Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:45

'Sənan Mirzəyevin ölüm işini də gətirmişdilər ki, fürsət düşmüşkən...'


Səxavət Orucov deyir ki, 5 il yarımdır ona heç bir aidiyyəti olmayan cinayətləri üzərinə qoyub, zülm verirlər.
Səxavət Orucov deyir ki, 5 il yarımdır ona heç bir aidiyyəti olmayan cinayətləri üzərinə qoyub, zülm verirlər.

Tərtərin Səhləbad kənd sakini Səxavət Orucov deyir ki, 5 il yarımdır ona heç bir aidiyyəti olmayan cinayətləri üzərinə qoyub, zülm verirlər. O, bugünlərdə Ali Məhkəmədə işinə baxan hakimlərə bu haqda ətraflı danışmaq istəyirdi. Ancaq hakim Ələsgər Novruzov imkan vermədi: "Sizin başınıza gələnlər bizə maraqlı deyil...".

38-yaşlı Orucov həmkəndlisi Şaiq Həsənovla birlikdə mühakimə olunub. Onlar 2016-cı ilin sentyabrında 33-yaşlı Səxavət Musayevi qətlə yetirməkdə suçlanır.

Məhkəmə bəraət verib, sonra...

Orucova, bundan əlavə, 2014-cü ildə baş vermiş və üstü açılmamış başqa bir işə - Sənan Mirzəyevin ölümünə görə də ittiham verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi hər iki ölüm işi üzrə həm Orucova, həm də Həsənova bəraət verib. Hakimlər belə nəticəyə gəlib ki, bu adamların həmin ölüm işlərində əli olmayıb.

Prokurorluq protest verib, apellyasiya məhkəməsi bəraət hökmünü ləğv edib. Üzərində iki ölüm işi olduğuna görə Səxavət Orucova 20, Şaiq Həsənova isə 17 il həbs cəzası kəsilib. Hər ikisinin vəkilləri hökmün ləğvi üçün Ali Məhkəməyə üz tutub. Eyni zamanda, prokurorluq da kassasiya protesti verib ki, cəzalar yüngüldür. Ali Məhkəmə prokurorluğun istəyi ilə hökmü ləğv edib, işi təkrar araşdırma üçün apellyasiya instansiyasına qaytarıb. Gəncə Apellyasiya Məhkəməsi Orucovun 20 illik cəzasını dəyişmədən saxlasa da, Həsənovun həbs müddətini 19 ilə qədər artırıb. Vəkillər bundan sonra bir daha Ali Məhkəməyə şikayət veriblər. İyulun 8-də Ali Məhkəmədə növbəti dəfə onların şikayətinə baxılıb.

Sübutlar

Şaiq Həsənovun vəkili Zabil Qəhrəmanov deyir ki, bu adamların hər ikisinin təqsirsiz olduğunu təsdiqləyən xeyli sübut var. Məsələn, Səxavət Musayev öldürüləndə təqsirləndirilən Orucov və Həsənovun hadisə yerində yox, fərqli anten dairələrində olması haqda mobil operatordan alınmış sənəd iş materialları arasındadır.

"Ekspert rəyində bir bıçaq zərbəsindən söhbət gedir, amma ittihamda iki bıçaq zərbəsi ilə öldürüldüyü yazılıb", – vəkil Qəhrəmanov bildirib.

Təqsirləndirilən Orucovun vəkili Səadət Seyidli başqa ziddiyyətləri Ali Məhkəmənin hakimlərinin nəzərinə çatdırıb. Daxili İşlər Nazirliyi 2016-cı il dekabrın 22-də rəsmi açıqlamada Səxavət Orucovun tutulması xəbərini yayıb. Onun bir gün öncə - dekabrın 21-də saxlandığı göstərilib. Bu məlumat bir çox xəbər saytlarında da yayımlanıb. Amma cinayət işinin materiallarında onun dekabrın 27-də tutulduğu yazılıb.

"Elə işgəncə vermişdilər ki, hər şeyə razı idim"

Orucov deyir ki, onu dekabrın 21-də saxlayıb Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Bu idarədə altı gün heç bir rəsmiləşdirmə aparmadan saxlayıb, həmin müddətdə ona dözülməz işgəncələr veriblər.

Onun sözlərinə görə, işgəncələrə dözməyib, Səxavət Musayevin qətliylə bağlı etiraf ifadəsinə imza atmağa razılaşıb: "Tərtərin ovaxtkı prokuroru Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da "mütəşəkkil"ə gəldi. Gələndə 2014-cü ildə Sənan Mirzəyevin ölümünə aid işi də gətirmişdilər ki, fürsət düşmüşkən onu da boynuma qoysunlar. Elə işgəncə vermişdilər ki, hər şeyə razı idim. Mənə heç bir aidiyyəti olmayan hər iki ölümü üstümə qoydular, ondan sonra məni Tərtərə apardılar ki, rəsmiləşdirsinlər...".

Məhkəmədə də təqsirsizliyinin sübut olunduğunu deyən Orucov vurğulayıb ki, onun qətl hadisəsi baş verəndə orada olmadığını təsdiqləyən azı 15 şahid var.

Vəkillərin narazılığı

Vəkillər gileylənib ki, apellyasiya məhkəməsi işgəncə altında alındığı bildirilən ifadələri əsas götürür, amma orada yazılanların əksini sübut edən başqa dəlilləri nəzərə almır: "Adamlar işgəncədən şikayət edirlər. Bu məsələni araşdırmaq elə onların işinin istintaqını aparan müstəntiqə həvalə olunur. O müstəntiq obyektiv olsaydı, o ifadələr əsasında bu adamlara ittiham verilməzdi ki...".

Ali Məhkəmənin hakimləri təxminən iki-üç dəqiqəlik müşavirədən sonra həm Orucov, həm də Həsənov haqqındakı hökmün dəyişmədiyini elan ediblər.

Vəkil Səadət Seyidli AzadlıqRadiosuna bildirib ki, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusundan Avropa Məhkəməsinə şikayət göndərəcək.

Yaxınları "kars"a salındığını deyir

Səxavət Orucovun yaxınları onun saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində incidildiyini, işgəncəyə məruz qaldığını deyirlər: "Bu yaxınlarda rəis müavini onu çox pis döyüb. Bununla da kifayətlənməyiblər, "kars"a salıblar. Onsuz da bu adamı bədbəxt eləyiblər, əlavə işgəncəyə nə ehtiyac var? Bir adamın ömründən 20 il oğurlamaq dəhşətdir. Ya bu adamın haqqında saxta töhmətləri üst-üstə toplayıb Qobustan həbsxanasına göndərmək istəyirlər, ya da canından bezdirməyə çalışırlar".

Penitensiar Xidmət isə Orucovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib.

"Kimliyindən asılı olmayaraq, bütün məhkumların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunur. Kiməsə qarşı işgəncədən söhbət gedə bilməz", – Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna belə deyib.

Azərbaycanda məhkumlarla pis rəftarla bağlı bundan öncə də məlumatlar yayılıb, ancaq hər dəfə Penitensiar Xidmət bu iddiaları təkzib edib.

XS
SM
MD
LG