Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Gömrük Komitəsinin mühasibi: 'Hər ay 25 min rəisə göndərirdim, o da nazirə verirdi'


Atdan yıxılan adamı nazir tapşırdı...
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Atdan yıxılan adamı nazir tapşırdı... (Arxiv. 2014)

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova milyonlarla rüşvətin bir hissəsinin nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi vasitəsilə çatdırıldığı iddia olunur. Sabiq nazirin haqqındakı cinayət işində bununla bağlı çoxsaylı ifadələr var. İfadə verənlər də Əmək Müfəttişliyinin işçiləridir. İddia edirlər ki, onlar vətəndaşlardan pul toplayıb gətirib Əmək Müfəttişliyinin rəhbərliyinə verirdilər, o da nazirə çatdırırdı...

Həmin şəxslər dekabrın 12-də Səlim Müslümovun məhkəməsində də dindiriliblər. Sabiq nazir ev dustaqlığında olsa da, 27 milyon manatlıq yeyinti və rüşvətalma ittihamı ilə beş aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Hər ay 25 min manat

Hazırda Dövlət Gömrük Komitəsində mühasib işləyən Vüqar Abdullayev Müslümov nazir olduğu dövrdə Binəqədi və Abşeron rayonlarının daxil olduğu 2 saylı Regional Əmək Müfəttişliyində çalışıb. Deyir ki, həmin dövrdə işi müəssisələrdə yoxlamalar aparıb əmək qanunvericiliyinə əməl edilib-edilmədiyini yoxlamaqdan ibarət idi. Əgər qanunun tələbi pozulubsa, cərimə yazırdı.

Abdullayev sabiq nazirin iştirak etdiyi məhkəmə iclasında nazirlikdə kimsəyə pul vermədiyini desə də, onun yadına DTX-da verdiyi ifadəsini salıblar. Həmin ifadə məhkəmədə elan edilib. Sözügedən ifadədə isə göstərib ki, hər ay Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə 25 min manat pul göndərirdi. Əlizadə də o pulu nazir Müslümova verirdi.

Prokuror ondan soruşub ki, hər ay göndərdikləri 25 min manatı haradan əldə edirdilər? Abdullayev cavabında bildirib ki, müəssisələrdə nöqsanlar aşkarlayırdılar, onların aradan qaldırılması üçün ödənilən məbləğlər olurdu.

1 milyon 500 min manatlıq cərimə

Bakının Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əmək müfəttişi işləmiş Mirsəlim Seyidov məhkəmədə danışıb ki, təkcə kiçik müəssisələrə cərimələr yazmaqla hər ay 20-25 min manat pul toplayırdı. Onun sözlərinə görə, işlədiyi müddətdə ümumilikdə 1 milyon 500 min manat cərimə yazıb.

Seyidov istintaqa ifadəsində deyib ki, hər ay 20-25 min manat pul yığılırdı. Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Əlizadənin bu deyilənlərə münasibəti bəlli deyil.

Sabiq nazir Müslümov məhkəmədə səslənən bu ittihamların heç birinə reaksiya verməyib. O, Əlizadəyə çatdırılan vəsaitlərin ona verilməsi haqda ittihamları nə təsdiq, nə də təkzib edib.

Sosial evlər üçün ayrılan 20 milyon manat

Bu məhkəmə iclasında 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 20 milyon manat haqda da danışılıb.

2013-2016-cı illərdə Tikilməkdə olan obyektlər idarəsini rəis müavini, 2016-cı ildə isə nazirlikdə Tender Komissiyasının üzvü olmuş Bəxtiyar İsgəndərov bildirib ki, sosial evlərin tikintisi üçün tenderlər elan edilirdi. Amma bu tenderlər sadəcə sənəd üzərində idi, nəticələr əvvəldən bəlli olurdu: "Bütün tenderlər formal keçirilib. Bütün bu işləri Səlim Müslümovun tapşırığı ilə nazirliyin Tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Tender iştirakçıları yalnız sənədlərə imza ediblər".

Sabiq nazir haqqında cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qərarı çıxarılıb. İlyarım DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini (20 milyon manat) ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Səlim Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG