Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:27

Abbas Abbasovun oğlunu ittiham edən keçmiş müstəntiq məhkəmə zalından buraxıldı


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə keçmiş müstəntiqi, Hindistan vətəndaşlarından külli miqdarda rüşvət almaqda ittiham olunan Samir Kərimova aprelin 7-də hökm oxunub. Prokuror ona 8 il 3 ay həbs cəzası verilməsini təklif etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası onu həbsdən buraxmaq qərarı verib.

Məhkəmənin hökmüylə sabiq müstəntiq Cinayət Məcəlləsinin (CM) 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə təqsirli bilinib. Lakin məhkəmə ona münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib və məhkəmə zalından azadlığa buraxıb.

Keçmiş müstəntiqin ittiham olunduğu maddələrdə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Abbasovun ona böhtan atdığını deyir

63-yaşlı Kərimov Bakı şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışdığı dövrdə Azərbaycanda işləyən Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, o, əcnəbiləri keyfiyyətsiz məhsulları – yuyucu vasitələri əhaliyə satmağa görə həbslə hədələyib, onlardan həbs olunmamaq üçün 20 min dollar pul alıb.

Amma Kərimov bu ittihamı qəbul eləmir. O, məhkəmədə ifadəsində keçmiş deputat Aydın Abbasovu (uzun illər Baş nazirin birinci müavini olmuş Abbas Abbasovun oğlu-red.) günahlandırırdı. İddia edirdi ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb. Onun sözlərinə görə, hindistanlılar da Abbasova məxsus şirkətin işçiləri idi. Kimsədən rüşvət istəmədiyini və almadığını deyən Kərimovun sözlərinə görə, Abbasov keyfiyyətsiz məhsul satışıyla bağlı məsələnin üstü açıldığına görə ona böhtan atıb.

Kərimov bir neçə dəfə keçmiş deputatın məhkəmədə dindirilməsi barədə vəsatət də qaldırıb, lakin təmin olunmayıb.

Heç vaxt gizlənmədiyini deyir

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, 15 ildən artıq müddətdə orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü “ASAN Xidmət”ə gedib, ertəsi gün isə saxlanılıb.

İş materiallarında onun axtarışda olması, Rusiyada qaçıb gizləndiyi yazılsa da, Kərimov bu iddiaları qəbul eləmir. O bildirir ki, Rusiyada yaşadığı dövrdə dəfələrlə Azərbaycanın Moskvadakı səfirliyinin tədbirlərində iştirak edib, heç vaxt gizlənməyib.

Kərimov vaxtilə Yasamal rayonu, 28-ci polis bölməsinin sahə inspektoru işləmiş Ramin Talıbovla birlikdə mühakimə olunurdu. Cinayət işində iddia olunur ki, hindistanlıları hədələyib, ondan pul tələb etməyə gedəndə Talıbov da Kərimovun yanında olub.

Talıbov isə özünü təqsirli bilmir, həmin dövrdə işlədiyi bölmənin rəisinin göstərişiylə hadisə yerinə getdiyini deyirdi. Onun sözlərinə görə, baş verənlərin ona heç bir aidiyyəti yoxdur.

Məhkəmə belə nəticəyə gəlib ki, Talıbova qarşı ittiham sübuta yetirilib. Lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir.

XS
SM
MD
LG