Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:43

Müsəlmanlar Trump-la biznesdən imtina edirlər, bəs Bakı?


Donald Trump
Donald Trump

Britaniya qəzetləri yazır ki, respublikaçı namizədin müsəlmanlar barədə çıxışları onun Yaxın Şərq və müsəlman aləmindəki biznesləri üçün baha başa gələ bilər

ABŞ prezident seçkisi kampaniyasında namizəd Donald Trump-ın müsəlmanların ABŞ-a girişinin qadağanına çağırması, okeanın bu tayında onun özünə qadağan qoyulmasına çağırışlara səbəb olub.

Britaniya qəzetləri yazır ki, respublikaçı namizədin müsəlmanlar barədə çıxışları onun Yaxın Şərq və müsəlman aləmindəki biznesləri üçün baha başa gələ bilər.

İsrail siyasətçiləri də Donald Trump-ın dekabrın sonlarına nəzərdə tutulmuş səfərinə qarşı çıxır, onun ölkəyə buraxılmamasına çağırırlar. Buna baxmayaraq, Trump-ın baş nazir Benjamin Netanyahu ilə dekabrın 28-nə nəzərdə tutulmuş görüşü hələlik qüvvədədir.

Bu arada Britaniyada Trump-ın bu ölkəyə gəlişinin qadağan olunmasına çağıran internet petisiyasına 250 min imza atılıb.

Mağazalar Trump-ın mallarını satmır

Reuters xəbər verir ki, bütün Yaxın Şərq boyunca böyük mağazalar “Trump Home” seriyasından olan lampaları, güzgü və cəvahirat qutularını piştaxtalardan yığışdırıblar.

Dubayda mənzillənmiş Landmark şəbəkəsinin 190-dək mağazası “Trump Home” markasından olan malların satışını dayandırdığını bildirib.

Dubayda mənzillənmiş Landmark şəbəkəsinin 190-dək mağazası “Trump Home” markasından olan malların satışını dayandırdığını bildirib.

Trump-ın çıxışını Çin, Ağ Ev, BMT, habelə Fransa və Britaniyanın baş nazirləri və London meri də kəskin tənqid ediblər.

Donald Trump respublikaçı partiyadaşları tərəfindən də kəskin tənqid edilir.

Trump ABŞ-ın Kaliforniya ştatında radikallaşmış iki müsəlman tərəfindən törədilmiş qətliamın ardınca, bütün müsəlmanların ABŞ-a girişinin qadağanına çağırmışdı.

Sionistlər də tənqid edirlər

İsraildə Trump-ın səfərinə etiraz edənlərə bu ölkənin ərəb millət vəkilləri də qoşulublar.

Sionist İttifaqından Omer Bar-Lev Tvitterdən yazdığı postda Trump-ı “irqçi” adlandırıb.

Likud partiyasından millət vəkili, energetika naziri, habelə baş nazirin yaxın adamı Yuval Steinitz deyib ki, o terrorçu və ekstremist İslamla mübarizənin tərəfdarıdır, lakin ümumilikdə müsəlmanlar üzərinə söz hücumunun əleyhinədir.

Britaniyada imzalanmaqda davam edən petisiyaya baxmayaraq, hökumətdə ikinci şəxs olan maliyyə naziri George Osborne bəyan edib ki, Trump-ın Birləşmiş Krallığa gəlişinə qadağan qoyulmayacaq.

Britaniya siyasət tarixində icmalararası təfriqə salan çıxışlara görə ayrı-ayrı şəxslərin səfərlərinə qadağan qoyulduğu hallar olub.

Dubay Trump-ı rədd edə bilər

Şərhçilər bildirirlər ki, son illər əsasən də Dubay qovşağından istifadə edərək yeni bizneslər quran Trump-ın regiondakı başqa tərəfdaşları da onun brend adından imtina edə bilərlər.

Trump özünün bu regionadakı biznesinin gələcəyini daşlara çırpıb

Onun Dubaydakı partnyoru, tikinti milyarderi Khalaf al-Habtoor deyib ki, “Trump özünün bu regionadakı biznesinin gələcəyini daşlara çırpıb”.

"O həqiqətən də müharibə axtarır. O müsəlmanlar və xristianlar arasında nifrət yaradır” – deyib milyarder.

Khalaf al-Habtoor bir vaxtlar Dubayda “Trump İnternational” mehmanxanasının və göydələninin tikintisi işində şərik idi, lakin bu tikinti sonradan ləğv edildi.

Lakin Trump müsəlmanlar haqqında söylədiklərini geri götürməkdən imtina edib, əksinə deyib ki, onun təklif etdiyi siyasət İkinci Dünya Müharibəsi zamanı yapon əsilli amerikalıların düşərgələrdə saxlanmasına bənzəyir.

1988-ci ildə prezident Reagan Amerika tarixinin bu kədərli səhifəsi üçün Amerikalı yaponlardan üzr istəyib.

Trump-ın Bakı partnyorları susurlar…

Ötən yay Amerika mediası Trump-ın Azərbaycandakı biznesindən yazmış və maqnatın Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla biznes ortağı olduğunu iddia etmişdi.

Amerika mediası ötən yay Trump-ın Bakı biznesindən yazırdı
Amerika mediası ötən yay Trump-ın Bakı biznesindən yazırdı

Həmin məlumatlarda Bakıdakı 33 mərtəbəli Trump qülləsinin əslində Anar Məmmədova aid olduğu bildirilirdi.

Bu informasiya nə Trump, nə də Məmmədovun ofislərindən təkzib edilməmişdi.

Britaniya mediasında dərc olunmuş məqalədərdə Trump-ın ayrı-ayrı müsəlman ölkələrindəki bizneslərinin siyahısı verilib.

Bu siyahıda Bakıda onun brend adı üçün 2, 5 milyon dollarlıq lisenziya ödəyən “Trump Hotel” göydələni də var.

Azərbaycanda hələlik nə Trump-ın iddia edilən partnyorları, nə də rəsmi Bakı onun antimüsəlman çıxışlarına münasibət bildirməyiblər.

XS
SM
MD
LG