Türkiyədə 1 ABŞ dolları 40 lirə (TRY) həddini keçərək rekordunu yeniləyib.
Martın 19-da Bakı vaxtı ilə 11:38-də 1 dollar 40 TRY həddini keçərək 40.8140 TRY səviyyəsinə qədər yüksəlib. Daha sonra isə dollar 38.90 lirəyə düşüb. Ümumilikdə son bir gündə Türkiyə lirəsi dollar qarşısında 11 faiz civarında ucuzlaşıb.
Bu gün, martın 19-da olan kəskin ucuzlaşma siyasi amillərlə izah edilir. Martın 19-u səhər saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlu saxlanıb. Dövlət "Anadolu" agentliyinin məlumatına görə, prokurorlar onun, o cümlədən iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxsin saxlanması barədə göstəriş verib. Onlara cinayətkar təşkilata rəhbərlik, üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tender nəticələrinin saxtalaşdırılması maddələri ilə ittihamlar verilib.
Ə.İmamoğlu və qalan saxlanılanlar ittihamları qəbul etmirlər.
"Azərbaycana gələn malların ucuzlaşmasına, gedən malların isə..."
Lirənin kəskin dəyər itirməsinin iqtisadi təsirlərinə gəldikdə, iqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna deyib ki, bu, Türkiyədən Azərbaycana gələn malların ucuzlaşmasına, gedən malların isə bahalaşmasına səbəb ola bilər: "Amma biz Türkiyəyə, əsasən, neft və qaz satdığımızdan böyük təsiri olmaz. Amma, təbii ki, ixrac etdiyimiz qeyri-neft məhsulları bahalaşmış olacaq ki, bu da ixrac həcminə mənfi təsir göstərə bilər".
Başqa bir iqtisadçı Natiq Cəfərli isə vurğulayır ki, Türkiyə lirəsinin dəyərdən düşməsinin hansı səviyyəyə qədər davam etməsi önəmli məsələdir: "Hələlik, siyasi proseslərə görə dollarda ciddi yüksəliş var. Ümumiyyətlə, səhmlərin qiyməti düşür, birja səhər saatlarında fəaliyyətini dayandırmışdı. Əgər bu tendensiya davamlı şəkildə gedərsə, onun ticarət tərəfdaşlarına, o cümlədən Azərbaycana da təsirləri olacaq".
"Bizdə bu mexanizm işləmir"
İqtisadçının vurğulamasına görə, lirə ucuzlaşırsa, Türkiyə malları da məntiqlə Azərbaycanda ucuzlaşmalıdır: "Çünki daha ucuz başa gəlir, dollara nisbətən götürüləndə. Amma, təəssüf ki, çox zaman bizdə bu mexanizm işləmir. Yəni, Azərbaycanda qiymətlər Türkiyədəki qiymətlərdən daha yüksəkdir. Bunun da Azərbaycana xas xüsusiyyətləri var".
N.Cəfərli əlavə edir ki, bundan əvvəl də lirə ucuzlaşanda bu, Azərbaycandakı Türkiyə mallarının qiymətlərinə o qədər də ciddi təsir göstərməyib: "Bu, həm bizdə gömrük rüsumlarının, vergilərin yüksək olmasıdır, həm də bizdə bu oyunçu sayının az olmasıdır ki, bazarda rəqabətli mühitə mənfi təsir göstərir".
Azərbaycanın hökumət rəsmiləri isə ölkədə rüsumların, vergilərin yüksək olması ilə bağlı deyilənləri bir elə də qəbul etmirlər. Onların fikrincə, ölkədə azad biznesin inkişafı və rəqabətli mühit üçün bütün imkanlar yaradılıb.