Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:15

Seçki şikayətlərinə belə baxılır...


Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)

Artıq Azərbaycanda 5-ci dəfə gerçəkləşən bələdiyyə seçkilərindən iki həftə ötüb. Bununla belə, seçki komissiyaları onlara gələn bəzi şikayətləri araşdırmaqdadır. Qanunvericilik də buna imkan verir. Seçki Məcəlləsinin tələbinə görə, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrini Mərkəzi Seçki Komissiyası (MSK) 20 günə araşdırıb başa çatdırılmalı və təsdiq edilməlidir.

Elə dünən, yanvarın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Ekspert Qrupu 30 saylı Suraxanı birinci dairə seçki komissiyasının 24 və 31 saylı Suraxanı ikinci dairə seçki komissiyasının 30 saylı məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edib. Bundan əvvəl də başqa bir dairədə iki məntəqənin nəticələrinin ləğvi ilə bağlı məlumatlar açıqlanmışdı.

Yanvarın 5-dəki qərarın bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş bloqer Mehman Hüseynovun şikayəti ilə bağlı verildiyi bildirilir. Hərçənd, iki məntəqədə nəticələr ləğv edilsə də, bloqerin seçilmək istədiyi Qaraçuxur bələdiyyəsində bu, nəticələri dəyişməyib. M.Hüseynov isə qərardan razı qalmadığını deyib. O, Qaraçuxur bələdiyyəsində bütün nəticənin ləğvini, səslərin yenidən sayılmasını istəyir...

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna deyib ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində seçki pozuntuları barədə xeyli sayda şikayətlər yayılıb: «Əgər əvvəllər bu, seçki ilə məşğul olan təşkilatların hesabatlarında əksini tapırdısa, indi sosial şəbəkələr vasitəsilə yayılıb. Hətta bu seçkilərdə MSK rəhbərliyi də bəyan etmişdi ki, sosial şəbəkələrdə yayılan faktlar araşdırılacaq və hüquqi qiymət veriləcək. Təəssüf ki, bu faktlarla bağlı araşdırmalar yekunda doğru qiymətini tapmadı».

B.Süleymanlı
B.Süleymanlı

«Pozuntuları araşdırmadan yayınıblar»

Onun sözlərinə görə, kütləvi pozuntularla bağlı müəyyən şikayətlər göndərilsə də, müxtəlif səbəblər göstərərək onların araşdırılması yubanıb. B.Süleymanlı habelə vurğulayıb ki, əgər araşdırma aparılıb faktlar ortaya qoyulsaydı, daha bir çox məntəqələrdə də nəticələr ləğv edilərdi: «Bu da seçki komissiyalarının fəaliyyətinin qeyri-qənaətbəxş olması demək olacaqdı. Nəticədə bu komissiyalar növbəti seçkilərə qədər işlərini itirə bilərdilər. Odur ki, pozuntuları kütləvi şəkildə araşdırmadan yayınıblar».

B.Süleymanlı həmçinin qeyd edib ki, şikayətlərin həcmi barədə əllərində məlumatlar yoxdur: «Amma hətta şikayət yoxsa belə, bu əsas vermir ki, seçki komissiyaları sosial şəbəkə üzərindən seçki günü, seçki günündən sonra yayılan kütləvi pozuntularla bağlı faktları araşdırmasın. Seçkiyə müdaxilələr olub, «karusel» (təlimatlandırılan seçicilərin bir neçə məntəqədə səs verməsi) faktları və sairə var, onlar araşdırılmalıdır».

«Vəkil çatışmazlığı...»

B.Süleymanlı xatırladıb ki, seçki günündən ötən üç gün ərzində məntəqədəki seçki pozuntularından dairə seçki komissiyasına şikayət olunur. Onun vurğulamasına görə, cavab qane etmədiyi halda, yenə də üç gün ərzində bu cavabdan MSK-ya şikayət verilə bilər.

Seçki eksperti iddia edib ki, bəzən hansı səbəbdənsə bu ardıcıllıq pozulur, üç günlük müddət bitir, şikayət isə araşdırılmamış qalır: «Burada vəkil çatışmazlığı məsələsi də özünü göstərir».

MSK katibi: «Şikayətlər daxil olmaqda davam edir»

MSK katibi Mikayıl Rəhimov isə «Turan» agentliyinə bildirib ki, hələ şikayətlər daxil olmaqda davam edir və ona görə də onların sayını demək mümkün deyil: «Amma yanvarın 12-də şikayətlərin araşdırılması müddəti başa çatır. O vaxt demək mümkün olacaq ki, nə qədər şikayət daxil olub, nə qədəri əsaslı sayılıb, nə qədəri cavablandırılıb».

MSK
MSK

M.Rəhimov vurğulayıb ki, əgər şəxs üç gün müddətində məntəqədə seçki pozuntularından dairə seçki komissiyasına müraciət edirsə, onun şikayəti mütləq araşdırılır. MSK katibi də vurğulayıb ki, cavab şəxsi qane etmirsə, yenə də üç gün ərzində onlara şikayət verilə bilər.

M.Rəhimov əlavə edib ki, həmin üçü gün ərzində şikayət olunmayıbsa, bu, şikayətin verilməsi müddətinin ötürülməsi hesab edilir.

«Bu, qanunun tələbidir və qüvvədə olduqca, riayət etməyimiz lazımdır», - M.Rəhimov bildirib.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilmişdi.

Bəzi müxalif partiyalar bu seçkilərə qatılmayıb. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımı şərait yoxdur. MSK və rəsmilər belə fikirlərlə razılaşmırlar.

XS
SM
MD
LG