AzadlıqRadiosu-nun müxbiri “Referendumda müşahidəçilər kimlərdir” sualına cavab axtarıb
Müşahidəçinin anlaşılmaz işarələri...
- Siz hansı təşkilatdansınız?
- Sualı anlamadım.
- Müşahidəçi kimi hansı təşkilatı təmsil edirsiniz?
- Bu məktəbin müəllimi, həm də direktorun müaviniyəm. Biz nəzarət edirik.
- Nəyə nəzarət edirsiniz?
- Valideynlərimizə - kim gəlir, kim yox, - ona. Biz ancaq öz valideynlərimizi tanıyırıq. Burda da qeyd aparırıq.
Buna da bax: Qocaman seçici: Fransada xalq 250 ildən sonra ayıldı ki...
Uzadılan vərəqdən anlaşılmaz görünən bu qeydləri oxumaq olur:
“5-ə valideynlər, 8.00-9.00.
5k valideynlər 8.00-9.00
7g Gülnarə 8.00-9.00.
7ə Qızılgül...”.
“Nə təşkilatı soruşur, başa düşmürəm...”
Beləcə, siyahı valideyn, qadın adları, müxtəlif saat və rəqəmlər və üstəgəl işarəsi ilə davam edirdi. Müşahidəçi vəsiqəsini bizə təqdim edən Elnarə İsgəndərova deyir ki, burda gələn valideynləri işarələyir.
Onunla bir masa ətrafında oturan digər müşahidəçilərin də məktəbin müəllimi olduğunu öyrənirik.
Özünü Xırdalandakı 1 saylı məktəbin müəllimi kimi tanıdan Səhər Məmmədova da, başqaları kimi, danışmağa meylli deyil. Ondan müşahidəçi kimi hansı təşkilatı təmsil etdiyini və ya sadəcə, vətəndaş kimi MSK qeydiyyatından keçdiyini soruşuruq. Sualımızı anlamadığını deyir və yanındakı xanımı yardıma çağırır: “Nə təşkilatı soruşur, başa düşmürəm”.
Buna da bax: Deputat: 'Gözləyirik ki, referendum 100 faiz yüksək nəticəylə baş tutub...'
Müşahidəçi qutuya atılan topa bülleteni görmədi...
Abşeron rayon 45 saylı Xırdalan seçki dairəsinin 4 saylı seçki məntəqəsinin rəhbərliyi deyir ki, müşahidəçilər təşviqat kampaniyalarındandır. Özünü Nailə kimi təqdim edən məntəqə sədri ayrıca vurğulayır: “Yalnız biri YAP-dandır”.
Xırdalan seçki dairəsinin baş çəkdiyimiz digər məntəqələrində isə müşahidəçilərin önündə qeyd aparmağa gərəkli kağız-qələm müşahidə etmədik. 9 saylı seçki məntəqəsində komissiya üzvünün bir topa bülleteni düz müşahidəçilərin gözü qarşısında qutuya atmasına reaksiya verən tapılmadı. Bunu müşahidəçilərdən soruşanda, belə bir şeyi görmədiklərini vurğuladılar.
Məntəqə rəhbərliyi də, bülleteni atan komissiya üzvü də faktı inkar etdi.
“Müşahidəçilik formal xarakter alır”
“Azərbaycanda müşahidəçilik institutu getdikcə deformasiyaya uğrayır”. Seçki məsələləri eksperti, uzun illər ölkədə seçki müşahidəçiliyini təşkil edənlərdən biri - Bəşir Süleymanlı belə deyir. Onun sözlərinə görə, müşahidəçilik vətəndaş cəmiyyətinə təzyiqlərdən sonra zəifləməyə başlayıb:
“Bilirsiniz ki, seçkilərdə kütləvi müşahidəni qurmaqdan ötrü maliyyə resurslarına ehtiyac var. İndi müstəqil QHT-lərin o imkanı yoxdur ki, müşahidəçilər hazırlasın”.
Bəşir Süleymanlı deyir ki, müşahidəçi tərəfsiz olmalıdır, ancaq indi müşahidəçi kimi qeydiyyatdan keçənlərin əksəriyyətini hakimiyyət təyin edir, ona görə də seçki prosesinin gedişi ilə bağlı obyektiv hesabat oxumaq mümkün deyil. Onun fikrincə, artıq müşahidəçilik formal xarakter daşıyır və seçkiyə demokratik don geydirməkdən başqa bir rol oynamır.
Buna da bax: Referendumda kameraya düşənlər
O xatırladır ki, əvvəlki seçkilərdə beynəlxalq standartlara uyğun hazırlanmış müşahidəçilər seçki məntəqəsində baş verən hər qanunsuz halı dərhal qeydə alır və protokollaşdırırdılar: “ATƏT-in standartlarına uyğun çalışdığımızdan,hesabatlarımız dünya səviyyəsində qəbul olunurdu. Peşəkar müşahidəçi institutu yarada bilmişdik”.
“Müşahidəçilərin qeydiyyat aparmaması texniki məsələdir”
Seçki prosesinə 3 min müşahidəçi ilə qatılan AVCİA-nın rəsmisi Məhərrəm Zülfüqarlı isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, ölkədə müşahidəçilik institutunun zəiflədiyini düşünənlərin yerlərdə strukturları yoxdur: “2005-ci ilədək yerli donorlar yox idi, seçkilərin müşahidəsi də xarici donorların maliyyəsi əsasında aparılırdı. Ancaq indi yerli donorların hesabına seçkiləri müşahidə etmək imkanı yaranıb”.
Məhərrəm Zülfüqarlı deyir ki, müşahidəçilərin qeydiyyat aparmaması texniki məsələdir və seçkinin nəticəsinə təsir göstərə bilməz. O əlavə edir ki, günboyu müşahidəçilərdən aldıqları məlumatları toplayıb yaxın saatlarda ictimaiyyətə açıqlayacaqlar.
Mərkəzi Seçki Komissiyası ölkədə 53 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini açıqlayıb.