ABŞ-nin keçmiş prezidenti Donald Tramp 8 il öncə - prezident seçkiləri ərəfəsində pornoulduza pul ödədiyini gizlətmək üçün biznes qeydlərini saxtalaşdırmaqla bağlı 34 ittiham üzrə suçlu bilinib.
Manhetten ərazi prokurorluğu Trampa qarşı 34 ittiham irəli sürmüşdü. Bu ittihamlar onun 2016-cı ildə pornoulduz Stormi Denielsə 130 min dollarlıq ödəniş etdiyini gizlətmək üçün biznes qeydlərini saxtalaşdırması ilə bağlıdır. Tramp Denielsə həmin pulu 2006-cı ildə onunla sekslə məşğul olduğu haqda danışmaması üçün ödəyib. O dövrdə Tramp Melaniya Trampla evli olub.
Deniels 2016-cı ildə, prezident seçkilərindən bir ay öncə ictimaiyyət önündə Trampla münasibətindən danışmağa çalışıb. Danışacaqları respublikaçı namizədin seçkilərdəki populyarlığına ziyan vura bilərdi. Trampın şəxsi vəkili Maykl Koen seçkidən bir neçə gün öncə Denielsin vəkilinə 130 min dollar köçürdüyünü bildirib. Tramp həmin seçkilərdə qalib gəlmişdi.
AzadlıqRadiosunun Vaşinqtonda çalışan müxbiri Todd Prinsin açıqlayıcı məqaləsində deyilir ki, məhkəmə Trampa qarşı hökm çıxarmalıdır.
Miçiqan Dövlət Universitetinin hüquq professoru Brayan Kalt deyir ki, hökm Trampın cinayət keçmişi və neçə ittiham üzrə suçlanması da daxil, bir neçə amildən asılı olacaq.
Hökm cərimə və ya sınaq müddətindən tutmuş, 4 ilədək həbs cəzasına qədər dəyişə bilər. Ancaq belə qeyri-zorakı cinayətlərə görə həbs cəzası veriləndə də müddət, adətən, bir ili aşmır. Üstəlik, Nyu-York ştatında, bir qayda olaraq, bu cür cinayətlərə görə həbs cəzası kəsilmir.
Kalt deyir ki, böyük ehtimalla Tramp çıxarılan istənilən hökmdən apellyasiya şikayəti verəcək, bu proses illərlə sürəcək.
Kaltın sözlərinə görə, nəzəri olaraq, Tramp həbsxanaya göndərilə bilər, ancaq düşünür ki, Trampın daha öncə cinayət keçmişi olmadığından bunun başvermə ehtimalı da çox azdır. "Hakimin hər hansı hökmü apellyasiyadan sonraya ertələməsi də mümkündür", - Kaltın sözləridir.
Bəs bunlar bir yana, Tramp hələ də seçkiyə qatılıb vəzifə tuta bilərmi? ABŞ Konstitusiyasında qeyd edilir ki, prezident Birləşmiş Ştatlarda doğulmuş, azı, 35 yaşlı və 14 il ərzində ABŞ-də yaşamış vətəndaş olmalıdır.
Konstitusiya sınaq müddətindəki şəxsin prezident olmasını yasaqlamır. Sosialist Partiyasının lideri Yucin Debs 1920-ci ildə qızışdırıcılıq maddəsi ilə həbsdə yatarkən, prezidentliyə namizəd olmuş, 1 milyonadək səs toplamışdı. ABŞ-nin keçmiş prezidenti Corc Buş 2000-ci il seçkilərində qalib gəlməzdən 25 il öncə içkili-içkili maşın sürdüyü üçün həbs edilmiş, 150 dollar cərimələnmişdi.
Tramp həbsxanada və ya ev dustaqlığında da prezidentlik andını içə bilər.
Trampın məhkumluğu onun namizədliyinə müsbət, yoxsa mənfi təsir göstərəcək?
Tramp bu məhkəmə prosesindən öz sosial bazasını qızışdırıb-həvəsləndirmək üçün yararlanıb və iddia edib ki, onu prezidentlikdən təcrid etməkdən ötrü siyasi konspirasiya var. Ötən il ittiham aktlarının tərtibindən sonra Trampın seçki kampaniyasına ianə həcmi kəskin artıb.
Kalt deyir ki, ittiham əksər seçicilərə təsir göstərməyəcək, axı onların çoxu Trampı layiqli namizəd sayır: "Mən onun "Hə, bax bu, hər şeyi dəyişir" deyə biləcək çox dəstəkçisinin olduğuna şübhə edirəm".
Ancaq Kaltın sözlərinə görə, hər səsin önəmli sayıldığı belə gərgin seçkidə bunun rolunu tam istisna etmək də olmaz.
NPR/PBS-in "NewsHour" proqramı "Marist Poll"a aid yeni sorğunun nəticələrini yayıb. Bu nəticələr də Kaltın dediklərini təsdiqləyir. Sorğu sonuclarına görə, seçicilərin 67 faizi Trampın suçlu bilinməsinin onların noyabrda necə səs verəcəyinə təsir etməyəcəyini bildirib. Trampın günahkar bilinməsi haqda hökmün ona səsvermə ehtimalını artıracağını deyənlərlə azaldacağını deyənlərin sayı isə təxminən eyni olub.
Trampın üzləşə biləcəyi başqa məhkəmələr necə olacaq?
Tramp daha üç məhkəmə ilə üzləşməkdədir. Onlardan biri gizli sənədlərlə yanlış davranış, ikincisi 2021-ci il yanvarın 6-da Kapitoli binasında baş verən iğtişaşlar, üçüncüsü isə Corciya ştatında seçkilərə müdaxilə iddiası ilə bağlıdır.
Gizli sənədlərlə bağlı iş bilinməyən müddətədək ertələnib. Üç il öncəki 6 Yanvar işinin başlanması isə Ali Məhkəmənin qərarından asılıdır. Kalt deyir ki, bunlardan hər hansı birinin bu ilin noyabr seçkilərindən öncə başlanma ehtimalı yoxdur.
Corciya işinə gəlincə, Kalt məhkəmənin Trampı seçki kampaniyasından geri salacağını düşünmədiyini deyir: "[Corciya] məhkəməsinin seçki yaxınlaşdıqca irəliləməsini təsəvvür etmək daha çətin görünür".
Tramp bu işlərdən hər hansı birində suçlu bilinərsə, onun Nyu-York işində günahkar sayılması hökmün sərtlik dərəcəsində rol oynayacaq.
Bəs Tramp yenidən seçilərsə, özü özünü əfv edə bilərmi?
Prezident ştat səviyyəli deyil, federal cinayətlər törədən insanları əfv edə bilər. Buna görə də Tramp prezident olarsa, Nyu-York işi üzrə hökmdə özü-özünü əfv edə bilməz. Ancaq Kalt deyir ki, hətta federal cinayətlərlə bağlı da prezidentin özü-özünü əfv edə bilməsi dəqiq bilinmir. Ancaq Tramp seçkilərdə qalib gəldiyi halda, baş prokuror ona qarşı açılan federal işləri aradan çıxara bilər.