qrupuna belə bir məktub daxil olmayıb: "Mövlam Şıxəliyev və Nizami Şirinovun (Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi) işi üzrə istintaq davam edir. Əgər zərurət olsa, sonda onların işi ayrılacaq, zərurət olmasa, ayrılmayacaq, məhkəməyə birlikdə göndəriləcək. Hələ ki, istintaq davam edir".

Mənbə onu da əlavə edib ki, Şıxəliyevdən şikayətçi olan və zərərçəkmiş qismində tanınmaq istəyən başqa şəxslər də var. Amma onların zərərçəkmiş kimi tanınmaq istəkləri qəbul edilməyib: "Hər "zərərçəkmişəm" deyənə bu statusu vermək olmaz axı...".

İttihamlar

Cinayət işinin materiallarında iddia olunur ki, Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi işlədiyi dövrdə tabeliyindəki şəxslərlə birlikdə sübutları saxtalaşdırıb, külli miqdarda rüşvət alıb, müxtəlif adamların əmlaklarını və pulunu hədə-qorxu ilə ələ keçirib. Sübutların saxtalaşdırılmasıyla bağlı doqquz hal, başqasının əmlakını ələ keçirməklə bağlı isə dörd hal müəyyənləşdirilib.

Nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov isə bu vəzifədə işlədiyi dövrdə adamlardan MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, tabeliyindəki əməkdaşın işdən çıxarılmaması və s. adlarla rüşvət almaqda suçlanır. Bundan başqa, o da müxtəlif adamların əmlakını hədə-qorxu ilə əlindən almaqda ittiham edilir.

Şıxəlıyev və Şirinova CM-in 182 (hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Onların işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, generallar özlərini təqsirli bilməyib.

Hər iki general Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarələrə rəhbərlik edib. 2015-ci ilin oktyabrında Mahmudov nazir postundan çıxarılandan və MTN-in 20-dən artıq vəzifəlisi həbs ediləndən sonra Şıxəliyevlə Şirinov da uzaqlaşdırılıb.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin QuliyevTeymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG