Keçid linkləri

2025, 31 Mart, Bazar ertəsi, Bakı vaxtı 00:30

Türkiyənin dünya siyasətində əsas rol oynadığı beş region


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiya üzvlərinə müraciət edərkən.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiya üzvlərinə müraciət edərkən.

Türkiyə son 10 ilin ən böyük etirazlarına şahidlik edir. Bu hadisələrin prezident Rəcəb Tayyib Ərdoğan üçün ciddi çağırışa çevriləcəyi, yoxsa ölkənin daha da avtoritarizmə sürüklənəcəyi barədə güclü ehtimallar var.

Etirazlar İstanbul meri Əkrəm İmamoğlunun həbs edilməsindən sonra başlayıb. O, əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2028-ci il prezident seçkisi üçün namizədidir.

Bundan sonra baş verənlər Türkiyə sərhədlərindən çox uzağa də təsir göstərə bilər.

Ukraynada müharibə

Müharibənin əvvəlində Ankara Rusiya və Ukrayna arasında vasitəçilik edərək mühüm diplomatik uğur qazanıb. Bu vasitəçilik nəticəsində hər iki ölkənin Qara dəniz vasitəsilə taxıl ixrac etməsinə imkan verən razılaşma əldə olunub.

Bu razılaşma Ukrayna taxılının ondan asılı olan "Qlobal cənub" ölkələrinə çatdırılmasında həlledici rol oynayıb. Lakin bir il sonra Rusiya Ankaranın vasitəçiliyi ilə əldə olunmuş bu razılaşmadan geri çəkilib.

Vaşinqton Moskva və Kiyev ilə apardığı danışıqlarda bu razılaşmanın bərpasını əsas prioritetlərindən biri elan edib. Bu da əslində sözügedən razılaşmanın əhəmiyyətini bir daha vurğulayır.

Ankara müharibənin gedişində daha çox öz oyununu oynayıb.

Türkiyə NATO üzvü olsa da, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlər saxlamağa çalışıb. Hər ikisinin "güclü lider" üslubu onların qarşılıqlı anlaşmasını möhkəmləndirən amil ola bilər.

Lakin bu, Türkiyənin dron istehsalçısı "Bayraktar"ın Ukraynada planlaşdırdığı zavodun inşasını davam etdirməsinə mane olmayıb. Onun hərbi məhsulları müharibənin ilk mərhələlərində Ukraynanın müdafiəsində əhəmiyyətli rol oynayıb.

Kiyevdəki Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos bildirib ki, Türkiyənin xarici siyasətinin əsas hərəkətverici qüvvəsi iqtisadiyyatdır.

"Regional məsələlərə gəldikdə, Rusiya, Ukrayna və Yaxın Şərqdə əsas rolu biznes maraqları oynayır. Bu maraqlar hazırda Ərdoğan ətrafında necə dönürsə, gələcəkdə İmamoğlunun ətrafında da eyni şəkildə dönəcək", - o, AzadlıqRadiosunun "Current Time" xidmətinə bildirib.

Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Vaşinqtonda
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Vaşinqtonda

Qərblə əlaqələr - Avropa İttifaqı və Vaşinqton

Türkiyənin ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır (Aİ). Statistikaya görə, Türkiyənin ticarətinin təxminən üçdə biri Aİ ilə həyata keçirilir.

Türkiyədə hökumət dəyişikliyi, şübhəsiz ki, Ankaranın Brüssellə münasibətlərinə təsir edəcək. 2018-ci ildə Brüssel demokratiyanın geriləməsi ilə bağlı tənqidlər fonunda Türkiyənin Aİ-yə üzvlük prosesini dayandırıb.

İmamoğlu, ehtimal ki, Türkiyənin Aİ-yə üzvlük danışıqlarını bərpa etməyə və birlik ilə daha yaxşı münasibətlər qurmağa çalışacaq.

Ancaq Brüssel ilə Ankara arasındakı münasibətlər bütün hallarda isinə bilər. Avropa Vaşinqtondan müdafiə asılılığını azaltmağa və Ukraynaya hərbi missiya göndərməyə çalışarkən, Türkiyənin silahlı qüvvələri Avropanı əsas oyunçuya çevirə bilər.

Avropa liderləri Ərdoğanın ölkə daxilində hərəkətlərini pisləmək, yoxsa təhlükəsizlik sahəsində vacib əməkdaşlıqdan faydalanmaq arasında narahatedici bir seçimlə üzləşib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Bu görüşdə də iqtisadiyyat müzakirə gündəliyinin əsas mövzusu olub.

Ərdoğan 2020-ci ildə ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq olunan sanksiyaların yüngülləşdirilməsinə ümid edir. Bu sanksiyalar Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına görə qoyulub.

Suriyanın müvəqqəti prezidenti Əhməd əs-Şaraa Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür.
Suriyanın müvəqqəti prezidenti Əhməd əs-Şaraa Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür.

İran və Yaxın Şərq

Türkiyədə baş verənlər Tehran və Ankaranın bir-birinin daxili işlərinə qarışmaqla bağlı qarşılıqlı ittihamlar səsləndirdiyi bir vaxta təsadüf edir. Hər iki ölkə bir sıra regional məsələlərdə ziddiyyətli maraqlara malikdir. Məsələn, Türkiyənin Suriyada Əsəd rejiminə qarşı müxalif qüvvələrə dəstək verməsi və Ermənistana qarşı Azərbaycanı dəstəkləməsini qeyd etmək olar.

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə baş verənləri "ölkənin daxili məsələsi" adlandırıb.

İstanbulda çalışan siyasi analitik Aydın Akhavan AzadlıqRadiosunun "Fərda" xidmətinə müsahibəsində deyib: "Ərdoğan özünü praqmatik lider kimi təqdim edib, o maraqlarına uyğun olaraq ittifaqlarını dəyişir... Digər tərəfdən, müxalifət Avropa-mərkəzli yanaşmanı dəstəkləyir və sekulyar, demokratik sistemin tərəfdarıdır. Ərdoğanın təsəvvür etdiyi dünya, şübhəsiz ki, Tehranının seçimləri ilə daha çox uyğunlaşır".

Yerləşdiyi coğrafiya Türkiyəyə böyük regional təsir imkanı verir. Ukrayna müharibəsinin əvvəlində Türkiyə Bosfor boğazını Rusiyanın dəniz donanmasına bağlamışdı. Bu da Moskvanın Suriyadakı qüvvələri ilə əlaqələrini çətinləşdirmişdi.

Türkiyə həmçinin Dəməşqdəki müvəqqəti hökumətin əsas müttəfiqlərindən biridir. Türkiyənin Suriya üzərində təsiri ona beynəlxalq diplomatiyada bir çox kartlar qazandırır. Türkiyə və Türkiyənin dəstəklədiyi qüvvələr Suriyadakı münaqişədə böyük rol oynayıblar və böyük ehtimalla bu rolu davam etdirəcəklər.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bayraqları
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bayraqları

Mərkəzi Asiya

Türkiyənin təsiri Yaxın Şərqdən kənara çıxır və Mərkəzi Asiyaya qədər uzanır. Bu regiondakı ölkələrin - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan əhalisinin əksəriyyəti türk dillərində danışır.

Türkmənistan istisna olmaqla, bütün bu ölkələr, həmçinin Azərbaycan Türk Dövlətləri Təşkilatında birləşiblər.

Bəzi regional ekspertlər bildirib ki, Ukraynada olduğu kimi, Rusiya ekspansionizminin Mərkəzi Asiyada da rusdilli əhalinin yaşadığı bölgələrə yönələ biləcəyi ilə bağlı narahatlıqlar var. Bu kontekstdə Türkiyə alternativ qütb kimi çıxış edir.

"Onlar birgə hərbi təlimlər keçirir və Rusiyadan başqa bazarlardan silah alışı və istehsalı üzərində çalışırlar", - Şimali Kiprdəki Yaxın Şərq Universitetinin əməkdaşı Assel Tutumlu noyabrda AzadlıqRadiosunun qazax xidmətinə müsahibəsində deyib.

Ukrayna müharibəsindən əvvəl Mərkəzi Asiyanın Avropa ilə ticarətinin böyük hissəsi Rusiyadan keçirdi. Tutumlu qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Azərbaycan və Türkiyə üzərindən yeni ticarət yollarının istifadəsinə təkan verib.

Ötən ilin sonunda Bişkekdə regional sammit keçirilib. Sammitdə Çinlə Avropa arasında "Orta Dəhliz" marşrutu üzrə nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi əsas müzakirə mövzusu olub.

Balkanlar

Türkiyə eyni zamanda enerji bazarlarında da böyük bir oyunçudur və bunun ən nəzərəçarpan nümunəsi cənubi-şərqi Avropadır.

Macarıstan, Rumıniya və Serbiya Türkiyə tərəfindən ötürülən qazın əsas istehlakçılarıdır. "Türk axını" indi Rusiyadan Avropaya qaz daşıyan yeganə boru kəməridir. Bu, Rusiya ilə Türkiyə arasında Qara dənizin altından birbaşa keçir və Balkanlara doğru davam edir.

Londondakı "Chatham House" analitik mərkəzindən Kərim Elqendi dekabrda bildirib ki, "Ankara Türkiyəni regionun əsas enerji mərkəzinə çevirmək üçün yeni bir təşəbbüsə başlayıb".

Türkiyə Balkanlarda, xüsusilə Serbiyada əsas investordur. Ankara Belqrad-Sarayevo şosesi üçün iddialı planlar irəli sürüb. Eyni zamanda artıq Türkiyənin ticarət brendinə çevrilmiş pilotsuz uçuş aparatlarının Serbiyada istehsalı ilə bağlı planlar açıqlanıb.

Bosniya və Albaniyada da dronlarla bağlı razılaşmalar müzakirə olunub.

Türkiyə Balkanlarda iqtisadi gücündən siyasi məqsədləri üçün bir vasitə kimi istifadə edir. Bununla da böyük müsəlman icmalarına malik ölkələrdən kənarda da yaxın əlaqələr qurmağa çalışır.

Məqalə AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq, AzadlıqRadiosunun Balkan xidmətinin xəbərlər departamentinin rəhbərinin müavini Arbana Vidişçi, AzadlıqRadiosunun "Fərda" xidmətinin jurnalisti Hanna Kaviani, AzadlıqRadiosunun "Current Time" və qazax xidmətləri tərəfindən hazırlanıb.

XS
SM
MD
LG