Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:30

Prezident: 'Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa…'


İlham Əliyev ailəsi ilə birlikdə səsverməyə gəldi
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

İlham Əliyev ailəsi ilə birlikdə səsverməyə gəldi

«Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləyib.

İ.Əliyev vurğulayıb ki, bu seçkilər çox önəmli idi: «Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər».

«Mənə verilən məlumata görə,…»

Prezident daha sonra da deyib: «Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar…».

İ.Əliyev daha sonra bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə də toxunub: «O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik…».

Prezidentin sözlərinə görə, ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir: «Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur».

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə həmin görüşdə deyib ki, o, Azərbaycandakı seçkilərin, demək olar ki, hamısında müşahidəçi olub: «Azərbaycandan kənarda da seçkiləri izləmişik. Həqiqətən Azərbaycandakı bu seçkilərdə beynəlxalq standartlardan da üstün təşkilatçılıq gördük. Bunu bütün dünya görməlidir».

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurlarının aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşıdırılması idi», - rəydə vurğulanıb.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG