Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 06:05

Siz prezidentə hansı sualı verərdiniz?


Prezident İ.Əliyevin M.Ağayevə müsahibəsi
Prezident İ.Əliyevin M.Ağayevə müsahibəsi

Fevralın 12-də prezident İlham Əliyev ötən il fəaliyyətə başlamış RealTV-yə müsahibə verdi. Bu, son illər dövlət başçısının yerli mediaya ilk müsahibəsidir, brifinqlər, mətbuat konfransları nəzərə alınmasa. Ancaq sosial mediada müsahibəni götürən Mirşahin Ağayev sualların qoyuluşuna, çərçivədən çıxa bilmədiyinə, hətta formadan düşdüyünə görə tənqid edildi.

AzadlıqRadiosu Azərbaycandakı jurnalistlərdən soruşur: «Siz prezidentə hansı sualı və ya sualları verərdiniz?».

«Yaxşı rəhbərin niyə yaxşı komandası yoxdur?»

Köşə yazarı Şahvələd Çobanoğlu deyir verməyə sualı çoxdur, xüsusən də ölkənin durumuna aid, amma o, dövlət başçısının elə son təyinatı, axırıncı addımı ilə bağlı sual verərdi: «Soruşardım necə olur ki, öz rəqibini, keçmiş prezidentliyə namizədi vəzifəyə təyin etdi? Deməli, prezidentliyə namizədliyə də onu özü təyin etmişdi? Sonuncu fərman təsdiq edir ki, doğrudan da seçki qondarma namizədlərlə keçirilib».

Ş.Çobanoğlu ötən ilin prezident seçkisində prezidentliyə namizəd olmuş, deputat Zahid Orucun fevralın 11-də Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri təyin olunmasını nəzərdə tutur.

«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyevin də veriləsi sualı çoxdur, ancaq ilk növbədə sahəsi ilə bağlı mətləbə toxunacağını bildirir: «Medianın bu cür böhran vəziyyətə gətirib çıxarılmasında məqsəd nə idi? Və bununla nəyə nail oldular?».

Jurnalist Aynur Elgünəşin dövlət başçısına ünvanlayacağı sual belədir: «Belə bir imic formalaşdırılır ki, İlham Əliyev yaxşıdır, ətrafı pisdir. Sual verərdim ki, yaxşı rəhbərin niyə yaxşı komandası yoxdur?».

Mədəniyyət yazarı Lalə Əliyeva deyir ki, prezidentə sualı yoxdur: «Mənim ona sualım yoxdur, arada ünsiyyət böhranı var. Mən ona nə deyəcəyimi bilmirəm artıq».

«Aprel əməliyyatlarının dayandırılmasının səbəbini soruşardım»

Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəylinin bir yox, bir neçə sualı var. Birinci sualı 2016-cı ilin aprel döyüşləri haqqındadır: «İlk növbədə aprel əməliyyatının dayandırılmasının səbəbini soruşardım. Daha sonra siyasi məhbusların nə vaxt azad ediləcəyini sual edərdim. Eyni zamanda, Azərbaycanda əhalinin gəlirlərinin qonşu Ermənistan və Gürcüstandan niyə az olmasının səbəbi haqqında sual verərdim. Azərbaycanda biznesdə, iqtisadiyyatda monopoliyanın aradan qaldırılmaması haqqında da soruşardım. Yəqin, elə bu suallar olardı. Belə müsahibədə prezidentin dediklərindən əlavə sual çıxır. Təəssüf ki, dünənki müsahibədə o çıxan sualların heç biri verilmədi. Hiss olunur ki, Mirşahin Ağayevlə o suallar əvvəldən razılaşdırılıb. Jurnalist isə söhbət əsnasında yaranan sualları verməlidir».

Müstəqil jurnalist Zülfüqar Ağayev isə bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda söz-söhbət gəzdiyini və bunun nə qədər doğru olduğunu soruşacağını söyləyir.

Almaniyada yaşayan jurnalist Həbib Müntəzirin sualı: «İlham Əliyev dəyişiklikdən, inkişafdan tez-tez danışır. O, hakimiyyətə gələndən sonra doğulan uşaqların bu gün 16 yaşı var, gözlərini açandan prezidentin dəyişmədiyini görürlər. Cənab prezident daha neçə il hakimiyyətdə qalmağı düşünür?».

«Mən verəcəyim sualları niyə ictimailəşdirim ki, sonra da...»

«Bakı Xəbər» qəzetinin redaktoru Aydın Quliyevin verəcəyi sual qalmayıb: «Çox səmimi deyim ki, mənim verə biləcəyim, düşüncəmdə olan məsələlərin, demək olar, hamısı orda əksini tapdı və açığı, əlavə etmək istəməzdim».

«Yeni Müsavat» qəzetinin əməkdaşı Elşad Paşasoy prezidentə verə biləcəyi sualları səsləndirmək istəmir. Bunu M.Ağayevin uğuruna kölgə salmaq kimi dəyərləndirir. Və bir də bunu əlavə edir: «Mən verəcəyim sualları niyə ictimailəşdirim ki, sonra da Azərbaycan mediasının digər təmsilçiləri prezidentlə görüşdə o sualları ünvanlasınlar?».

Beynəlxalq müşahidəçilər Azərbaycanda tənqidçi KİV-lərin susdurulduğunu, hökumətlə media arasında əlaqələrin qırıldığını bildirirlər. Hökumətin jurnalistlərə mənzil verməsini, başqa imtiyazlar tanımasını tənqid edirlər. Ancaq Azərbaycan hakimiyyəti bu deyilənləri rədd edir.

XS
SM
MD
LG