Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:17

Tokayev varlılarla kasıblar arasında uçurumdan danışır


Kasım Jomart Tokayev
Kasım Jomart Tokayev

Tokayev deyib ki, bəzi etirazçıların qaldırdığı problemlərin həllindən ötrü “real islahatlar”a və “sosial strukturların dərin transformasiyası”na ehtiyac var

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev deyir ki, varlılarla kasıblar arasında “qəbuledilməz uçurum” yanvarın əvvəlində bu Orta Asiya ölkəsində hökumətə qarşı etirazlara səbəb olub.

Yanvarın 21-də ölkənin aparıcı biznes liderləri ilə görüşündə Tokayev deyib ki, bəzi etirazçıların qaldırdığı problemlərin həllindən ötrü “real islahatlar”a və “sosial strukturların dərin transformasiyası”na ehtiyac var.

Barıt çəlləyi yanında kibrit

“Elan olunmuş sosial iqtisadi gündəm və real durum arasındakı uçurum kritik nöqtəyə çatıb və hazırda bizə gərəkən iqtisadi siyasəti yenidən qurmaqdır”, – Tokayev vurğulayıb.

“Yaxşı bəlli olan korrupsiya və gəlirlərdəki fərqlər barıt çəlləyi yanındakı alışmış kibrit rolunu oynadı və terrorçular, silahlı şəxslər, onların arxasında duranlar bundan yararlandılar”, – deyən Tokayev “artıq çətin qərarlar verdiyini və gələcəkdə də belə qərarlar verəcəyini” sözlərinə əlavə edib.

Yanvarın əvvəlində Qazaxıstanın ucqar Janaozen şəhərində maye qazın bahalanmasına səbəb olan etirazlar sonradan digər şəhərlərə yayıldı, Almatı daxil bir sıra yerlərdə zorakı toqquşmalara keçdi.

Etirazçıların çoxu qəzəbini Tokayevin sələfi Nursultan Nazarbayevə yönəltdi. Tokayev onu Təhlükəsizlik Şurasının sədrliyindən, bir sıra yaxın qohumlarını isə aparıcı vəzifələrdən kənarlaşdırdı.

“Terrorçular”la bağlı dəlil göstərilməyib

Tokayev “20 min terrorçu”nun Almatıya hücum etdiyini deyərək xəbərdarlıqsız atəş açıb öldürmək əmri verdi. O həmçinin Rusiyanın başçılıq etdiyi KTMT qüvvələrini ölkəyə dəvət etdi. O vaxtdan iğtişaşların arxasında “terrorçular”ın durmasına birbaşa dəlil göstərilməyib.

Tokayev ötən həftə Nazarbayevi ilk dəfə açıq tənqid edib, onun rəhbərliyi altında ölkədə çoxsaylı gəlirli bizneslərin, həddən artıq zəngin şəxslərin peyda olduğunu deyib. O, sadə xalqın layiq olduğunu almasının vaxtı çatdığını vurğulayıb.

Hakimiyyət etirazlar vaxtı 19 hüquq-mühafizə əməkdaşı daxil olmaqla 227 nəfərin öldürüldüyünü, 12 min nəfərin saxlandığını bildirir.

İnsan haqları qrupları isə itkin sayını nəzərə alanda daha çox adamın öldürüldüyünü düşünür. Bundan başqa etirazlarla əlaqəsi olmayanların öldürüldüyü, həbs edildiyi də vurğulanır.

XS
SM
MD
LG