Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

'Ağa, Bakıdan təşrif buyurmusan? Ay səni xoş gəlmisən!' [Təbrizdən reportaj]


Ramin Deko

(Xüsusi olaraq AzadlıqRadiosu üçün)

Əsl Azərbaycan oradı

Təbriz elə Bakı kimi səs-küylü şəhərdi. Avtomobillərin siqnalı, tıxac, hay-küy... Təbriz də, Bakıda da küləklər şəhəridi, gecələr çox soyuq olur.

Amma Təbrizin insanları daha istiqanlıdı.

Gülərüz, mehriban, adama tez isnişirlər. “Ağa, Bakidan təşrif buyurmusan? Ay səni, xoş gəlmisən. Qədəmlərinə qurban olum” - hər təbrizlidən bu sözü eşitmək olar.

Təbrizdə maşın sürmək çox təhlükəlidi

Təbrizdə sürücülər üçün qayda yoxdu. Kim necə gəldi avtomobili idarə edir. Səkiylə gedərkən üzərinə avtomobil gələ bilər. Burda təəccüblü heç nə yoxdu. Təbriz üçün sıradan gündü. Dairəyə daxil olub maşını istədiyin səmtə sürə bilərsən, yetər ki, siqnal verəsən. Bu bəs edər.

“Burda qayda siqnaldı”, - bunu maşınına ilk oturduğumuz sürücü bizə söyləyir. Avtomobilini işə salıb, siqnal verərək əks yola çıxır. Burada sürücülər elə şeylərə öyrəncəlidirlər. Əsəbiləşmirlər, heç pəjmürdə də olmurlar. Başlarıyla təsdiqləyib əks yola çıxana yola verirlər. “Əllərin ağramasın”, “ağzına sağlıq”, - bu sürücülərin bir-birinə yol verəndə dedikləri sözdü. Məsələ bitdi, hamı yoluna davam edir. Bütün bunlar isə yol polisinin gözü önündə baş verir. Yalnız qəza zamanı yola nəzarət edənlər işə qarışır və kim qaydanı pozubsa, əks yola çıxıbsa cərimələnir. Başqa halda qayda pozuntuları qeydə alınmır.

Buna da bax: Təbrizdən son görüntülər

Sudan da ucuz benzin

Təbrizdə ucuzluqdu. Azərbaycandan 200-300 manatla gəlib burda bəy kimi yaşaya bilərsən.

Biz ora 400 dollarla getmişdik, çantada bu pulu görən şirin ləhcəsiylə “Ağa, siz Təbrizdə ən varlı adamsınız” deyib bizi ədəb-ərkanla qarşılayırdı. Orada ən ucuz benzindi. Bir litr benzinin qiyməti 10 min rialdı (12.5 qəpik). Benzindən ucuz iki şeyə rast gəlmək mümkündü: diş çöpü və bir kibrit qutusu. Qalan hər şey benzindən bahadı. Dollar bahalşsa da burda yerli məhsulların qiymətində artım olmur. Yalnız xaricdən gələn məhsulların qiyməti kəllə-çarxa qalxır.

Taksi də ucuzdu. Biz Təbrizdən Urmiyəyə getdik. Təsadüfi taksi bizi 1 milyon 800 min riala apardı. 300 kilometrlik yolu (Təbrizdən Urmiyəyəy yol 150 kilometrdi, taksi bizi aprıb gətirdi-red) sürücü şəhərdə bir neçə saat gözləməklə bizim pulla 22.5 manat aldı. Bir az şirin dilimizə salsaydıq qiyməti endirə də bilərdik, amma utandıq.

Bir sözlə, Təbriz əsl istirahət etməli, qiymət sarıdan ucuz olan yerdi. Otellər, yeməkxanalar, muzeylərə giriş üçün ödənişlər – sudan da ucuzdu. Təbrizli bir tanışımız bizə şəhərin ən görməli, bahalı yerində qonaqlıq vermək istəyirdi. Yalvar-yaxışlarla, dil tökmələrlə bizi yola gətirə bilmədi. Qəbul etmədik. Bir qonaqlığın ki, bizim pulla 6-7 manatla öhdəsindən gəlmək mümkündü, nədən minnət götürəsən? İstəmədik, bu cür ucuz təm-tarağın öhdəsindən özümüz də gələ bilərik. Bizi süfrə açmaq istəyəni Bakıya dəvət etdik, istəsə gəlsin burda qonaqlıq versin. Bir məclisə ki. 200-300 manat xərcin çıxmadı, daha bunun nəyi qonaqlıq oldu?..

Qonaq gəldiyimizi bilən təbrizlilər

Təbrizin ən böyük bazarı olan “Örtülü bazar” dünyada məşhurdu. 4-cü əsrdə tikilən bu bazar memarlıq baxımından da gözəldi. Yayı sərin, qışı isti olan bu məkanda nə istilik sistemləri var, nə də... Kamera da yoxdu, hamı bir-birinə inanır, güvənir, kimsə başqasını aldatmaq haqda düşünmür. Bircə qızıl-zınət əşyaları satılan dükanların üstündə kiçik kameraların hərəkət etdiyinin şahidi olursan. Söhbət qızıldan gedir, ola bilsin kimsə nəfsinə sahiblənə bilməsin. Bu bazarda bizim Bakıdan gəldiyimizi bilən satıcılar “Ağa, paran lazım deyil, sən müsafirimizsən” deyirdilər. Nəsə almadığımıza utanırdıq. Üstümüzə elə xoş dillə gəlirdilər ki, güc-bəlayla növbəti dükana daxil olurduq. “Örtülü bazar”da satılan bütün məhsullar - ayaqqabıdan tutmuş ədviyyata qədər hər şey ölkədə istehsal olunur. Geyim məhsulları keyfiyyətli, ərzaqları dadlıdı. Baxmayaraq ki, təbrizlilər yeməklərindən o qədər razı deyillər. Onlar keyfiyyətsiz olduğunu düşünürlər. Amma Bakıdan gələnlər üçün kafelərdəki menyu şahların yeməyinə bərabərdi.

***

Təbrizlilər həm gülərüz, həm də ümidlidirlər. Onlar bir gün azad yaşayacaqlarına inanırlar. İndi İranda onlara tanınan hüquqları da zamanla - mübarizəylə, edamlarla, ölüm-itimlərlə əldə ediblər. Hürr yaşamaq istəyirlər və bunun üçün savaşırlar.

Onlar daha çox birləşmək, daha çox rahat olmaq, daha firavan həyat sürmək istəyirlər. Hər təbrizlinin üzündən bunu sezmək olur. Hətta ən qorxaq taksi sürücüləri belə bunu gizlətmirlər. “Baba, sürücülərdən ehtiyatlı olun, bilmək olmur, kim hara işləyir” – bunu bizə deyən bələdçiylə yoldan ötən bir maşına əl edib saxlatdıq və yola düzəldik. Ağzımıza su almışdıq, ta o vaxta qədər ki, sürücü kef-əhvalımızı soruşdu. Bakıdan gəldiyimizi biləndən sonra dərdi özünə qayıtdı və gözünü yumub ağzını açdı. Danışdı, nə danışdı...İndi yazılması mümkün olmayan elə şeylər, elə sözlər dedi ki... Elə o an dərk etdik ki, biz bir millət olsaq da, nələrəsə görə sussaq da, hansısa səbəblərdən başqa işlərə qol qoysaq da, əslində onlar bizdən daha rasional düşünürlər və Azərbaycan sevdalısıdılar. Əsl Azərbaycan, sən demə, ora imiş...

Buna da bax: Təbriz yaxınlığında mağaralarda evlər

Təbriz yaxınlığında mağara-evlərdə yaşayan insanlar
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

XS
SM
MD
LG