Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:41

Prezident qızı təzə vəzifədə. Bəyin gəlinə şillə vurmasını qınayıb


Saida Mirziyoyeva Daşkənddə
Saida Mirziyoyeva Daşkənddə


Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük qızı Saida Mirziyoyeva çətin durumda önə çıxıb problemləri həll etməsi ilə tanınır.

Bu ayın əvvəlində o, prezident administrasiyasında kommunikasiya və informasiya siyasəti şöbəsinin müdiri təyin edilib. Bu təyinat ötən yay Karakalpakstan regionunda baş qaldırmış və 18 nəfərin ölümü ilə nəticələnmiş hökumət əleyhinə iğtişaşlardan sonra görülən tədbirlərdən biridir.

38 yaşlı Mirziyoyevanın yüksək vəzifəyə qayıtmasından savayı da kadr dəyişiklikləri var. Ədliyyə Naziri Ruslanbek Davletov yeni yaradılmış prezidentin sosial və siyasi məsələlər üzrə müşaviri vəzifəsinə keçirilib. Bundan başqa, Mirziyoyevanın müttəfiqi Komil Allamconov Prezident Administrasiya rəhbərinin müavini təyin edilib.

44 yaşlı keçmiş Ticarət Naziri Sardor Umurzakovsa iyulda administrasiya başçısı təyin edilib. Onun sələfi Zaynilobiddin Nizomiddinov Karakalpakstanda qanlı təqiblər zamanı ilk qurban verilən kadr olub.

“Bu şayiələr hökumətin işinə yaradı”

Britaniyada yerləşən “Central Asia Due Diligence” (CADD) təşkilatının direktoru Alişer İlhamov deyir ki, bu dəyişikliklər Mirziyoyevin sələfi İslam Karimov dövründən qalma mühafizəkar kadrlar gətirəcəyi haqda şayiələrə son qoyub.

"Karakalpakstan hadisələrindən sonra köhnə adamların və köhnə qaydaların qayıdacağı haqda söz-söhbət gedirdi. …Bu şayiələr hökumətin işinə yaradı. Çünki hökumət daha gənc kadrlar təyin etməklə bunun əksini göstərdi", – İlhamov deyir.

Daşkəndin etirazlara görə hansısa “xarici qüvvələri” ittiham etməsinə baxmayaraq, Mirziyoyev də daxil olmaqla dövlət rəsmiləri iyul hadisələrinin kommunikasiyadakı böhrandan qaynaqlandığını qəbul etdilər. Etirazlara muxtar ərazinin konstitusion statusu ilə bağlı təklif olunan dəyişikliklər səbəb olmuşdu.

Noyabrın 14-də Mirziyoyevanın təyinatı ilə bağlı açıqlama verərkən atasının sözçüsü deyib ki, onun nəzarət edəcəyi bu yeni struktur "ictimai rəyin öyrənilməsi və informasiya siyasəti” ilə məşğul olacaq.

Tandem

Mirziyoyeva ilk dövlət vəzifəsinə 2019-cu ilin aprelində təyin edilmişdi. O zaman atası onu İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin sədr müavini vəzifəsinə gətirmişdi. Bu avtomatik olaraq onun prezident müşavirinin müavini olması demək idi. Bu vəzifə həm də ona mediaya geniş nəzarət imkanı verirdi.

2020-ci ilin yanvarında o, Milli KİV-in inkişafına dəstək ictimai fondunun sədr müavini təyin edilmişdi.

Bu postlarda Mirziyoyeva Allamconovdan sonra ikinci adam idi. Bu fakt onların tandem halında fəaliyyət göstərdiyi fikrini formalaşdırıb.

"Əgər Allamconov elitaya Mirziyoyev ailəsinin dəstəyi ilə hərəkət etdiyini göstərərkən Mirziyoyevaya güvənirsə, Mirziyoyeva da müəyyən məqsədlərini həyata keçirmək üçün peşəkar təcrübə baxımından Allamconova güvənir”, – İlhamov deyir.

BBC müxbiri akkreditasiyadan keçib, AzadlıqRadiosu isə...

İkilinin agentlikdəki birgə fəaliyyəti dövründə bəzi saytların bloku aradan qaldırılıb və BBC-nin müxbiri akkreditasiyadan keçirilib. BBC-nin ölkədəki fəaliyyəti 2005-ci ildə baş vermiş Əndicon hadisələrindən sonra qadağan edilmişdi.

Ancaq bu heç də tam açılım demək deyildi. Ölkədə AzadlıqRadiosunun özbək xidməti hələ də bloklanıb. Hərçənd bu yaxınlarda radio üçün yazan jurnalistlərə qısamüddətli akkreditasiya imkanları verilib.

Allamconov 2021-ci ildə bir tədbirdə Özbəkistanda açılım imkanlarının sərhədlərinə diqqət çəkməyə çalışıb. O, LGBT haqlarını önə çəkən bir bloggerin hücuma məruz qalaraq xəstəxanaya düşməsindən bir neçə gün sonra çıxışda belə demişdi:

"Xarici təşkilatlar Özbəkistan, yaxud hər hansı başqa xarici ölkəyə tələblər qoymazdan əvvəl millətin mentalitetini, dinini, mədəniyyət və ənənələrini nəzərə almalıdırlar”.

“Söz azadlığına yarımçıq yanaşma”

İlhamovun sözlərinə görə, bütün bunlar Allamconovun başçılığı ilə "söz azadlığına yarımçıq yanaşmadan” xəbər verir. Yeri gəlmişkən, administrasiya rəisinin yeni müavini bir media araşdırmasında ortaya çıxarılmış ziddiyyətli biznes sövdələşmələrində ittiham olunur.

Mirziyoyeva hakim ailənin ən üzdə olan üzvlərindən biridir. Onun əri, işadamı Oybek Tursunovun da administrasiyada vəzifə tutduğu haqda xəbərlər dolaşır. Ancaq bu xəbərlər hələlik, təsdiqini tapmayıb.

Onun kiçik bacısı Şahnoza Məktəbəqədər Təhsil Nazirliyində yüksək vəzifə tutur.

Gündəmlə bağlı mövqe bildirir

Yaxınlarından fərqli olaraq Mirziyoyeva ardıcıl olaraq cari məsələlərə mövqe bildirir.

Özbəkistanda bir bəyin toy günü gəlinə şillə vurması videosu yayılanda Mirziyoyeva da onu qınayanların sırasına qoşulmuşdu.

"Belə hallarda sakit qalmamalı, özümüzü bu hallar az-az olurmuş kimi göstərməməliyik. Məhz buna görə bizə üfüqləri genişləndirən, qadınları müstəqil və güclü edən təhsil lazımdır”, – o demişdi. Bunun ardınca həmin bəy xuliqanlıqda ittiham olunmuşdu.

Bundan iki il öncə Daşkəndin məşhur liberal “İlhom” teatrı bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda da Mirziyoyeva vaxtında müdaxilə etmişdi.

Ancaq o, eyni zamanda ana və milli ənənələrin qoruyucusu imicini də qoruyub saxlamağa çalışır. Yayda paylaşılan bir videoda onun böyük və kiçik oğullarının canamaz üzərində diziüstə oturduqları görüntülənmişdi.

Kəndlilər: 'Narın kilosunu bizdən 5-10 qəpiyə alırlar'
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Səmimi niyyət, yoxsa...

Özbək media qurumları üçün yazan populyar blogger Nikita Makarenko Mirziyoyevanın mətbuat azadlığı ilə bağlı niyyətinin səmimiliyinə inandığını deyir.

"Saida Mirziyoyeva [dövlət agentliyində] işləyəndə media üçün məsuliyyəti öz üzərinə götürməkdən və onu müdafiə etməkdən çəkinmədiyini sübut edib. Çox zaman mühüm məsələlərdə onun səsi həlledici olub. Əlbəttə, ideal dünyada jurnalist və bloggerləri güclü qanunlar sistemi və onların icrası müdafiə etməlidir. [Ancaq] hələlik, bizə tapa bildiyimiz müttəfiqlər lazımdır”, – Makarenko deyir.

Niderlandın Groningen Universitetinin Media və Jurnalistika Tədqiqat Mərkəzinin professoru Raşid Qabdulhakov Mirziyoyevanın mətbuat azadlığı ilə bağlı yumşalma və açılmaya yol açacağı barədə deyilənlərə skeptik yanaşır.

İlhamovsa düşünür ki, Mirziyoyev gənc komandasını önə çəkməklə Karakalpakstan hadisələrindən sonra həm xaricdə, həm də daxildəki imicini yaxşılaşdırmağa çalışır. O deyir ki, prezidentlik müddətini artırmağa çalışdığı zamanda bu, Mirziyoyevin tərəfindən məntiqli yanaşmadır.

XS
SM
MD
LG