Seçki düzgün olsun deyə, nə edə bilərsiz
Seçki qutusuna topa bülleten atanların, seçki sənədlərini saxtalaşdıranların cəzası nədir? Seçkidə saxtakarlığın şahidi olanlar neyləməli, hara məlumat verməlidir?
Saat 12:00-dək seçici fəallığı açıqlanıb-39.39 faiz
Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov vurğulayıb ki, saat 12:00-a qədər seçicilərin 2 milyon 93 min 343 nəfəri səs verib. Bu seçicilərin 39.39 faizi deməkdir.
Saat 10-da isə seçicilərin 18.71 faizinin seçkiyə qatıldığı açıqlanmışdı.
Seçicilərin ümumi sayının 5 milyon 314 min 365 nəfər təşkil etdiyi açıqlanıb.
Məntəqədə kameranın önü bağlanır
57 saylı Kürdəmir Seçki Dairəsinin 2 saylı məntəqəsində məntəqə üzvləri kameranın qarşısını bağlayır və açır, bir neçə saniyə ərzində izləməni mümkünsüz edir.
Qutuya birdən artıq bülleten atır
15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində seçicinin qutuya birdən artıq bülleten atması görünür. Mənbə: Mərkəzi Seçki Komissiyasının müşahidə kamerası.
Məntəqə seçki komissiyası təkzib edir
15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində seçicinin qutuya birdən artıq bülleten atması ilə bağlı şikayətə münasibət bildirilib.
Həmin məntəqə seçki komissiyasından «Turan» agentliyinə bildiriblər ki, onların məntəqəsində bir seçicinin birdən artıq bülleteni qutuya atması halı baş verməyib.