Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:23

"Bu gün işdəsən, səhər deyirlər, “əşyalarını topla””


Emiliya Ramazanova
Emiliya Ramazanova

►“250 manat maaşlıq işim əlimdən çıxmaq üzrədir"

Emilya Ramazanova 17 ildir ki, Suraxanı Qaz İstismar Sahəsində anbardar işləyir. Daha doğrusu, xanım orada işçi olaraq son günlərini sayır.

Deyir, hələ ötən ilin noyabrından rəhbərlik onu və digər işçiləri xəbərdarlıq edib ki, özlərinə başqa yerdə iş tapsınlar. Ancaq sonradan ona məlum olub ki, iş yoldaşlarının əksəriyyətini yeni yaradılmış departamentə başqa-başqa işlərə keçiriblər. O və daha iki-üç nəfər işçi isə, necə deyərlər, havada qalıb:

“CƏMİ 3 NƏFƏRİ ÇIXARIRLAR”

“Əgər iş yoxdursa, niyə hamını xəbərdar edib cəmi üç nəfəri çıxarırlar? Mən təkbaşına iki əkiz qız böyütmüşəm. İkisi də xəstədir. Birinin ayağında limfa düyünləri var, 8 ildir müalicələrə aparıram, həkimlər hələ də ona konkret diaqnoz qoymaqda çətinlik çəkirlər. Deyirlər, “bizim başımız çıxmır, apar İrana”. 250 manat maaşla uşağımı neçə ildir başqa ölkəyə müayinəyə apara bilmirəm. Vaxt ötdükcə vəziyyəti də ağırlaşır. İkinci qızım da zobdan əziyyət çəkir. Bu tərəfdənsə 250 manat maaşlıq işim əlimdən çıxmaq üzrədir. Deyirdilər, ən təminatlı, arxayın iş dövlət işidir. Hanı? Bu gün işdəsən, səhər deyirlər, “əşyalarını topla””

​Emilya xanım hesab edir ki, əgər rəhbərlikdə qohumu işləsəydi, o da işini itirməzdi:

“Bacı, qardaş, qohum-əqrəba... Baxırsan ki, hamısı bir yerdə işləyir, heç birinə də dəyib dolaşan yoxdur. Kimin adamı yoxdursa, ixtisar başlayanda hədəfə də belələri çevrilir”.

“XƏBƏR GÖNDƏRİR Kİ, QƏBUL ELƏMİRƏM”

Emilya xanımın iş yoldaşı olan Allahverdi Nağıyev söhbətə qarışır:

“Məsələ bundadır ki, ixtisasca müəllim olan qaz idarəsində işləyir, başqa ixtisas sahibləri də, 1 ilin təcrübəsiz işçisi də orada işləyir. İllərlə təcrübə toplamış adamı işdən çıxarıb gətirib müəllimi onun yerinə təyin edirlər. Bir sözlə, adamın olmadı, batdın. Bu dəqiqə qaz idarələrində elə özbaşınalıq yaranıb ki, bilmirsən dərdini kimə deyəsən. Əvvəllər müraciət edirdin, ən azı, heç olmasa, dinləyirdilər. İndi elə deyil ki... İstismar Departamenti yaranıb, gedirəm rəisinin qəbuluna, boş-bekar oturub otaqda, xəbər göndərir ki, “qəbul eləmirəm”. A kişi, niyə? İşçini dinləmək sənin vəzifə borcundur. Sən dinləməsən, mən dərdimi kimə deyim? Axı bu prezidentə nə qədər yazarlar... Məcbur oluruq ki, ən xırda məsələdən ötrü də prezidentə yazaq. Çünki o xırda məsələni aşağılarda dinləyən yoxdur”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“SABAH ÖLSƏM, ONLARIN VƏZİYYƏTİ NECƏ OLAR?”

Zəriyət Ramazanova
Zəriyət Ramazanova

Emilya xanımın anası Zəriyət Ramazanova ağlayır. Deyir, əgər yaşı və pensiyası imkan versəydi, övladını və nəvələrini elə özü dolandırardı:

“Neynəyim? 80 yaşım var, üç şəhid vermişəm, qızım. Onların balalarını böyütmüşəm. Şükür, bu gün-sabah evləndirəcəm. Elə təzəcə sevinməyə başlayırdım. İndi də bu qızımın dərdi götürüb məni. Təkcə balaları xəstə deyil, özü də işdən çıxarılacağını eşidəndən əsəbdən, sarsıntıdan zob xəstəliyi tapıb. Tutaq ki, indi sağam, pensiyamla dolandılar, sabah ölsəm, bunların vəziyyəti necə olacaq? Dövlət belələrini özü axtarmalıdır, üzə çıxarıb işlə təmin etməlidir. Bizdəsə yetimdar ananı işdən çıxarırlar, öz qohum- əqrabalarını yığırlar”.

Emilya xanım 4 aydır ki, boş oturmur. İş tapmaq üçün müxtəlif şirkətlərə özü haqqında məlumatlar yazıb göndərir. Ancaq hər dəfə aldığı cavab onu məyus edir. Hər yerdən cavab alır ki, tələb olunan işçinin yaşı 35-dək olmalıdır.

Sabunçu rayon qaz idarəsindən ixtisar zamanı ayrı-seçkiliyə yol verilməsi ilə bağlı deyilənləri təkzib ediblər. “Qaynar xətt”ə bildiriblər ki, “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində Bakı Regional Qazın Satışı Departamenti yaradılıb. Həmin strukturda Emilya Ramazanovanın peşəsinə uyğun vakant iş yeri olmadığı üçün ona iş təklif olunmur:

“Hazırda bülletendədir. Xəstəlik müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcək”.

Buna da bax: Jurnalisti döyüb öldürənlərin yaxınları hökmdən sonra- [Fotolar]

XS
SM
MD
LG