Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Özünü ‘sudan çıxarılmış balıq’ sayan əfqan musiqiçilər


Əfqan musiqiçi, arxiv fotosu
Əfqan musiqiçi, arxiv fotosu

Taliban bəzi ərazilərdə musiqiçiləri döyüb, alətlərini yandırıb və musiqini qadağan edib. Yüzlərlə musiqiçi ölüm təhlükəsi qarşısında ölkəni tərk etməli olub


25 yaşlı əfqan musiqiçi Əhməd Qulami həyatını tanbur adlı sitara bənzəyən musiqi alətini çalmağa həsr edib. On il bu aləti çalmağı öyrənəndən sonra peşəkar musiqiçi kimi çalışıb pul qazanmağa başlayacaqdı ki, Taliban gəlib musiqini yasaqladı.

Taliban şəriətin yerli tayfa təfsirini əsas götürür və musiqini haram sayır. Əfqanıstanın mərkəzi hissəsində yerləşən Bamiyan əyalətində Qulami və onun tanıdığı digər musiqiçilər Talibanın təyin etdiyi Sidiqulla adlı polis rəisi tərəfindən susdurulub. “Şəriət mahnı oxumağa icazə vermir”, – o deyib.


“Həyatım hədər olacaq”

"Talibanın Bamiyana qayıtdığı gündən musiqiylə məşğul ola bilməmişəm. Həyatda diqqətimi ən çox incəsənətin bu növünə verirdim.

…Musiqisiz yaşaya biləcəyimi düşünmürəm. Başımı itirmişəm. Özümü sudan çıxarılmış ölü balıq kimi hiss edirəm. Talibanın dediyini etsəm, həyatım hədər olacaq”, – Qulami deyir.

Avqustun 15-də Taliban Bamiyanın paytaxtını ələ keçirəndən sonra Qulami Yaxulanq bölgəsindəki kəndinə qayıdıb burada kənd təsərrüfat işləri ilə məşğul olur.


Musiqi alətlərini benzinlə yandırıblar

Taliban bu dəfə hakimiyyətə gələndən bəri özünü dünyaya və əfqanlara daha mülayim, 1990-cı illərdən bəri dəyişmiş qüvvə kimi göstərməyə çalışır. Ancaq onun müsiqiyə münasibəti ilə bağlı dəqiq bir əmr verilməyib. Yalnız Taliban sözçüsü Zabihulla Mücahidin musiqini “qeyri-islami” adlandırdığı çıxışı var.

Taliban bu mövqeyi əsas götürərək bəzi ərazilərdə musiqiçiləri döyüb, alətlərini yandırıb və musiqini qadağan edib. Yüzlərlə musiqiçi ölüm təhlükəsi qarşısında ölkəni tərk etməli olub.

Avqustda Taliban döyüşçüləri Cəlalabad şəhərini ələ keçirəndə gördükləri ilk iş ölkənin tanınmış musiqiçilərinin işlətdiyi musiqi studiyasına soxulmaq olub. Onlar musiqi alətlərini küçəyə sürüyərək üzərinə benzin töküb yandırıblar.

2001-də ölkəsinə qayıdan musiqiçilər

1990-cı illərdə Əfqanıstanda qalan musiqiçilər yalnız öz evlərində, gizli musiqi ifa edə bilir, yaxud alətlərini gizlədirdilər. Bəziləri musiqi alətlərini sözün hərfi mənasında yerə basdırmalı olurdu.

Əfqanıstanın klassik musiqi ənənələri yalnız Pakistan və İrana qaçan və orada sərbəst musiqi ifa edə bilən sənətkarlar tərəfindən qorunub saxlanaraq növbəti nəslə ötürülüb.

2001-ci ildə ölkənin Taliban rejimindən azad edilməsindən sonra ölkəyə qayıdan qaçqınlar bu ənənələri özləri ilə geri qaytarıblar. Ancaq əfqan musiqisini dirçəltmək cəhdləri mühafizəkar mollaların tənqid hədəfinə çevrilib. Məzari-Şərifdə BMT-nin qadın musiqiçilər üçün maliyyələşdirdiyi proqramlara özəlliklə sərt reaksiya göstərilib.

Həm qadın, həm də kişi musiqiçilər silahlıların hücumlarına məruz qalıblar.

Tarixçə

Əfqan klassik musiqisi ənənəvi əfqan xalq melodiyaları ilə qədim şah saraylarına aid poeziyanın qarışığından ibarətdir. Bura Hindistanın şimalından gələn klassik musiqi strukturları da əlavə olunub. Alimlərin Şimali Hindistan klassik musiqisinin qohumu saydığı bu unikal qarışığın tarixi 1860-cı illərə gedib çıxır. O zaman əfqan hökmdarı Əmir Şirəli Xan Hindistanın musiqi ustalarını özünün Kabildəki sarayına gətirmişdi.

Klassik hind musiqisi kimi əfqan musiqisi də şifahi ənənədir. Gənc musiqiçilər illərlə ustaddan dərs alırlar və onun irsini gələcəyə daşıyırlar. Biliklərin nəsildən-nəslə ötürülməsi o deməkdir ki, əfqan musiqi tələbələrinin köhnə ustadlarla bağı var.

Ancaq Talibanın gətirdiyi qadağalar Əfqanıstanda bu qədim ənənəyə son qoyur.

XS
SM
MD
LG