Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:49

Tağı Əhmədovun 2 milyonuna görə 9 il həbs cəzası kəsildi


Vəkil:"Tağı Əhmədovun 44 illik maaşı da heç 3 milyon etmir"
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Vəkil:"Tağı Əhmədovun 44 illik maaşı da heç 3 milyon etmir" (Video arxiv)

"Bakı Metropoliteni" QSC-nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı qaytarmamağa görə Bakı sakini Səadət Xəlilova 9 il həbs cəzası kəsilib. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Xəlilov 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İş üzrə zərərçəkmiş qismində Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyev tanınıb. İddia olunur ki, Xəlilov ondan mərmər biznesi adıyla üç dəfəyə (200 min, 800 min və 1 milyon manat) ümumilikdə 2 milyon alıb. Əliyev "Bakı Metropoliteni"nin keçmiş rəisinin dostudur.

"Əvvəl faizlərini vermişəm"

Məhkəmədə hökmdən öncə son sözünü deyən Xəlilov isə bildirib ki, Əliyevi zərərçəkən hesab etmir, çünki pulları ondan almayıb: "Mən pulu Tağı Əhmədovdan almışam, Soltan isə vasitəçi olub. Aylıq 1 faizlə - 1 milyona 10 min şərti ilə verilib. Yazıblar ki, guya qazanc adıyla alınıb pul. Qazanc oldu-olmadı, hər ay pul tələb olunursa, bunun adı faizdir. Əvvəl faizlərini vermişəm, sonra işdə problem yarandığına görə verə bilmədim. Mən Tağıya borcluyam...".

Xəlilov bu işlə bağlı düzgün araşdırma aparılmamasından, mülki məsələnin sifarişlə cinayət işinə çevrilməsindən də şikayətlənib. Onun sözlərinə görə, Xətai Rayon Məhkəməsi mülki qaydada bu işə baxıb onun üzərinə pulu qaytarmaq öhdəliyi qoymuşdu: "Tağı Əhmədov öz imkanlarından istifadə edib məhkəmə qərarı ola-ola bu məsələni cinayət işinə çevirdi. Məni həbs elədilər ki, istintaqa təsir göstərərəm. Hər yerə təsir göstərən Tağı idi. Bir tərəfdən dövlətdən pul alırdı, o biri tərəfdə də nə eləyirdi, özü bilir, Allahı bilir...".

"İstintaq bu məsələlərin heç birini araşdırmadı"

Təqsirləndirilən şəxs deyir ki, Əhmədovun özüylə yanaşı, oğlu, qardaşı oğlu və başqa qohumları dəfələrlə ona zəng vurub pulu tələb edib. Xəlilovun sözlərinə görə, hətta Nizami Rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədov bu məsələ ilə əlaqədar onun oğlu ilə də görüşmüşdü: "İstintaq bu məsələlərin heç birini araşdırmadı. Tağı Əhmədovun oğlu özünü əvvəl Soltanın qohumu kimi qələmə verdi. Müstəntiq deyir ki, biz haradan bilək ki, o adam Tağı Əhmədovun oğludur? Rauf Əhmədovu tanımayan var ki?!".

Xəlilov əlavə edib ki, məhkəmədən ədalətli hökm gözləmir. Buna baxmayaraq, bu işlə bağlı hüquqi müstəvidə mübarizəsini də sonadək davam etdirməkdə israrlıdır.

Əhmədovun istintaqa dedikləri

Əhmədov özü də bu iş üzrə istintaqda dindirilərkən pulun ona məxsus olduğunu təsdiqləyib. Deyib ki, dostu Soltan Əliyev mərmər işiylə məşğul olmaq üçün ondan pul istəyib, o da verib: "Dedi ki, Səadət adlı tanışı mərmər işiylə məşğuldur, onlar birlikdə işləyəcəklər...".

Amma o, istintaqa ifadəsində Xəlilovu pulu qaytarmadığına görə döyməsi barədə iddiaları rədd edib. Təxminən bir ay öncə mətbuata müsahibəsində isə bu suala belə cavab verib: "Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm...".

Əhmədov qaynarinfo.az-a müsahibəsində etiraf edib ki, sələmlə pul verib: "Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Mən pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, 2 mini də mənə qalsın, 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı dostum da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər...".

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət hakim Yeni Azərbaycan Partiyasının Yasamal Rayon təşkilatına sədrlik edib, ötən ilin sentyabrında vəzifədən çıxarılıb.

XS
SM
MD
LG