Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 00:17

Trump Rusiyanın seçki müdaxiləsi barədə iddianı qəbul etdiyini deyib


ABŞ prezidenti Donald Trump (solda) rusiyalı həmkarı Vladimir Putinlə mətbuat konfransında səsləndirdiyi bəzi bəyanatlardan geri çəkilib
ABŞ prezidenti Donald Trump (solda) rusiyalı həmkarı Vladimir Putinlə mətbuat konfransında səsləndirdiyi bəzi bəyanatlardan geri çəkilib

Prezident Donald Trump deyib ki, ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı il seçkisinə, onun xeyrinə müdaxiləsinə dair gəldiyi nəticəni qəbul edir. Lakin o əlavə edib ki, Rusiyanın hərəkətləri seçkinin nəticələrinə heç bir təsir göstərməyib.

Trump-ın bu qeydləri iyulun 17-də, onun Rusiya prezidenti ilə sammitdəki davranışı, opponentləri və müttəfiqləri tərəfindən kəskin tənqid edildikdən bir gün sonra səslənib.

Onu tənqid edənlər deyiblər ki, Trump-ın Putinə rəğbətli münasibəti, lakin eyni zamanda ABŞ-ın kəşfiyyat orqanlarını kiçiltməsi “ABŞ-ın müdafiəsində dayandığı dəyərlərə xəyanət” sayıla bilər.

Trump habelə Helsinki sammitində verdiyi başqa bir bəyanatdan – Rusiyanın seçkiyə müdaxiləsi üçün heç bir səbəbin olmaması barədə bəyanatından geri çəkilib.

O iyulun 17-də verdiyi bəyanatda deyib ki, əslində seçkiyə müdaxilə edənin “niyə də Rusiya olmadığına heç bir səbəb görmədiyini” bildirmək istəyib.

O bu bəyanatı verərkən deyib ki, ABŞ kəşfiyyat orqanlarına tam etibarı və etimadı var. Trump iyulun 17-də deyib ki, onun administrasiyası 2018-ci ilin seçkisinə hər hansı müdaxilə cəhdini qızğınlıqla dəf edəcək.

Trump-ın bu bəyanatından əvvəl Senatın respublikaçı lideri Mitch McConnell Rusiyaya bu il keçiriləcək Konqres seçkisinə müdaxilə etməməsi üçün xəbərdarlıq etmişdi. O hədələyib ki, Senat Rusiyaya qarşı əlavə sanksiyalar barədə qanunvericilik təşəbbüsündə buluna bilər.

McConnell habelə deyib ki, NATO Birləşmiş Ştatların tarixində “ən əhəmiyyətli hərbi ittifaqdır”. O bunu da vurğulayuıb ki, “Avropa ölkələri Amerikanın dostlarıdır, lakin Rusiya Amerikanın dostu deyil”.

İyulun 17-də səhər Trump özünün tənqid atəşinə tutulduğu bir vaxtda işarə etmişdi ki, onun Putinlə Helsinkidəki görüşü, hətta Brüsseldə keçirilmiş NATO sammitindəki müttəfiqlərlə görüşündən uğurlu olub.

İyulun 16-da Putinlə yanaşı dayanan Trump öz ölkəsinin kəşfiyyat orqanlarının Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsi barədə tapıntılarını açıq şəkildə şübhə altına almışdı. Onun sözlərindən belə çıxırdı ki, o Moskvanın ABŞ seçkisinə müdaxilə etmədiyinə dair Putinin bəyanatını qəbul edir.

Bundan bir həftə əvvəl isə Trump NATO-nun Brüsseldə keçirilən sammitində ABŞ-ın müttəfiqlərinə tənqid və təhqirlər yağdırmışdı.

Trump Helsinki və Brüsseldəki bəyanatlarında “fikrini düzgün ifadə etmədiyinə” dair iddianı, o, özünün Respublikaçı Partiyası, eləcə də demokratlar, ABŞ kəşfiyyat icmasının nümayəndələri və jurnalistlər tərəfindən kəskin tənqid edildikdən sonra səsləndirib.

AzadlıqRadiosu bildirib ki, Trump-ın ABŞ kəşfiyyatına etimadsızlıq ifadə etməsi, ABŞ Ədliyyə Nazirliyinin Rusiya casusu olduğu iddia edilən qadına qarşı ittiham irəli sürdüyü bir vaxta təsadüf edib.

İddialara görə Rusiya kəşfiyyatının agenti olan bu qadın Trump və onun mühafizəkar yoldaşları ilə bağlar qurmağa çalışırmış.

***

Bundan əvvəl Trump-ın mənsub olduğu Respublikaçılar Partiyasının iki prezidentliyə namizədi də onun Brüssel və Helsinki bəyanatlarını tənqid etmişdi.

2012-ci ildə respublikaçı namizəd olmuş Mitt Romney Trump-ın davranışını “rüsvayçı və bizim demokratik prinsiplərimizə ziyanlı” adlandırıb və deyib ki, bu davranış “bizim milli birliyimizi və qlobal nüfuzumuzu sarsıdıb”.

Romney deyib: "Rusiya bizim bir nömrəli geosiyasi rəqibimiz olaraq qalır”.

O bildirib ki, Trump “sağlam düşüncə və tarixi” inkar edir.

2008-ci ildə prezidentliyə namizəd olmuş senator John McCain deyib ki, Trump-ın Helsinkidə Putinlə sammiti “tarixi yaddaşda olan hər hansı Amerika prezidentinin ən rüsvayçı davranışı olub”.

McCain deyib: "Prezident Trump Putinə qarşı çıxmaqda təkcə aciz olduğunu yox, həm də bunu istəmədiyini sübut edib. Bundan əvvəlki heç bir prezident zülmkarın qarşısında bu qədər aciz və miskin olmayıb”.

AzadlıqRadiosu yazır ki, hətta Trump-ın yaxın müttəfiqləri də onun sammitdəki davranışından şoka düşdüklərini bildiriblər.

Əvvəllər Trump-ı respublikaçı tənqidçilərdən müdafiə edən, keçmiş spiker Newt Gingrich sammiti “ən ciddi səhv adlandırıb” və deyib ki, bu səhv “dərhal düzəldilməlidir”.

Trump-ın onun öz partiyasından tənqidi o qədər kəskin olub ki, Ağ Ev iyulun 16-da gecə Trump-ın millət vəkilləri ilə görüşəcəyini deyib.

Bu arada Putin özünün Fox News telekanalına müsahibəsində Trump-la görüşün qalibi kimi görünməyə çalışıb.

Onun sözlərinə görə bu görüş göstərib ki, Qərbin Rusiyanı sanksiyalarla təcrid etmək cəhdləri iflasa uğrayıb:

"Məncə siz görürsünüz ki, bu cəhdlər iflasa uğrayıb. Özünüz Rusiyanın ölçülərinə, onun beynəlxalq təhlükəsizlik və iqtisadiyyatdakı mühümlüyünə diqqət yetirin. Onun qlobal enerji bazarına töhfəsini nəzərə alın. Rusiya təcrid və sanksiya olunmayacaq dərəcədə böyükdür”.

Demokrat millət vəkilləri Trump-ı daha kəskin tənqid ediblər.

Milli Kəşfiyyatın keçmiş direktoru James Clapper Trump-ın Putinin qarşısındakı “üzüyolalığını” “heyrətamiz təslimçilik” adlandırıb. Keçmiş MKİ rəhbəri John Brennan isə Trump-ın davranışını “xəyanət” kimi qiymətləndirib:

"O tamamilə Putinin cibindədir. Onun davranışı ağır cinayət…səviyyəsindədir”.

Brennan bununla işarə edib ki, bu davranış Konqresə impiçment üçün əsas verir.

XS
SM
MD
LG