Əkrəm İmamoğlunun saxlanılması, ilin əvvəlindən rəsmi şəxslərə, siyasi fəallara, vətəndaş cəmiyyəti, iş dünyası nümayəndələrinə, jurnalistlərə ittihamlar və həbslər "Türkiyənin çoxdan formalaşmış demokratik ənənəsinə sadiq qalması ilə bağlı suallar doğurur".
Bu fikir Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və blokun genişlənmə üzrə komissarı Marta Kosun martın 19-da yaydığı birgə bəyanatında yer alır.
Aİ Türkiyə hökumətini tam şəffaflığı qorumağa və hüquqi prosedurlara riayət etməyə çağırıb.
"Əsas hüquqlara və qanunun aliliyinə hörmət Aİ-yə üzvlük prosesi üçün vacibdir. Onlar Aİ-Türkiyə əlaqələrinin ayrılmaz hissəsi olaraq qalacaq", - bəyanatda vurğulanır.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs da mətbuat üçün brifinqdə bu məsələlərlə bağlı sualı cavablandırıb. "Biz başqa bir ölkənin daxili qərarvermə prosesini şərh etməyəcəyik. Sadəcə onlara xatırlatmaq istəyirik ki, bütün vətəndaşlarının hüquqlarına hörmət edən bir şəkildə davranmalarını gözləyirik", - o bildirib.
Türkiyədə İmamoğlunun saxlanmasına etirazlar keçirilir
Türkiyədə müxtəlif şəhərlərdə minlərlə insan İstanbulun meri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq aksiyalara çıxıb. Polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etdiyi xəbər verilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İmamoğlu martın 19-da saxlanılıb. Onun evində axtarış aparılıb, bir gün öncə isə diplomu ləğv olunub ki, bu da siyasətçinin prezident postuna namizəd olmaqdan məhrum olması deməkdir.
İstanbulda meriya, İmamoğlunun aparıldığı polis şöbəsi qarşısında etirazlar keçirilib.
BBC və digər aparıcı media qurumları polisin İstanbul Universiteti ərazisinə yığışmış tələbələrə qarşı xüsusi vasitələrə əl atdığını bildirir. Martın 18-də İstanbul Universiteti "açıq-aşkar" səhvi əsas gətirərək Ə.İmamoğlunun diplomunu ləğv edib.
Meriyanın önünə yığışanların qarşısında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl çıxış edib. CHP qarşıdan gələn seçkilərdə Ə.İmamoğlunun prezidentliyə namizədliyini vermək istəyirdi. Özəl İstanbulun merinin saxlanmasını "dövlət çevrilişinə cəhd" adlandırıb.
İstanbulda hazırda nümayiş və mitinqlərə qadağa qüvvədədir. Buna baxmayaraq, Ankara daxil olmaqla bir sıra şəhərlərdə etirazlar davam edir.
19 mart
Əkrəm İmamoğlu saxlanılıb
Türkiyə hakimiyyəti prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlunu saxlayıb.
AFP xəbər verir ki, polis İmamoğlunu martın 19-u səhər tezdən evinə reyd zamanı saxlayıb və o, hazırda qurumun baş qərargahında tutulur.
Dövlət "Anadolu" agentliyinin məlumatına görə, prokurorlar onun, o cümlədən iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxsin saxlanması barədə göstəriş verib. Onlara cinayətkar təşkilata rəhbərlik, üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tender nəticələrinin saxtalaşdırılması maddələri ilə ittihamlar verilib.
Prokurorluğun iddiasına görə, Ə.İmamoğlu və "bir çox başqa şəxslər" iş adamlarını pul verməyə məcbur ediblər, haqsız qazanc əldə ediblər, cinayət fəaliyyətindən qazanılan vəsaitləri yuyublar. Qurum Ə.İmamoğlunu "cinayətkar təşkilatın lideri" adlandırır.
İmamoğlunun özü tutulmazdan əvvəl X hesabında yazıb: "Xalqın iradəsi hədə-qorxu və ya qeyri-qanuni hərəkətlərlə boğula bilməz. Mən taleyimi təkcə İstanbulun 16 milyon əhalisinə deyil, həm də Türkiyənin 86 milyon vətəndaşına, bütün dünyada demokratiya və ədaləti dəstəkləyən hər kəsə tapşırıram. Əsas hüquq və azadlıqlar uğrunda mübarizəmdə əzmkaram".
Bir gün əvvəl, martın 18-də İstanbul Universiteti "açıq-aşkar səhv"i əsas gətirərək Ə.İmamoğlunun diplomunu ləğv edib. Medianin məlumatına görə, bu, onu prezident seçkisində iştirak imkanından məhrum edir, çünki namizədin universitet diplomu olmalıdır. İmamoğlu bu qərarı qanunsuz və akademik sistemə siyasi müdaxilə adlandırıb.
Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilə təyin edilib. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərin erkən keçirilməsini tələb edir. Bu məqsədlə bir neçə gün sonra partiyanın namizədinin müəyyən edilməsi ilə bağlı seçki olmalı idi.
- Bir il əvvəl Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə seçkilərdə qalib gəlib. Həmin vaxt bələdiyyə seçkilərində müxalif CHP nümayəndələri İstanbul və Ankara da daxil olmaqla, Türkiyənin 30-dan çox bölgəsində səslərin çoxunu qazanıblar.
- İstanbul 15 milyondan çox əhalisi ilə Türkiyənin ən böyük şəhəridir. 2023-cü il prezident seçkisindəki qələbəsindən və müxalifət koalisiyasının dağılmasından sonra R.T.Ərdoğan İstanbulu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nəzarətinə qaytarmağa ümid edirdi.