"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimov haqqında cinayət işi ona 8 il cəza kəsən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Aprelin 10-da apellyasiya məhkəməsi buna qərar verib.
Bakı Apellyasiya Məhkəməsində jurnalistin özü və vəkili aşağı instansiya məhkəməsində iclas protokollarının saxtalaşdırılmasından şikayətlənib. Vəkil Nemət Kərimli deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesin audioyazısıyla protokollarda yazılanları müqayisə edəndə çoxsaylı təhrif və ziddiyyətlər olduğu görünür. Müdafiəçi bununla bağlı qeydlərini diqqətə yetirib: "Xahiş edirəm, bu iş apellyasiya məhkəməsinin baxışından çıxarılsın və məsələnin araşdırılıb qərar verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin".
Jurnalist T.Kərimovun fikrincə, onunla bağlı məhkəmə prosesində yaşananlar protokollarda qəsdən saxtalaşdırılmış şəkildə əks olunub: "Bilə-bilə saxtalaşdırıblar...".
Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin edib. Protokollara qeydlərlə əlaqədar cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Xatırlatma
T.Kərimov 2023-cü ilin dekabrından həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 8 il həbs cəzası kəsilib. Üstəlik, əlavə cəza kimi ona 2 il də jurnalist fəaliyyəti ilə məşğul olmaq yasaqlanıb.
T.Kərimovla birlikdə mühakimə edilən reportyor İstək Totiyevaya isə şərti cəza verilib.
Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb-etmə) maddəsiylə - saytdan materialın silinməsi üçün Fərrux Ələkbərov adlı şəxsdən 10 min manat tələb edib sonda min manat almaqda təqsirli biliniblər.
T.Kərimov bunu yalan sayır, F.Ələkbərovdan pul tələb edib almadığını deyir. O, etiraz aksiyalarını, vətəndaş hüquqlarının pozulması hallarını, özəlliklə polislərin Qarabağ müharibəsi əlillərini döyməsini çəkib yaydığına görə sifarişlə həbs edildiyini vurğulayır. Jurnalist işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini də məhkəmədə dilə gətirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti T.Kərimovun hədələnməsi, işgəncəyə məruz qalması haqda iddiaları rədd edib.
Son ilyarımda Azərbaycanda 30-dan çox jurnalist və bloqer həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.
Jurnalistlər ittihamları qurama sayır və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Rəsmilərsə ölkədə siyasi motivli həbslərin olmadığını, onların konkret cinayətlərə görə cəzalandırıldıqlarını iddia edirlər.